Çinin “ByteDance” şirkəti sahibi olduğu “TikTok” onlayn video mübadilə xidmətinin ABŞ-dakı seqmentini 12 milyard dollara ABŞ-ın “Oracle” və “Walmart” şirkətlərinə satmaq niyyətindədir.
APA-nın xəbərinə görə, bu barədə bu gün “Bloomberg” agentliyi məlumat yayıb.
“ByteDance” “TikTok”-un dəyərinin 60 milyard dollar qiymətləndirilməsinə çalışır. Razılaşmaya əsasən, “Oracle” və “Walmart” müvafiq olaraq “TikTok”-un qlobal biznesinin 12,5 və 7,5 faiz səhmlərinə sahib olacaq. Beləliklə, ABŞ-ın bu iki şirkəti razılaşarsa, bunun üçün “ByteDance”-yə 12 milyard dollar ödəməlidirlər.
Xatırladaq ki, dünən ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalında yayımlanan çıxışı zamanı da bildirib ki, “TikTok” onlayn video mübadilə xidmətinin Amerikanın “Oracle” və “Walmart” şirkətləri tərəfindən satın alınmasına razılıq verib. D. Tramp qeyd edib ki, bu halda “TikTok”-un ABŞ seqmentinin Çinlə heç bir əlaqəsi olmamalı, adı saxlanılmalı və bazası Texas ştatında yerləşməlidir.
Qeyd edək ki, D. Tramp bu il avqustun ortalarında fərman imzalayıb. Fərmana əsasən, “TikTok” onlayn video mübadilə xidməti və “Musical.ly” sosial şəbəkəsinin sahibi olan Çinin “ByteDance” şirkəti 90 gün ərzində ABŞ-da “TikTok” xidmətini dəstəkləyən bütün aktivlərdən imtina etməli, o cümlədən “TikTok” və “Musical.ly” vasitəsi ilə əldə olunmuş istifadəçilər barədə məlumatları silməlidir. D. Trampın avqustun 6-da imzaladığı digər fərmana görə, amerikalılar 45 gün ərzində “ByteDance” şirkəti ilə istənilən işgüzar əlaqəni dayandırmalıdırlar.
ABŞ Prezidenti bu fərmanlarını ölkəsinin milli təhlükəsizliyini qorumaq üçün imzaladığını bildirir. D. Tramp “TikTok” vasitəsi ilə amerikalı məmurların və şirkətlərin məlumatlarının casusluq məqsədi ilə əldə edilərək Çin hökumətinə ötürülməsindən şübhələnir.
“ByteDance” şirkəti ABŞ-ın ittihamlarını rədd edir.
ABŞ-da 175 milyon, dünyada isə 1 milyarddan çox “TikTok” istifadəçisi var. “TikTok” əsasən gənclər arasında məşhurdur.