ABŞ Konqresi Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Komitəsi Mərkəzi Kəşfiyyat İdarəsində (MKİ) təqib və cinsi zorakılıq hallarını, eləcə də işçilərin şikayətlərinə cavab verilməsi ilə bağlı pozuntuları araşdırır.
Lent.az bildirir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, yanvar ayından bəri MKİ-nin azı üç əməkdaşı komitəyə müraciət edib. Onlar deyiblər ki, MKİ-də işçiləri təzyiqlərlə bağlı şikayət verməkdən çəkindirirlər.
Araşdırma qadınlardan birinin həmkarının ona fiziki təzyiq göstərdiyini və dəfələrlə zorla öpməyə çalışdığını iddia edərək Konqresin komitəsinə müraciətindən sonra başlayıb. Əməkdaş hüquq-mühafizə orqanlarına və idarənin bir sıra şöbəsinə şikayət etsə də, heç bir cavab verilməyib.
Əməkdaşın sözlərinə görə, MKİ təhlükəsizlik xidməti onu hədələyib ki, şikayətlər onun agentlikdəki karyerasına son qoyacaq. Onun vəkili Kevin Kerroll bildirib ki, Konqresə müraciət etməyi planlaşdıran bütün qadınlar oxşar təhdidlər alıb. O əlavə edib ki, son on ildə 54 əməkdaş cinsi zorakılıq və ya təzyiq qurbanı olub, lakin onların işlərinə lazımi qaydada baxılmayıb.
Konqresin komitə sədri Mayk Turner və komitə üzvü Cim Hayms vəziyyəti araşdırmaq üçün Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Bernsə müraciət ediblər və qarşı tərəf əməkdaşlıq etməyə hazır olduqlarını təsdiqləyib.