Bir gecəyə yazılan, 2 dəfə qadağan edilən, 2 dövlətin himni olan marş – ARAYIŞ
06 avqust 2012 17:52 (UTC +04:00)

Bir gecəyə yazılan, 2 dəfə qadağan edilən, 2 dövlətin himni olan marş – ARAYIŞ

Düz 220 il əvvəl dünya o mahnını ilk dəfə eşitdi. Fransanın hazırkı dövlət himni və yəqin ki, indiyə qədər yazılan ən məşhur vətənpərvərlik mahnısı olan «Marselyoza»nı (La Marseillaise).

Emosional təsir və qələbənin qazanılmasında oynadığı rola görə «Marselyoza»nı ancaq Sovet İttifaqının məşhur «Voyna narodnaya» (Xalq müharibəsi) mahnısı ilə müqayisə edirlər. Beynəlxalq aləmdə tanınmasına görə isə «Marselyoza» «Xalq mahnısı»ndan qat-qat üstündür.

Bütün dünyada onu hərbi mahnıdan çox inqilab mahnısı kimi qəbul ediblər. Artıq heç bir zaman dəyişməyəcək (yəqin ki, bu belə olacaq) rəsmi dövlət himninə çevrilməzdən əvvəl onu vətənində iki dəfə qadağan ediblər.

İnqilab və müharibənin övladı

«Marselyoza» Fransa inqilabının övladıdır. Fransa inqilabı özü isə bir neçə mərhələdə baş verib. Bu inqilablar nəticəsində konstitusiyalı monarxiya yaranıb, Qanunverici Məclis çağırılıb və feodal güzəştlər ləğv olunub.

Bir sıra tarixçilərin fikrincə, müharibə, süni olaraq yaradılan «mühasirəyə alınmış qala» atmosferi, tarixən «xalq düşmənləri»nin axtarışı (nə qədər qəribə olsa da, bolşeviklər bu termini Fransa inqilabçılarından mənimsəyiblər) Fransa cəmiyyətinin radikallaşması və yakobinlərin hakimiyyətə gəlməsinə səbəb olub. İstisna deyil ki, Fransa dinc şəraitdə təkamül yolu ilə inkişaf edəcəkdi.

Birinci mərhələdə inqilab baş verən Fransa ilə əsasən Avstriya və Prussiya döyüşə can atırdı. Onları Fransa kralının Londona qaçan qardaşları təhrik edirdi. Bəzi tədqiqatçılar hesab edirlər ki, gələcəkdə XVIII Lüdovikə çevriləcək qraf Provanski ehtirasları bilərəkdən coşdururmuş. O, ümid edirmiş ki, hərbi qarşıdurma şəraitində yaranan qarışıqlıqda kral və onun vəliəhdi öldürüləcək, o özü isə müdaxiləçi kimi ölkəyə daxil olacaq.

Avstriya imperatoru II Leopold və Prussiya kralı II Fridrix-Vilhelm hərbi müdaxilə niyyətlərini gizlətmirlərmiş. Fransalı royalistlər onların dəstəyi ilə Koblentsdə şahzadə Kondenin başçılığı altında ordu formalaşdırırlar. Amma ilk olaraq onlara müharibəni 1792-ci il aprelin 20-də Fransa Qanunverici Məclisi elan edir.

O zaman parlamentdə dominant rolunda olan jirondistlər və felyanların iddiasız partiyaları birdən birə müharibənin tərəfdarı kimi çıxış edirlər. Robespyerin başçılıq etdiyi yakobinlər isə müharibənin əleyhinə olublar. Onlar hesab edirlərmiş ki, müharibə fransızların diqqətini inqilabi dəyişikliklərdən yayındıracaq.

Fransızlar talelərinə özlərinin hakim olmaq istəklərindən əlavə, özlərini bütün dünyaya azadlıq və inkişaf gətirən kollektivləşmiş kütlə hesab edirlərmiş. Müharibənin başlayacağı xəbəri coşqu ilə qarşılanır. Hər yerdə könüllülər batalyonları yaradılır.

