Lionda naməlum iğtişaşçı polis əməkdaşlarına atəş açıb, onlardan 7-si yaralanıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə şənbə günü “Le Figaro” qəzeti məlumat yayıb.
İğtişaşlar zamanı Lionda və onun ətrafında yaralanan 27 polis məmurundan yeddisi pompalı ov tüfəngindən açılan atəş nəticəsində yaralanıb. Polislərdən biri gözündən güllə yarası alıb və əməliyyat olunacaq.
Qeyd olunur ki, naməlum şəxs bir neçə on metr məsafədən atəş açıb və qaça bilib. Lion prokurorluğu araşdırmaya başlayıb.
Şənbə gecəsi Fransa hakimiyyəti etirazçı kütləni sakitləşdirmək üçün əvvəlki gecə ilə müqayisədə daha çox güc tətbiq edib. Küçələrdə təhlükəsizliyi təmin etmək üçün 45 min polis əməkdaşı cəlb olunub. Ötən gün isə bu rəqəm 40 min idi. Bundan əlavə, hakimiyyət 18 zirehli transportyordan ibarət milli jandarmın zirehli dəstəsindən istifadə etmək qərarına gəlib.
Gecə ərzində 994 mitinq iştirakçısı saxlanılıb. Avtoxuliqanlarla toqquşmada 79 polis və jandarm yaralanıb. 1350 avtomobil yandırılıb, 234 binaya ziyan dəyib.
Ötən gecə ən böyük iğtişaşlar Marsel, Lion, Tuluza, Bordo, Sent-Etyen, eləcə də Parisətrafı qəsəbələrdə, xüsusən də Sen-Denidə baş verib.