“Yaşı 100-dən çox olduğu güman edilən həbəşistanlı Aba Tilahunun koronavirusdan sağalması inanılmazdır”
Lent.az xəbər verir ki, bunu 114 yaşı olduğu söylənilən Abanı müalicə edən həkimlərdən biri - Hiluf Abate BBC-nin “Newsday” proqramına açıqlamasında bildirib.
Yeka Kotebe xəstəxanasının doktoru qoca Abanın 114 yaşı olduğu qənaətindədir: “Əlimizdə Aba Tilahunun yaşını təsdiqləyən doğum haqqında şəhadətnamə yoxdur. Xəstəxanın tibb heyəti onun 109 yaşı olduğunu təxmin edir, mən isə daha çox olduğunu düşünürəm -114 yaş”.
Həkim Abanın xəstəxanaya təsadüf üzündən düşdüyünü və koronavirusa yoluxduğunu bildirib: “O, Həbəşistanın paytaxtı Əddis Əbəbə yaxın yaşayış məntəqəsində təsadüfi əməliyyatı keçirib. Bizim xəstəxanaya gətirilərkən ondan COVID-19 testi götürülüb və nəticəsi müsbət çıxıb. Yaşlı olduğuna görə, tibbi personal onun müalicəsini daha çox nəzarətdə saxlayırdı”.
Qoca dərhal təcrid edilərək xüsusi palataya köçürülüb. 4 gün sonra Aba Tilahunun vəziyyəti ağırlaşır – süni nəfər aparatına qoşulur. Lakin 14 günlük müalicə nəticə verir...
Doktor Hiluf əlavə edib ki, müalicənin effektiv sonluğu həqiqətən də gözlənilməz olub: “114 yaşlı Abanın koronavirusun cəngindən azad olmasına çox sevindik”.
Hazırda yaşlı “qəhrəman”ın nəvəsilə yaşadığı bildirilir.
Qeyd edək ki, ölkənin cənubunda dünyaya gələn Aba gənc yaşlarında paytaxta köçüb. O, ölkəsinin yaşadığı çətin dövrlərin şahidi olub.
Həbəş Aba Tilahun 1935-1941-ci illərdə İtaliyanın işğalını, 1974-cü ildə İmperator Haile Selassienin devrilməsini, 1991-ci ildə marksist Derq rejiminin süqutunu görüb...
Məlumat üçün bildirək ki, son məlumatlara görə, sərt karantin rejiminin tətbiq edildiyi Həbəşistanda koronavirusa yoluxduğu təsdiqlənmiş 5000-dən çox xəstə var. Yeni virusdan ölənlərin sayı isə 81 nəfərə çatıb.