32 yaşlı istehkamçı mühəndis Klod Ruje de Lill bu coşqu dalğasında marş bəstələyir («İrəli, vətən oğulları, sizin üçün şöhrət günü yetişir! Bizə qarşı qanlı bayraqlı tiran sürüsü gəlir! Silahlanın, vətəndaşlar!»).

1792-ci il avqustun 1-də (digər mənbələrə görə isə iyulun 30-da) Marsel könüllü batalyonu Parisə yeni mahnı – marşı oxuyaraq daxil olur. Bu marş paytaxt sakinlərinə böyük təsir göstərir və tezliklə bütün ölkə ərazisində coşqu ilə oxunur.

«Marselyoza» insanlara yuxarıdan sırınmamışdı. Bu marş əvvəlcə xalq tərəfindən tanınaraq sevilmişdi. Yakobin Konventi isə onu himn kimi ancaq 1793-cü il noyabrın 24-də təsdiq etmişdi. 1795-ci il iyulun 14-də termidorian Konventi bu qərarı təsdiqləmişdi.

«Marselyoza» adı da xalq yaradıcılığının məhsuludur. Marşın müəllifi Klod Ruje de Lill onu il olaraq «Reyn ordusunun hərbi marşı» adlandırıb. Amma sonradan həmin marş «Marselyoza» (çox güman ki, mahnını ilk olaraq Marsel könüllü batalyonunun oxuması şərəfinə) adı ilə məşhurlaşıb.

«Bir gecənin dahisi»

Dahi marş bir anlıq ilhamın nəticəsi olub. Ruje de Lill marşın sözlərini və musiqisini aprelin 25-də axşam bir neçə saat ərzində yazıb və bəstələyib. Maraqlıdır ki, Ruje ad deyil, ikili soyadın bir hissəsidir. Bunu fransızların çoxu belə bilmir.

Ümumiyyətlə isə «Marselyoza»nın müəllifi Marseldə deyil, Strasburqda xidmət edib. Marşı Marsel batalyonu üçün bu şəhərin Qanunverici Məclisinin deputatı Şarl Barbaru seçib. O, «Marselyoxanı» təsadüfən eşidəndən sonra bu qərara gəlib.

Fransa tarixinin dramatik hadisələri gələcək himnin həm müəllifi, həm də ilk «prodüsseri»nin həyatına öz mənfi təsirini göstərir. Robespyerin zamanında onların hər ikisini əksinqilabçı elan edirlər. Barbaru boynu vurulmaqla edam edilir. Ruje de Lilli isə bu aqibətdən termidorian inqilabı xilas edir.

İstənilən böyük tarixi hadisə kimi «Marselyoza»nın yaradılması ətrafında da əfsanələr yaranır. Guya ki, Ruje de Lill notları yazmaq üçün evində ağ kağız tapa bilmədiyindən, küçədə könüllü batalyonlarına yazılmaq üçün çağırış olan vərəqi qopararaq, onun arxasına yazıb. İddia edirlərmiş ki, o, marşı yazarkən inqilabi ideyalara söykənməyibmiş, Strasburq qubernatorunun gənc və gözəl həyat yoldaşının önündə seçilmək istəyib. Ruje de Lill ona birmənalı olmayan diqqət göstərirmiş. Nəhayət, ən böyük iddia ondan ibarətdir ki, musiqini o deyil, dostu İqnas Pleyel yazıb, lakin sonuncu sonradan inqilabdan məyus olduğuna görə, «Marselyoza»nın yaradılmasındakı iştirakını gizlədib...

Amma bütün iddialara baxmayaraq, Ruje de Lill «Marselyoza»nın ilk müəllifidir. Niyə ilk? Çünki o, marşın sözlərinin ilk 5 kupletini yazıb. Altıncı kupleti isə marşa İzerdən olan məktəb müəllimi Antuan Pesonno əlavə edib. Marşın musiqisi də nisbi dəyişikliyə məruz qalıb. Hektor Berlioz 1840-cı ildə yeni musiqi aranjemanı yaradıb. «Marselyoza» da o zamandan indiyə kimi bu arenjamanda ifa edilir. Kanonik instrumental versiya isə 1 dəqiqə 17 saniyə davam edir.

