Türkiyənin Sağlamlıq Elmləri İnstitutunun Gülhanə Tibb Fakültəsinin dekan köməkçisi professor Cüneyt Göksoy koronavirusa necə yoluxduğunu və müalicə mərhələsini açıqlayıb.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, virusa yoluxmağın hazırda stres qaynağına çevrildiyini deyib: "Narahat olmadım, təşviş keçirmədim desəm yalan olar. Şükürlər olsun ki, yüngül keçirdim. Əməkdaşlarımızdan birinin nəticəsi pozitiv olunca, hamımız test olduq və virusa yoluxduğum ortaya çıxdı. 3 gün xəstəxanada yatdım. Bu müddət ərzində heç bir əlamət və şikayətim yox idi. Xəstəxanadan çıxdıqdan sonra şikayətlərim başladı. Bu xəstəliyin necə reaksiya verəcəyi məlum deyil. Əzələ və sümüklərim ağrısa da, boğazım ağrımadı, heç öskürmədim. Amma sonradan ağciyər problemim ortaya çıxdı və xəstəxanada 8 gün müalicə aldım".
Dekan köməkçisi xəstəliyə yoluxmanın psixoloji tərəfinin insana daha çox əziyyət verdiyini, hətta üzülməsin deyə, yoluxduğunu anasından gizlətdiyini açıqlayıb. Xəstəliyi yüngül keçirməsinin səbəbini isə belə izah edib: "Xəstəliyi yüngül keçirməyimin səbəbi son 10 ildə sağlamlığımla bağlı atdığım addımlar olub. Əvvələr gündə iki qutu siqaret çəkirdim, sonradan tərgitdim. Hərəkət etməyi sevməyən, çox yeyən bir insandım. Amma sonradan idmanı həyatımın ortasına qoydum. Həftədə 3 gün mütləq üzürəm. Piyada gəzirəm. Sağlam qidalanıram. Siqareti tərgitmək, sağlam qidalanmaq və çəki atmaqla son 10 ildir ki, koronavirusa qalib gəlməyə hazırlaşırammış".
Professor insanları öz sağlamlıqlarının qayğısına qalmağa çağırıb. Sağlam ömür sürmək üçün orqanizmə diqqət göstərməyin vacibliyini bildirib. Maskadan bir aksessuar kimi yox, sağlamlığı qoruyacaq formada istifadə etməyin, sosial məsafəni gözləməyin və təmizliyə diqqət etməyin vacibliyini vurğulayıb.