Əfsanə killer, onlarla qətl, rus gözəli ilə eşq:  Dəmiryolçu balası Rusiyanı necə lərzəyə saldı?
13 yanvar 2022 18:05 (UTC +04:00)

Əfsanə killer, onlarla qətl, rus gözəli ilə eşq: Dəmiryolçu balası Rusiyanı necə lərzəyə saldı?

Cəmi 37 il yaşamışdı. Amma bu 37 ilə elə, bu qısa ömrə elə şeylər sığmışdı ki, sonradan onun haqqında filmlər çəkiləcək, kriminal serialların prototipi olacaqdı. Çünki onun qurbanlarının sayı onlarla idi.

1960-cı ildə Kurqanda doğulmuşdu. Atası dəmiryolçu, anası evdar qadın idi Saşa Solonikin. Orta məktəbi bitirdikdən sonra texnikuma daxil olmuşdu. Amma ikinci kursda qumar oynadığına görə, qovulmuşdu.

Sonra hamı kimi hərbi xidmətə yollanmış, xidmətdən qayıtdıqdan sonra yol milisində işə düzəlmişdi. Amma burda cəmi 6 ay tab gətirmişdi. Onu milisdən də qovmuşdular.

27 yaşında zorlama ittihamı ilə 8 il həbs cəzasına məhkum edilmişdi. Amma həbsdən qaça bilmişdi. Hökm oxunandan sonra məhkəmə zalında hakimdən həyat yoldaşını bağrına basmaq arzunu dilə gətirmişdi. Hakim razılaşmışdı. Amma o, mühafizəçilərin ani diqqətsizliyindən istifadə edib ikinci mərtəbədən tullanaraq aradan çıxa bilmişdi.

Amma iki il sonra Tümendə saxlanılmışdı. İşinin üstünə daha dörd il əlavə etmişdilər. Və təsəvvür edin, yenə qaçmışdı həbsxanadan. Hə, o, hələ bir dəfə də həbsxanadan qaçacaq, bundan sonra Avropaya üz tutacaqdı. Buna isə hələ vardı. O, hələ killer deyildi. Hələ haqqında əfsanələr dolaşmamşıdı.

Aleksandr Solonik həbsdən qaçandan sonra saxta pasportla Moskvaya gəlir. Və killer kimi ilk sifarişini icra edir. O, Sibirin məşhur İşimsk qrupunun lideri Nikolay Priçiniçi qətlə yetirir. Bundan sonra silsilə qətllər davam edir.

O , muzdla, böyük pullar müqabilində Rusiyanı adlı-sanlı kriminal avtoritetlərini- Maşkini, “Qlobus”u, onun yaxın silahdaşı Bobonla cangüdəni Qoldini və “Qara Kardinal” ləqəbli avtoritet Otari Kvantrişvilini o dünyaya göndərir. Onun qurbanları arasında iş adamları, bankirlər, deputatlar vardı.

Rusiyalılar Soloniki 1994-cü il oktyabrın 6-da günün günorta çağı Moskvanın “Petrovski – Razumovski” metrostansiyası yaxınlığında yerləşən bazarda dörd milis əməkdaşını güllələdikdən sonra ələ keçəndə tanıdı. Həmin atışmada Solonik də ağır yaralanmışdı. Həkimlər onun deşilmiş böyrəyini kəsib götürmüşdülər. Onun qara ciyərində də zədələr vardı.

Botkinsk xəstəxanasının reanimasiya şöbəsindən onu “Matrosskaya Tişina”da ayrıca kameraya yerləşdirmişdilər.

Onun buradakı həyatına dustaqlar həsəd aparırdılar. Solonikn istifadəsində rəngli televizor, soyuducu, mikrodalğalı soba, kompüter vardı. Hətta yeməyi onun üçün sifarişlə restorandan gətirirdilər.

1995-ci ilin 5 iyulunda Solonik oradan da qaça bilir. Rusiyanın ciddi rejimdə mühafizə olunan həbsxanasından qaçması ölkənin güc strukturlarına böyük zərbə idi.

Qəddar və amansız  Solonikin bir zəif cəhəti vardı: o, qadın düşkünü idi. Saşa tez-tez gözəl xanımları evinə dəvət edirdi. Onun ən uzun sevgi macərası Svetlana Kotova ilə olub. Svetlana 1996-cı ildə keçirilən “Miss Rusiya” yarışmasında birincilik qazanır. Bundan sonra o, Afinaya istirahətə gedir, burada Soloniklə tanış olur. Və onların sevgi hekayəti başlayır.

1997-ci il yanvarın 30-da isə model yoxa çıxır. Həmin il fevralın 2-də Afina polisi Solonikin cəsədini aşkarlayır. O, boğularaq öldürülmüşdü. Killerlə bağlı heç bir sübut aşkar edilmədi. 3 ay sürən araşdırmalar zamanı onun sevgilisi ilə bağlı şübhələr üzə çıxdı. Həmin ilin mayında Svetlananın doğranmış və çamadana yığılmış cəsədi aşkar edilir.

Onların qatili isə düz 25 ildən sonra Yunanıstanda həbs edildi. 

***

Onun sevimli silahı Avstriya istehsalı olan  “Glock 17” pistoleti idi. Deyilənə görə, hər iki əliylə sərrast atırmış. Qurbanının alnı onun ən sevimli nöqtəsi imiş.

Solonik 90-ların əfsanəvi killeri kimi yadda qalmışdı. Onun haqqında “Kurqanlı terminator”, “Terminatorun qayıdışı”, “Aleksandr Solonik”, “Aşiq killer” kimi sənədli filmlər çəkilmişdi. Və hələ də onun ölümü ətrafında özü kimi əfsanələr gəzir. Bitməyən, tükənməyən əfsanələr…

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4860
avatar

Səbuhi Sədəf

Oxşar yazılar