İlk uğurundan ilhamlanan Ruje de Lill həyatını musiqiyə həsr etmək qərarına gəlir. O, ömrünün sonuna qədər (1836-cı ildə vəfat edib) 50-dən çox əsər yazıb. Amma onların heç biri nəinki «Marselyoza»nın uğurunu təkrarlamayıb, ümumiyyətlə Ruje de Lillə uğur gətirməyib.

Stefan Sveyq Ruje de Lill barədə hekayəni «Bəşəriyyətin ulduz anları» külliyatına daxil edib və ona «Bir gecənin dahisi» adı verib.

1915-ci il iyulun 14-də – Birinci Dünya müharibəsinin qızğın çağında «Marselyoza»nın yaradıcısının qalıqları dəfn olunduğu yerdən çıxarılıb və Parisdəki Əlillər Evinin həyətində basdırılıb.

Altı himni olan ölkə və 2 qadağa

Fransa dünyada rəsmi himn əldə edən ilk ölkədir. Himnlərin dəyişməsinə görə də bu ölkə dünyada liderdir.

İnqilaba qədər Fransada «Domine, salvum fac regem» («Allahım, kralı hifz elə») himni qüvvədə olub. Onun sözlərini 1686-cı ildə hersoq de Brinyon saray bəstəkarı Jan Lyullinin musiqisi əsasında yazıb. Onu da qeyd edək ki, Britaniyanın «Allahım, kralı hifz elə» və Rusiyada vaxtilə qüvvədə olan «Allahım, çarı hifz elə» himnləri də Fransa himninin təqlidi kimi yazılıb.

1804-cü ildə imperator kimi taxta çıxan Napoleon Bonopart Etyen Meyylinin Jozef Şenyenin sözlərinə bəstələdiyi «Yürüş mahnısı»nı himn elan edib, «Marselyoza» isə qadağan olunub. Valeri Jiskar d Estenin prezidentliyi dövründə «Yürüş mahnısı» təntənəli mərasimlərdə «Marselyoza» ilə bir yerdə ifa olunub.

Napoleon Borodino döyüşü zamanı ordunun döyüş ruhunu yüksəltmək məqsədilə orkestrə özünün qadağan etdiyi «Marselyoza»nı çalmağı əmr edib. Amma bu addım az uğur qazanıb. Çünki müasir rusiyalı tarixçi Andrey Burovskinin də dediyi kimi, Borodino döyüşündə iştirak edən fransız əsgərlərinin çoxu gənclər olub, onlar nə inqilabı, nə də «Marselyoza»nı xatırlamırlarmış. Bu qəribə addım onların beyninə və ürəyinə də heç nə demirmiş.

Lui-Filippin dövründə Fransada himn kimi hərbi-vətənpərvər musiqisi olan «Parisli qız» qəbul edilib. XIX əsrin ortalarında – İkinci İmperiya dövründə isə «Suriyaya yola düşərkən» marşı himn olub. Bu marşın musiqisini Napoleonun qızlığı və gəlini Qortenziya Boqarne bəstələyib.

Fransada respublika üsul-idarəsi 1871-ci ildə tam qələbə çalıb. Amma respublika üsul-idarəsinin tərəfdarları ilk dövrlərdə ancaq paytaxta tam nəzarət ediblər. Əyalətlər isə Parisdəki parlamentə daha çox mühafizəkar deputatları göndərirlərmiş. Ölkədə hələ də monarx bürokratiyası, xüsusən də zabitlər arasında bərqərar olan köhnə qaydalar hökm sürürmüş. Bunun nəticəsi kimi, 1870-ci illərin Fransası «respublikaçılar olmayan Respublika» adlandırılıb.

