Göyərtəsində hantavirus yayılmış MV Hondius kruiz gəmisi Kabo-Verde sularını tərk edərək İspaniyaya məxsus Kanar adalarına istiqamət alıb.
Lent.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Məlumata görə, gəmi üç gündən sonra Tenerifedəki Qranadiliya limanına çatmalıdır.
Kabo-Verde hakimiyyəti gəminin paytaxt Prayanın limanına daxil olmasına icazə verməyib və o, təxminən üç sutka limanın reydində lövbərdə qalıb.
Hazırlıq işlərindən sonra göyərtədən Böyük Britaniya, Almaniya və Niderland vətəndaşı olan üç nəfər hantavirus şübhəsi ilə təxliyə olunub. Onlar xüsusi tibbi reyslərlə Niderland və Kanar adalarına göndərilmək üçün Praia beynəlxalq hava limanına çatdırılıblar. Həmin şəxslərdən ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Ümumdünya Səhiyyə Təşkilatı gəmidə hantavirusun səkkiz yoluxma halının qeydə alındığını açıqlayıb. Yoluxanlardan üç nəfər həyatını itirib.
Cənubi Afrika Respublikasının səhiyyə naziri Aaron Motsoaledi bildirib ki, mütəxəssislər ölümə səbəb olan hantavirus növünü müəyyən ediblər. Söhbət yaxın təmas zamanı insandan insana keçən “Andes” ştammından gedir.