Avropada meymunçiçəyi virusuna yoluxma halları aşkar ediləndən sonra “Covid-19” pandemiyasına dair bəzi yalan iddiaları internetdə və sosial media platformalarında yenidən yaymağa başlayıblar.
Meymunçiçəyi virusu yeni qapanmalara səbəb olacaqmı?
Lent.az BBC-yə istinadən xəbər verir ki, meymunçiçəyi virusuna görə səyahətlərə yenidən məhdudiyyət qoyulacağı iddiası xüsusilə də “TikTok”da çox yazılır. Hətta abunəçilərdən biri izləyicilərini “meymunçiçəyi qapanmalarına və zorakılıqlarına hazır olmağa” çağırıb.
Bəzi şəkillərdə isə “Covid-19” dövrünə aid “Evdə qalın, həyat qurtarın” şüarı yazılıb.
Yeni virusla bağlı narahatlıqlar başadüşülən olsa da, alimlər onun “Covid-19”-dan fərqləndiyini, yoluxuculuq qabiliyyətinin daha az olduğunu bildirirlər.
Artıq meymunçiçəyi virusuna qarşı peyvənd də var.
Təcrübə göstərir ki, xəstələr meymunçiçəyi virusunu yalnız simptomlar ortaya çıxandan sonra ötürə bilirlər və bu, yoluxma faktlarını aşkar etməyi və onların qarşısını almağı asanlaşdırır.
“Buna görə də virusa qarşı tədbirlər arasında qapanmalar və ya kütləvi vaksinasiya olmayacaq” – Oksford Universitetinin Pandemiya Elmləri Mərkəzinin professoru Peter Horby belə deyir.
Amma virusa yoluxmuş şəxslərə və onların yaxınlarına karantin tətbiq edilir, peyvənd vurulur.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) adından danışan Rosamund Lewis kütləvi vaksinasiyaya ehtiyac olmadığını bildirib. ÜST səyahət qadağalarına da ehtiyac görmür.
Meymunçiçəyi virusu laboratoriyada hazırlanıb?
Çin, ABŞ, Rusiya və Ukraynadakı bəzi sosial media hesablarında və hətta bəzi xəbər mənbələrində virusun laboratoriyada istehsal edildiyi və bioloji silah kimi istifadə oluna biləcəyi iddiaları yer alıb.
Ancaq virusun DNT ardıcıllığına baxaraq mənşəyini müəyyən etmək mümkündür. Genetika alimi Fatima Tokhmafshan bu üsulu bir poçt bağlamasının ştrix-kodunu oxumaqla marşrutunu izləməyə bənzədir.
Virusun genetik ardıcıllığı xəstəliyin geniş yayıldığı Qərbi Afrika virusunu nişan verir, bu isə “onun laboratoriyada istehsal olunmadığını göstərir”.
Meymunçiçəyi virusuna yoluxma halları Britaniyada 2018 və 2021-ci illərdə, ABŞ-da isə 2021-ci ildə qeydə alınıb, mənbəyinin səyahətlər və heyvan ticarəti olduğu təsbit edilib.
Horby deyir ki, “İndiki yoluxmaların eyni səbəblərdən olması çox inandırıcıdır, indiyə qədərki ən inandırıcı ssenari budur”.
Britaniyada koronavirusa ilk yoluxma Nigeriyaya getmiş bir şəxsdə aşkarlanmışdı.
Horby meymunçiçəyi virusunun laboratoriyadan çıxdığına dair iddialara cavab olaraq “Qətiyyən belə deyil, bunu təsdiq edəcək bircə dəlil belə yoxdur” deyir.
“Planlaşdırılmış epidemiya”?
İnternetdə yayılan başqa bir iddiaya görə, meymunçiçəyi epidemiyası əvvəldən planlaşdırılıb və əlbəttə ki, bu dəfə də Bill Gates və Enthony Fauci kimi şəxslərin adları hallandırılır.
Bu əsassız iddia xüsusilə də Rusiya mediasında, Çinin “Weibo” adlı sosial media tətbiqində və “Instagram”da yayılıb. Eyni iddiaya “Facebook”-un rumın, alman, ingilis, ərəb, fransız, slovak, macar və pəncab mənbələrində də rast gəlmək mümkündür.
Bunu yazanlar ABŞ-ın biotəhlükəsizlik qurumunun – Nüvə Təhdidi Təşəbbüsü (Nuclear Threat Initiative – NTI) təşkilatının sənədinə istinad edirlər.
2021-ci ildə NTI seminar keçirərək dünya liderlərini yeni epidemiya ehtimalına hazır olmağa çağırmışdı.
Həmin tədbirin iştirakçılarına üzərində işləmələri üçün qurama ssenari verilmişdi. Bu ssenaridə “meymunçiçəyi virusunun qeyri-adi və ölümcül variantının dünyanı bürüməsi” real vəziyyət kimi göstərilmişdi.
Bu virusun yaratdığı risklərlə bağlı ətraflı məlumat artıq mövcud olduğu və dünya üzrə yoluxma halları artdığı üçün NTI onu seçmişdi.
Epidemiyalar həyatın bir hissəsidir, ona görə də təşkilatların və hökumətlərin belə proqnozlar verib hazırlıq işləri görməsində şübhəli bir şey yoxdur.
Meymunçiçəyi virusunun “Covid-19” peyvəndləriylə əlaqəsi varmı?
Bu əlaqə ilə bağlı iddialar iki istiqamətdə davam edir. Bəziləri “AstraZeneca” peyvəndinin hazırlanmasında şimpanzelərdə tapılmış bir virusdan – adenovirusda istifadə olunduğunu iddia edir. Halbuki həmin virusun modifikasiya edilib, çoxalması və yayılması mümkün deyil.
Bu tip paylaşımlarda iddia edilir ki, şimpanze virusu daxil edilmiş peyvəndlərlə meymunçiçəyi epidemiyası arasında əlaqə var.
Amma yeni virus “AstraZeneca” peyvəndindəki adenovirusdan tamamilə fərqli bir ştamdır və onun əsasən gəmiricilərdə olduğu təxmin edilir.
Digər oxşar iddiada “Covid-19” peyvəndlərinin immun sistemini zəiflətdiyi və insanları digər infeksiyalara qarşı daha zəif hala gətirdiyi bildirilir.
Bu iddianın da heç bir əsası yoxdur. Peyvəndlər immun sistemini zəiflətmir; əksinə, digər viruslara qarşı daha dözümlü edir.
Peyvəndlərə qarşı anadangəlmə autoimmun reaksiyası çox az adamda var. Bu zaman orqanizm özü özünə hücum etməyə başlayır. Amma vaksinlərin insanları digər xəstəliklərə qarşı zəiflətdiyini iddia etmək üçün heç bir dəlil yoxdur.