Ölülərlə rəqs, dəfn üçün striptiz və cəsədin yeyilməsi –
23 iyul 2012 11:05 (UTC +04:00)

Ölülərlə rəqs, dəfn üçün striptiz və cəsədin yeyilməsi –

İnsanların son mənzilə yola salınması müxtəlif xalqlarda müxtəlif formalarda həyata keçirilir. Müsəlmanlarda, xristian və yəhudilərdə ölən insan torpağa tapşırılır, buddistlərdə yandırılır, atəşpərəstlərdə və bəzi bütpərəst dinlərdə meyit heyvanlara yem edilir və s.

Lent.az internetdə bəzi xalqların maraqlı cənazə mərasimləri ilə bağlı topladığı faktları təqdim edir. Biz Azərbaycanda dəfn mərasimlərimizin israfçılıqla keçdiyini, böyük xərclərlə müşayiət olunduğunu dediyimiz zaman aşağıda qeyd etdiyimiz adətləri düşündükdə, Allaha şükür etməliyik...

Ölünü yeyən və yedirdən xalqlar da var

Buddizmdə ölülərin fərqli dəfn adətləri mövcuddur. Buddizmə sitayiş edən bəzi xalqlar ölüləri yandırır, külünü çaya tökürlər. Lakin Tibet buddistləri 7-ci əsrdən bu yana ölüləri parçalayıb quşlara – qartal və kərkəslərə yedirtməklə məşğuldurlar. Adətə görə, məhrumun cəsədi parçalanaraq bir dağın zirvəsinə qoyulur. Bir neçə saat ərzində kərkəslər həmin cəsədin ətini yeyir. Tibet ayinlərinə görə, mərhumun ruhu quşlarla birgə göylərə qalxaraq analarına qovuşur.

Cənubi şərqi Avstraliya aborigenləri və Cənubi Amerikanın Amazon bölgəsində yaşayan bəzi xalqlarında isə ölüyə qoyulan “hörmət”, həyata keçirilən cənazə mərasimləri barədə düşünəndə adamı dəhşət bürüyür. Avstraliyada yaşayan Dieri adlı xalq ölüyə öz ehtiramını meyitin üzünü, qolunu, qıçını, qarının piyli hissəsini yeməklə bildirir və bu adət həmin xalqda tamamilə dini xüsusiyyət daşıyır. Yerli inanca görə, fövqəladə bir gücə sahib olan adamın bədənindəki yağ onu yeyən adama gücün keçməsini təmin edir. Beləcə, ölünün xüsusiyyətləri yenə qəbilə içində qalır. Bu adət Paraqvay ərazisində, meşələrdə yaşayan Guayaki və Venesueladakı Yanomami qəbiləsində də yaşanır.

Dünyanın ən qədim dinlərindən olan atəşpərəstliyin bu gün kompakt yayıldığı Hindistanın bəzi ərazilərində isə ölü dəfn edilmir. Meyiti üstü açıq qüllələrdən asır və ya quyulara ataraq heyvan və ya təbii faktorlara qarşı müdafiəsiz şəkildə buraxırlar. Cəsədin üzərindəki ət çürüdükdən və ya heyvanlar tərəfindən yeyildikdən sonra skelet məbədin həyətindəki xüsusi yerə qoyulur. Atəşpərəst inancına görə, meyiti basdırmaqla 4 ünsürü – su, hava, torpaq və odu çirkləndirmək günahdır.

Hindistan, Nepal və Butanda qonda dilində danışan xalqlar arasında isə ölünün cüt dəfni min illik adət olaraq həyata keçirilir. Belə ki, bu xalqın adətinə görə, mərhum 30 yaşından yuxarı olduqda onun həyat yoldaşı (qadındırsa əri, kişidirsə arvadı) onunla birgə dəfn edilir. Meyit mağaraya və ya dərin quyuya atılır. Onunla birgə həyat yoldaşı da yanında bir neçə günlük ərzaqla həmin mağaraya buraxılır.