Hökumət ancaq 1879-cu ildə «Respublikanın müdafiəsi barədə» qanununu keçirə bilir. Bu qanuna uyğun olaraq monarxiyanın bərpa edilməsi dövlətə xəyanətə bərabərləşdirilir. Elə o zaman «Marselyoza» dövlət himni kimi qaytarılır.

1940-cı ildə «Marselyoza» ikinci dəfə qadağan olunur. Onun yerini isə kollaborsionist Vişi rejimi zamanı tələsik olaraq bəstələnən «Marşal, biz burdayıq!» tutur. Tarixçilər Vişi Fransasına rəhbərlik edən marşal Filipp Peteni mədh edən bu himni ancaq Stalini mədh edən şeirlərlə müqayisə edirlər.

Ölkənin azad edilməsindən sonra Şarl de Qollun atdığı ilk addımlardan biri «Marselyoza»nın əvvəlki hüquqlarının bərpası olur. Onun himn statusu Beşinci Respublikanın 1958-ci ildə qəbul edilən konstitusiyasının 2-ci bəndində təsdiqini tapıb.

Ənənə və siyasi koirrektə

Müasir Fransada «Marselyoza»nın sözlərinin dəyişdirilməsi ilə bağlı vaxtaşırı çağırışlar eşidilir. Doğrudan da, müasir Avropa dəyərləri nəzərə alınsa, «onların çirkli qanı ilə torpaqlarımızı qızardaq» çağırışı siyasi cəhətdən o qədər də düzgün səslənmir. Hətta «Beynəlmiləl» marşı belə daha az «qaniçəndir».

Marşın sözlərinin dəyişdirilməsi ilə bağlı örnəklər və çağırışlar digər ölkələrdə də var. Məsələn, Avstriyada «böyük oğulların vətəni» ifadəsinə «qızları» sözü də əlavə edilib. Sovet-Rusiya himni isə iki dəfə dəyişdirilib: Aleksandr Aleksandrovun sözlərinə yazılan bu himndən əvvəlcə Stalinin, sonra Leninin adları çıxarılıb və «dövlət», «Allah» sözləri ilə əvəz edilib. Hər üç variantın müəllifi Sergey Mixalkov (birinci versiyada El-Reqistanla bir yerdə) olub.

Bəzi britaniyalı siyasətçilər milli himnə şotland, irland və Uels dillərində bəndlər salınmasını təklif edirlər. İraqda himndə kürd dilində bəndlərin olub-olmayacağı üzərində mübahisələr gedir.

Amma Fransada hələlik tarixi ənənənin qorunması tərəfdarları üstündürlər. Onlar bildirirlər ki, 2 əsrdən əvvəl yazılan marşın sözlərini birmənalı olaraq qəbul etmək olmaz. Həmin şəxslərin fikrincə, dövlət simvolları zamanın ruhuna uyğun dəyişdirilsə, bir çox gerblərdən imtina etmək lazım gələcək. Çünki onların üzərində vəhşi heyvan və quş əksi var.

İki ölkənin himni

«Marselyoza» təkcə Fransada deyil, inqilablar zamanı bir çox ölkələrdə sevilib və səslənib. Bu, xüsusən də müxtəlif ölkələrdə baş verən «fəhlə-kəndli inqilabları» dövründə bu marş populyar olub. Bir çox ölkələrdə inqilablar dövründə «Beynəlmiləl»lə yanaşı «Marselyoza»dan marş kimi istifadə edilib.

Daha bir maraqlı fakt ondan ibarətdir ki, «Marselyoza» təkcə Fransanın deyil, ən azı daha bir ölkənin himni olub. Rusiyada 1917-ci ilin fevral inqilabından sonra müvəqqəti hökumət «Marselyoza»nı dövlət himni kimi qəbul edib. Düzdür, 1917-ci il oktyabr inqilabından sonra «Marselyoza» yerini «Beynəlmiləl»ə verir. Amma fakt odur ki, tarixdə bəlkə də ilk dəfə bir ölkənin himni, digər ölkədə də milli himn kimi səslənir...

Kamal Gürşad
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2805

Oxşar yazılar