Silsilə cinayətlərdə ittiham olunaraq saxlanılan Xabarovsk diyarının qubernatoru Sergey Furqal Rusiya Liberal Demokrat Partiyasından (RLDP) çıxarılmayacaq.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə RLDP-nin lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski bildirib.
“Sergey Furqal Rusiya Liberal Demokrat Partiyasından çıxarılmayacaq”, - deyə V. Jirinovski vurğulayıb.
Qeyd edək ki, S. Furqal silsilə cinayətlərdə ittiham olunur. Onun mütəşəkkil cinayətkar dəstə ilə əlbir olaraq Xabarovsk diyarı və Amur vilayətində 2004-2005-ci illərdə iş adamlarına qarşı qətl cinayətləri törətməkdə şübhəli olduğu bildirilib. S. Furqalın barəsində cinayət işi başlanılıb. S. Furqal 2018-ci ildən Xabarovsk diyarının qubernatorudur. O, Rusiya Liberal Demokrat Partiyasından namizədliyini irəli sürərək seçkilərdə 70 faiz səs toplayıb. S. Furqal Rusiya Dövlət Dumasının deputatı olub.