Bir çox göbələk növləri bitki və heyvanlar kimi özünü qoruma mexanizmi olaraq toksinlər istehsal edir. Lakin bəzi zəhərli göbələklər zahirən yeməli növlərə bənzədiyi üçün səhvən toplanır və bu, ölümcül nəticələrə səbəb olur.
Lent.az dünyada ən təhlükəli və ölümcül hesab edilən 9 göbələyin siyahısını təqdim edir.
Solğun amanita (Amanita phalloides)

Bu göbələklər Avropanın bir çox bölgəsində, xüsusilə palıd və fıstıq meşələrində yayılıb və göbələk zəhərlənmələri nəticəsində baş verən ölümlərin əksəriyyətinə səbəb olur. Onların təhlükəliliyi qismən də ona görədir ki, zahirən yeməli və məşhur növlərə, o cümlədən Sezar göbələyinə bənzəyir. Bu göbələyin qəbulu qaraciyər və böyrək çatışmazlığına, sonda isə ölümə gətirib çıxarır.
“Ölüm mələkləri” (Amanita bisporigera, Amanita ocreata, Amanita virosa)

Bir-birinə yaxın üç növdən ibarət olan bu göbələklər Şimali Amerikanın meşələrində, çəmənlik və otlu ərazilərində rast gəlinir. Onların ağ papağı və lövhəcikləri var. Tərkibində olan amatoksinlər son dərəcə zəhərlidir. Qan dövranı vasitəsilə yayılaraq hüceyrə metabolizmini pozur və qaraciyər, ürək də daxil olmaqla bir çox orqanı zədələyir.
Foliotina (Pholiotina rugosa)

Qırmızı-qəhvəyi rəngli, zahirən diqqət çəkməyən bu göbələk əsasən Sakit okeanın şimal-qərb sahillərində yayılıb. Konusvari qəhvəyi papağına görə bəzən psilosib göbələklərlə səhv salınır.
Qəbuldan 6–24 saat sonra ağır mədə-bağırsaq əlamətləri yaranır. İlkin mərhələdə qida zəhərlənməsi kimi qiymətləndirilə bilər, lakin daha sonra sürətlə qaraciyər çatışmazlığı inkişaf edir və vaxtında müdaxilə olunmazsa ölüm baş verə bilər.
Paxtalı göbələk (Cortinarius növləri)

Cortinarius rubellus və Cortinarius orellanus növləri böyrəkləri zədələyən orellanin adlı mikotoksin ehtiva edir. Bu toksinin təsiri çox gec üzə çıxır simptomlar bəzən yalnız iki həftə sonra meydana çıxır. Həmin vaxtadək böyrəklərdə ciddi zədələnmə baş verir. Antidot mövcud deyil, əsas müalicə üsulu hemodializdir. Müalicə olunmadıqda ölüm riski yüksəkdir.
Kənarlı qaleriya (Galerina marginata)

Bu göbələk də qaraciyər və böyrəkləri məhv edən amatoksinlər ehtiva edir. Onun qəbulu ağır mədə-bağırsaq pozuntularına, orqan çatışmazlığına və vaxtında tibbi yardım göstərilməzsə ölümə səbəb ola bilər.
Şimal yarımkürəsində geniş yayılıb və əsasən iynəyarpaqlı ağacların üzərində və ya yaxınlığında kiçik qruplar halında bitir.
Qəhvəyi-qırmızı lepiota (Lepiota brunneoincarnata)

Ağ-qəhvəyi rəngli bu göbələk zahirən zərərsiz göründüyü üçün tez-tez şampinyon kimi yeməli növlərlə səhv salınır. Xüsusilə bağlarda bitdiyi üçün insanlar tərəfindən yığılarkən zəhərlənmə halları baş verir. Avropanın bir çox ölkəsində, o cümlədən Ukraynada yayılıb.
Yalançı quzuqulağı (Gyromitra növləri)

Bu göbələk qiymətli və dadlı həqiqi quzuqulağına çox bənzəyir. Lakin tərkibində ölümcül girromitrin toksini var. Orqanizmdə parçalandıqda monometilhidrazinə çevrilir. Bu maddə raket yanacağı kimi də istifadə olunur və mərkəzi sinir sisteminə təsir göstərir. Nəticədə ağır nevroloji və mədə-bağırsaq simptomları yaranır, ağır hallarda isə ölüm mümkündür.
Milçəkqovan (Amanita muscaria)
Bu növ həm zəhərli, həm də psixoaktiv maddələr ehtiva edir. Simptomlar dəyişkəndir sayıqlama və hallüsinasiyalardan tutmuş qıcolma və komaya qədər müxtəlif hallara səbəb ola bilər. Bu göbələyi qəbul edən şəxslərdə qeyri-sabit və təhlükəli davranışlar müşahidə oluna bilər.
Nazik svinuşka (Paxillus involutus)

Bu göbələk uzun müddət bişirildikdən sonra yeməli hesab olunurdu və 1940-cı illərə qədər Mərkəzi və Şərqi Avropada geniş istehlak edilirdi. Lakin 1944-cü ildə alman mikoloq Yulius Şefferin məhz bu göbələkdən zəhərlənərək vəfat etdiyi müəyyən edilib.
Hazırda məlumdur ki, bu növ bəzi insanlarda autoimmun reaksiyaya səbəb olur. Orqanizm öz qırmızı qan hüceyrələrinə hücum edir ki, bu da böyrək çatışmazlığına, kəskin tənəffüs çatışmazlığına və hətta ölümə gətirib çıxara bilər.