Gürcüstanda din xadiminin evindən oğurluq edilib. Soyğunçular evdən 36 min ABŞ dolları məbləğində pul, 1 kiloqrama yaxın qızıl, o cümlədən, antik əşyalar aparıblar.
Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, qarət olunan Sameba kafedral kilsəsinin yepiskopu Teymuraz Berişvili faktla bağlı polisə müraciət etməyib.
O deyib ki, oğurluq edənlərin kimliyi ona məlumdur. Lakin küçə qanunlarını yaxşı bildiyi üçün onların adlarını açıqlamayacaq.
Yepiskopun sözlərinə görə, soyğunçular onun evindən 1 kiloqrama qədər qızıl, 4 ədəd Çar Nikolay dövründən qalmış qızıl sikkə, bir neçə qızıl saat, o cümlədən “Omeqa” brend saatı və brilyant qaşlı üzük aparıblar.
Onun sözlərinə görə, bütün qızıllar kilsəyə edilən ianə və yardımlar hesabına toplanıb. Qızılın hesabına kilsəyə xüsusi qablar alınmalı idi. Oğurlanan pulla isə o, Raça regionuna getmək üçün xüsusi avtomobil almaq istəyib.
“Lakin onlar evdəki silahları götürməyiblər. Evdə 1 ədəd PM tipli tapança, tüfəng, 1940-cı illərə aid Naqan tipli tapança, eləcə də Rossi markalı tüfəng olub” – deyə, yepiskop vurğulayıb.
Bəzi məlumatlara görə, polis faktla bağlı artıq bir nəfəri saxlayıb. Saxlanılan şəxsin ailəsi və vəkili isə onun oğurluqda əli olmadığını iddia edirlər.