Yaponiya Milli Olimpiya Komitəsinin vitse-prezidenti və Yaponiya Futbol Federasiyasının prezidenti Kozo Taşima koronavirusa yoluxub.
APA-nın xəbərinə görə, bu barədə Yaponiya Futbol Federasiyası məlumat yayıb.
Bildirilib ki, K. Taşima fevralın sonundan etibarən müxtəlif ölkələrə səfər edib. O, Şimali İrlandiyanın Belfast şəhərində Beynəlxalq Futbol Assosiasiyası İdarə Heyətinin illik yığıncağında iştirak edib.
K. Taşima həmçinin Amsterdam şəhərində Yaponiyanın 2023 Qadınların Dünya Kubokuna ev sahibliyi etmək təklifi ilə əlaqədar təqdimat edib.
Qeyd edək ki, bu il Tokyoda keçiriləcək Yay Olimpiya Oyunlarının COVID19 pandemiyası ilə əlaqədar təxirə salınması ilə bağlı müzakirələr gündəmdədir.