Livan Bankları Assosiasiyası (LBA) narazı əmanətçilərin yeni hücum dalğası səbəbindən müştərilərinə xidmətləri müvəqqəti dayandırdığını elan edib.
Lent.az xəbər verir ki, bu barədə LBA "Twitter"də paylaşım edib.
Qeyd olunub ki, işçilərin təhlükəsizliyini təmin etmək və əmlaka dəyən zərərin qarşısını almaq üçün maliyyə qurumları iyulun 21-dən etibarən qeyri-müəyyən müddətə bağlı qalacaq.
Xatırladaq ki, iyulun 18-də naməlum şəxs “Kredit Libanais” bankının Şxim şəhərindəki filialına qumbaraatanla daxil olaraq 3 il əvvəl maliyyə böhranı səbəbindən dondurulmuş hesabdan 35 min dolların ona qaytarılmasını tələb edib.
Müalicə üçün ödəməli olduğu məbləğin bir hissəsini alan cinayətkar mühafizəçilərə təslim olub.
Oxşar hadisələr iyulun 19 və 20-də Antellas, Beyrut və Bint Jbeildə baş verib.
Çərşənbə günü LBA səlahiyyətlilərdən bank ofislərinin hücumlardan qorunmasını tələb edib, lakin hökumət müvafiq tədbirlər görməyib.