İtaliyada mövcud olmayan dövlətin pasportunu sataraq yüzlərlə insanı aldadan dəstə yaxalanıb.
Lent.az Azərtaca istinadla xəbər verir ki, dəstə üzvləri “San Giorgio Teokratik Antarktika Dövləti” adlı uydurma ölkənin pasportunu 700-dən çox insana sataraq 400 min avro qazanıb.
İtaliyanın cənubundakı Katanzaro şəhərində həyata keçirilən əməliyyatda fırıldaqçı dəstə üzvü olmaqda şübhəli bilinən 12 nəfər saxlanılıb. Aralarında təqaüddə olan general, həkim və vəkillərin də olduğu şübhəlilər mövcud olmayan ölkənin pasportunu satmaqda ittiham olunurlar.
Bildirilir ki, dəstə üzvləri “San Giorgio Teokratik Antarktika Dövləti” adlı saxta ölkənin pasportunu alanlara vergi güzəşti, diplomatik qorunma və COVID-19 peyvəndindən azad olunma kimi vədlər veriblər. Fırıldaqçı dəstə saxta dövlətə məxsus adi pasportu 200 avroya satıb, zadəgan təbəqəyə daxil olmaq istəyənlərdən isə 1000 avro alıb.
Dəstə üzvlərinə qarşı dələduzluq, saxta sənədlərin hazırlanması və çirkli pulların yuyulması da daxil olmaqla bir sıra ittihamlar irəli sürülüb.