Əlcəzair polisi meşə yanğınları törətməkdə şübhəli bilinən şəxslərin linç edilməsi ilə əlaqədar 36 nəfəri saxlayıb.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, Əlcəzairin Baş Prokurorluğundan verilən məlumata görə, avqustun 11-də Tizi-Uzu əyalətinin Larbaa-Nat-İraten şəhərində bir qrup şəxs meşə yanğınlarında şübhəli bildikləri 3 nəfəri saxlayaraq döyməyə başlayıblar. Polis müdaxilə edərək həmin 3 nəfəri polis orqanına aparıb, lakin asayiş keşikçiləri onlardan birini polis bölməsindən çıxarmağı bacarıblar.
Həmin şəxs – Camel Bensmail şəhər meydanında döyülüb və yandırılıb, nəticədə o ölüb. Onu xilas etməyə çalışan polis əməkdaşları da yaralanıb.
“İstintaq zamanı üçü qadın olmaqla 36 nəfər saxlanılıb. Onların arasında Camel Bensmaili bıçaqlayan kişi və camaatı cəsədi yandırmağa təhrik edən bir qadın da var”, - deyə polis müfəttişi Məhəmməd Şakur “APS” agentliyinə bildirib.
Cinayətlə əlaqəsi olan bütün şəxslərin tutulması üçün istintaqın davam etdiyi vurğulanıb.
Qeyd edək ki, Əlcəzairin şimalında bir neçə gündür ki, meşə yanğınları ilə mübarizə aparılır. Güclü külək və isti hava vəziyyəti daha da çətinləşdirib. Son bir gündə 12 əyalətdə 33 meşə yanğını, Tizi-Uzu əyalətində 100 min başdan çox heyvan tələf olub, 25 min hektardan çox meşə plantasiyası məhv edilib.
Əlcəzair rəsmilərinin bildirdiyinə görə, yanğınlar nəticəsində artıq 69 nəfər həyatını itirib. Ölənlərin xatirəsinə üç günlük matəm elan edilib.