ABŞ-da soyuq qərb küləyi əsir. Ölkə qarışıb. Seçkinin nəticələrinə etiraz edən Tramp tərəfdarları Konqress binasına girərək iğtişaş törədiblər. Son məlumatlara görə, polisin müdaxiləsi nəticəsində 4 nəfər həlak olub, yaralananlar var.
Artıq bir çox Qərb KİV-i ABŞ-ın anarxiyaya doğru sürükləndiyini iddia etməkdədir. Hazırda ABŞ-da keçirilmiş son seçkilərin saxtalaşdırılması ilə bağlı D.Tarmpın və tərəfdarlarının iddiaları, hətta ölkə başçısı tərəfindən keçirilmiş seçkilərin üçüncü ölkələrin səviyyəsindən də aşağı olması barədə irəli sürdüyü fikir ekspertlər tərəfindən Amerika demokratiyasının artıq iflas həddində çatması kimi səciyyələndirilir.
Bu günlərdə Amerika Konqresində baş verən hadisələr isə təkcə demokratiyanın böhranı kimi yox, həm də supergüc dövlətin əsaslarını sarsıdan hadisə kimi qiymətləndirilir. Təsadüfi deyil ki, dünya mediası ABŞ-la qeyri-stabil siyasi sistemə malik ölkələr arasında paralellər aparır. Etirazlar tədricən Vaşinqtondan bütün ölkəyə yayılmaqdadır. Bu gün ABŞ-ın Atlanta şəhərində bir qrup Tramp tərəfdarı silahlarla əyalət binasına doğru yürüş edib Pensilvaniya qubernatoru baş verənləri dövlət çevrilişi adlandırıb. ABŞ prezidenti Donald Tramp isə tərəfdarlarını polisə qarşı diqqətli olmağa çağırıb. Göründüyü kimi, özünü dünyada demokratiyanın beşiyi sayan ABŞ-da belə hakimiyyət uğrunda gedən mübarizə kütləvi iğtişaşlarla müşahidə olunur.
Politoloq Tofiq Abbasov mediaya açıqlamasında bildirib ki, Baydenin rəsmən prezident elan olunması və hazırkı prezidentin bununla barışmaması bir daha təsdiq edir ki, demokratiya prinsiplərinə dönük çıxan elə ABŞ-ın özüdür. Deməli, bu qənaətə gəlmək olar ki, ABŞ və Qərb ölkələri üçün demokratiya başqalarına təzyiq etməkdən ötrü bir alətdir.
“Biz görürük ki, müxtəlif ölkələrdə baş verən eyni hadisələrə yekdil münasibət ortaya qoyulmur. Bütün bunlar bir daha təsdiq edir ki, bu ölkələr öz yolu ilə getmək istəyən ölkələrə demokratiya adı ilə təzyiqlər göstərirmiş. Bütün bunların təzahürlərini biz özümüzə münasibətdə də görmüşük. Bir daha təsdiqlənir ki, bizim ölkə olaraq getdiyimiz yol çox düzgündür. Çünki bizə nəyin lazım olduğunu hamıdan yaxşı özümüz bilirik. Ermənistanın Azərbaycana təcavüzündə biz onların nə dərəcədə saxta olduğunu gördük. Bir milyon qaçqının taleyi ilə bağlı 30 il ərzində prinsipial mövqe ortaya qoymadılar”.
Bu yerdə bir məqamı da xüsusi vurğulayaq ki, ABŞ polisinin davranışını Azərbaycan polisinin davranışı ilə müqayisə etmək belə mümkün deyil. Əgər bu və ya digər etiraz aksiaysı zamanı Azərbaycan polisi dözümlü, etika çərçivəsində davranırsa, ABŞ polisinin sərt metodlardan istifadəsi göz önündədir. Əslində, istər sabiq prezident B.Obamanın, istərsə də D.Trampın dövründə ABŞ-da mövcud durum demokratiyadan geri çəkilmə, insan hüquqlarının kobud şəkildə pozulmasının tendensiyaya çevrilməsi, polis qəddarlığı və s. kimi xarakterizə olundu. Qaradərili əhaliyə qarşı sərt davranış, onların polislər tərəfindən qətlə yetirilməsi və bununla əlaqədar geniş sosial etirazlar, insanların öz hüquqlarını müdafiə etmək və sərbəst şəkildə fikirlərini çatdırmaq hüququnun qarşısının sərt şəkildə alınması, etirazçılara qarşı şiddət tətbiqinin geniş miqyas alması antidemokratiyanın nümunələri kimi səciyyələndirilir.
Bu arada Vaşinqtonda baş vermiş iğtişaşlardan sonra ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Metyu Pottincer istefa verib. O, istefa qərarını prezidentin Konqresə edilən hücuma reaksiyası ilə əlaqələndirib. Bundan başqa, D.Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert O'Brayen və Ağ Ev aparat rəhbərinin müavini Kris Liddellin istefası gözlənilir.
Dünyanın aparcı KİV-i də ABŞ_da baş verənlərlə bağlı mövqe ortaya qoyublar.
“The Guardian” hətta keçmiş prezidentin dövlət çevrilişini həyata keçirmək istədiyini bildirib. Qəzetin redaksiya yazısında Trampın əsas məqsədinin “Co Baydenin prezidentliyinin legitimliyini şübhə altına alaraq, onun gələcək administrasiyasının gücünü azaltmaq” olduğu yazılıb.
“İndependent” Donald Trampın vaxtilə “Amerikanın 3-cü dünya ölkəsi halına gəldiyi” barədə sözlərini xatırladaraq, indi onun öz davranışları ilə Birləşmiş Ştatları hakimiyyətlərin zorakılıqla ötürüldüyü dövlətə çevirdiyini bildirib. Qəzet son proseslərin amerikalılar üçün dərs xarakteri daşıdığını və Tramp kimilərin bir daha iqtidara gəlməməli olduğunu qeyd edib.
“Daily Telegraph” keçmiş prezidentdən başqa onun mənsub olduğu Respublikaçılar partiyasının öndə gələn xadimlərini suçlayıb. Qəzetin fikrincə, respublikaçılar vaxtilə Trampı müdafiə etməklə “Pandora qutusu”nun qapağını açmış olublar. “Kapitolidəki insident onu göstərir ki, “trampizm” əslində heç bir yerə getməyib və bundan sonra da Respublikaçılar partiyasının önəmli kəsimindən dəstək görəcək”,-deyə məqalədə yazılıb.
“The New York Times” Donald Trampın prezident kürsünüə əyləşəndən bu yana sui-qəsd nəzəriyyələrinə aludə olduğunu və rəqibləri ilə ilə kobud davrandığını önə sürüb: “Məhz bunun nəticəsində qəzəbli kütlə vəzifəsinə yapışıb qopmaq istəməyən liderinin qızışdırması nəticəsində Kapitoliyə hücum çəkib”.
“NYT” 2021-ci ilin yanvarın 6-nın ABŞ tarixinin ən qara günlərindən biri olaraq səciyyələndirib.