Türkiyənin Müdafiə naziri: “Rusiya ilə qarşıdurma yaratmaq niyyətimiz yoxdur”
21 fevral 2020 01:58 (UTC +04:00)

Türkiyənin Müdafiə naziri: “Rusiya ilə qarşıdurma yaratmaq niyyətimiz yoxdur”

 

“Rusiya ilə qarşıdurma yaratmaq niyyətimiz yoxdur. Görüşlər, danışıqlar davam edir”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Müdafiə naziri Hulusi Akar “CNN Türk”ə müsahibəsində bu fikirləri bildirib.

Nazir deyib ki, Suriyanın şimalında Türkiyə ordusunun müşahidə məntəqələri fəaliyyətdədir və geri çəkilməyəcək: “Suriyada demokratik bir mühit nə zaman yaranarsa, Əsədin zülmü nə zaman bitərsə, Türkiyə ərazidən o zaman çəkiləcək. Orada insanların yaşadığı faciələrdən hər kəs xəbərdardır, Türkiyənin əzminə hörmətlə yanaşırlar, amma bunu təkcə sözdə yox, əməldə də göstərmək lazımdır”.

Hulusi Akar deyib ki, hazırda Türkiyə Silahlı Qüvvələri (TSK) Türkiyə Prezidentinin təlimatı üzrə hərəkət edir: “Suriya üzrə A, B, C planları hazırdır, yeri gəldikdə tətbiq olunar”.

Nazir bildirib ki, ölkəsinin hüquq və maraqlarını qorumaq baxımından, Rusiya, Çin və İran kimi ölkələrlə də Türkiyə öz maraqlarına əsaslanaraq əlaqələrini qurub: “Məsuliyyətimizi anlayırıq. Biz NATO üzvüyük. Bu görüşlər heç vaxt NATO-ya üzv olmağımıza qarşı deyil. Heç kim bizi kənarda tutmağa cəhd etməməlidir. NATO ilə bir problemi yaşamaq NATO-dan çıxmaq demək deyil”.

Türkiyənin silah ehtiyacı və silah dəstəyi mövzusuna da toxunan nazir S-400 zenit-raket sisteminin fəaliyyətə keçəcəyini, aprel ayından bu istiqamətdə yeni işlər görüləcəyini deyib: “Biz S-400-ü məcburiyyətdən aldıq. Çıxış yolu olsaydı, biz "Patriot" da alardıq. Çünki bizim yenə də havadan müdafiə sisteminə ehtiyacımız var. Bir məsələ də unudulmasın, biz F-35-lərin ortağıyıq, sifarişçisi deyil. Bizə qarşı atılan bu addımlar hüquqaziddir. Anlaşdıq və F-35-lər üçün 1,5 milyard dollar ödədik, 2,1 milyard dollara qədər də ödəmələrimiz var. Biz məsuliyyətimizi anlayıb, şərtlərə uyğun hərəkət edirik. ABŞ və digər ölkələri də öz məsuliyyətlərini anlamağa dəvət edirik”.

Hulusi Akar deyib ki, hazırda ABŞ-la əsas YPG/PKK məsələsi ilə bağlı anlaşılmazlıq var: “Barış bulağı” əməliyyatı terrorçuların terror dəhlizi yaratmaq planını pozub. Hazırda Türkiyənin nəzarətində olan “Barış bulağı” əməliyyatı bölgəsində hələ də terror hücumları davam edir, amma bu hücumlar getdikcə azalmaqdadır. Hətta məktəblərin bəziləri, məscidlər, kilsələr fəaliyyətə başladı, həyat bu ərazidə normallaşmağa doğru gedir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1715
avatar

Oxşar yazılar