Azərbaycanlı oliqarx Nizami Piriyevin oğlu Nəsib Piriyev İngiltərənin məşhur klubu “Vest Hem”in səhmlərini almaq istəyir.
Lent.az-ın məlumatına görə, bu barədə “Hammers News” xəbər yayıb.
Xəbərdə bildirilir ki, Piriyev bu məqsədlə 400 milyon funt-sterlinq ayırmağa hazırdır. Nəşrin yazdığına görə, Nəsib Piriyev yaxın günlərdə klubun gələcəyi ilə bağlı öz planlarını açıqlayacaq.
Xatırladaq ki, Piriyevin atası Nizami Piriyev 1958-ci ildə Gəncədə anadan olub. 1992-2002-ci illərdə «PNN Arkansas Inc» neft-qaz şirkətinin prezidenti kimi fəaliyyət göstərən Piriyev sonradan Rusiyanın "StroyTransGasOil" neft-qaz şirkətinin baş direktoru olub. 2006-ci ildə Bakıya qayıdıb və burada iş qurub.
2007-ci ilin oktyabrından həmçinin Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatasının Azərbaycandakı nümayəndəliyinə rəhbərlik edib.
Nizami Piriyevin adı Azərbaycan oxucularına daha çox 2009-cu ildə Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyr Azərbaycana səfər edən zaman tanış oldu. Bleyri Azərbaycana gətirən Piriyev onu Qaradağda tikilən AzMeCo metanol zavoduna aparmış, həmçinin şirkətlə bağlı tədbirdə iştirak etmişdi. O zaman bildirilirdi ki, bunun üçün şirkət Toni Bleyerə 200 min funt-sterlinq qonorar ödəyib.
Nizami Piriyevin şirkətlərinin bir hissəsinə isə N. Piriyevin oğlu Nəsib Piriyev rəhbərlik edir. Ümumilikdə Piriyevlər ailəsinin orta Asiyada - Özbəkistanda, Qırğızıstanda və Əfqanıstanda neft və qaz zavodları Özbəkistanda ayaqqabı istehsalı biznesi var.
Bundan əlavə ABŞ-da qeydiyyatdan keçən «PNN Group» holdinq «De Bers» və «Hamleys» şəbəkəsinin Azərbaycan və Ukrayna üzrə distrübiteridir.
Oğul Nəsib Piriyev Londonda American İnternational Universitetini bitirib. Media prodüseri və biznesmendir. Nəsib atasının şirkətində maliyyə və strateji inkişaf məsələlərinə baxır.