Yaponiyada özlərinə Sokushinbutsu adını vermiş buddist rahiblər isə həm intihar edir, həm də özlərini mumiyalayırlar. Bu rahiblər əvvəlcə yalnız meyvə və çərəz yeyərək bədənlərində olan yağları əridir, eyni zamanda mütəmadi məşqlər edirlər. İkinci mərhələdə isə zəhərli qurdları içərək davamlı şəkildə qusur və bədənlərində olan mayeləri boşaldırlar. Son mərhələdə isə rahib daşdan hazırlanmış bir tabutun içinə girir, lotus mövqeyində oturur və ölümü gözləyir. Mərasim zamanı rahib hər gün canlı qaldığını, ölmədiyini göstərən bir zəng çalır. Zəng kəsiləndən sonra digər rahiblər onun öldüyünü anlayır və tabutu möhürləyirlər. 100 gün keçdikdən sonra tabut açılır və mumiyaya nəzarət edilir. Mərhumun beləcə dünyaya təkrar gələrək öz bədəninə sahib olacağına inanılır.

Striptiz və ölü ilə rəqs

Azərbaycanda dəfn mərasiminin dəbdəbəli, böyük kütlənin iştirakı ilə keçirilməsindən bəzən ağız dolusu danışılır. Lakin bir sıra ölkələrdə təşkil edilən cənazə mərasimlərinin fonunda Azərbaycan adətləri çox kiçik və maraqsız görünür.

Məsələn, Çinin Donghai bölgəsində (Tayvan adasında) insanın zənginliyi, şöhrəti və qüruru həmin adamın cənazə mərasimində iştirak edənlərin sayı ilə müəyyənləşdirilir. Bu səbəbdən də həmin bölgədə cənazə mərasiminə insanların cəlbi üçün müxtəlif şirnikləndirici metodlar tətbiq olunur. Hətta son illərdə cənazə mərasiminə striptizçilər dəvət olunmağa başlayıb və bu da öz nəticəsini göstərib.

Madaqaskarda isə yerli xalqlarından biri dəfndən sonra ölüləri məzardan çıxarıb onunla rəqs edir. Bu adəti icra edənlərin düşüncəsinə görə, qəbirdən çıxarılıb rəqs edilməklə mərhumun ruhu xoşbəxtliyə qovuşur. Bu tamaşa hər 7 ildən bir həyata keçirilir və bayram kimi qəbul olunur.

İndoneziyanın Dana Toraja bölgəsində dəfn prosesi toydan daha maraqlı və dəbdəbəli keçir. Mərhumun dəfni ilə əlaqədar ziyafət təşkil olunur və mərasimə musiqi, rəqs və qonaqlar çağırılır. Yerli əhali bu bahalı adətləri yerinə yetirməklə ölüyə təşəkkürlərini bildirdiklərinə inanırlar. Belə ki, əvvəl ölünü sarıyır və öz evində saxlayırlar. Bundan sonra hazırlıqlar başlayır və hazırlıqlar bəzən həftələrlə, aylarla davam edir. Bu müddətdə yaxınları hər gün cənazənin ətrafına gələrək ölü ilə danışırmış kimi hərəkət edirlər. Böyük mərasim üçün hazırlıqlar tamamlanandan sonra çürümüş cəsəd tabuta qoyulur. Yaxınlarının istəyinə görə, tabut məzara, mağaraya qoyulur, ya da bir qayalıqda asılır.

İndoneziyanın Teshi bölgəsində isə ölüləri qəribə dizaynlı tabutlarda dəfn etmək bir adət kimi uzun illərdir həyata keçirilməkdədir. İstənilən formada tabut hazırlama qabiliyyəti olan bu bölgədə Koka-Kola şüşəsi, müxtəlif meyvə şəkilləri, musiqi alətləri və müxtəlif maşınlara bənzər tabutlarda dəfn olunma halları ilə rastlaşmaq mümkündür.

ABŞ-da fəaliyyət göstərən “LifeGem” adlı şirkət isə 2001-ci ildən maraqlı və gəlirli bir dəfn metodu hazırlayaraq özünə çoxsaylı müştərilər toplamağa nail olub. Belə ki, adıçəkilən şirkət yandırıldıqdan sonra ölünün külündəki karbon atomlarından üzük və ya sırğa hazırlayır. Şirkətin açıqladığı məlumata görə, onun müştəriləri arasında arvadının külündən qol düyməsi, qardaş və bacısından, oğlundan boyun bağı, atasının külündən sırğa, boyunbağı və üzük dəsti hazırladanlar var.

Hazırladı:
Rəşad Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2192

Oxşar yazılar