ABŞ-la İran arasında “qaynar xətt”, rəsmi Ankaranın vasitəçilik ehtimalı…
21 sentyabr 2011 17:56 (UTC +04:00)

ABŞ-la İran arasında “qaynar xətt”, rəsmi Ankaranın vasitəçilik ehtimalı…

Pentaqonun adının açıqlanmasını istəməyən bir təmsilçinin sözlərinə görə, bununla onlar Kəngər körfəzində Amerika və İranlı Hərbi Dəniz Donanmaları arasında yaranacaq münaqişəni aradan qaldırmaq niyyətindədirlər.

“Bu ideya bir müddətdir çeşidli səviyyələrdə müzakirə edilir. Bununla belə məsələ hələ də ideya olaraq qalmaqdadır. Belə bir təklif müdafiə nazirləri səviyyəsinə çıxarılmayıb”-deyə, gizli qalmaq istəyən mənbə söyləyib.

“Uoll-strit jornal” iki dövlətin hərbçiləri arasında ilk belə «qaynar xəttin» qurulacağı niyyətinə dair məqalədə yazıb ki, ilk növbədə İran donanması ilə Bəhreyn paytaxtı Manamada yerləşən ABŞ-ın 5-ci Hərbi dəniz Donanması arasında əlaqələrin yaranacağı ehtimal edilir. Bu ərazi Hind okeanın Qərbində - körfəzdədir. Pentaqondakı mənbə qeyd edib ki, Vaşinqton İranın raketlə təchiz etdiyi ehtimal olunan iti sürətli katerləri, eləcə də körfəzdə ardıcıl olaraq, kəşfiyyat uçuşlar keçirən Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrindən rahatsızdır. Bu istiqamətdə ciddi münaqişə yaradacaq bir neçə dəfə olay baş verib. ABŞ Silahlı Qüvvələri qərargah rəisləri Komitəsinin başçısı Maykl Mallen bir müddət öncə məsələ ilə bağlı Tehranla Vaşinqton arasında birbaşa xəttin olmamasından narahatlığını dilə gətirərək, xatırlamışdı: «Hətta gərgin «soyuq savaş» illərində belə SSRİ ilə ABŞ arasında belə «qaynar xətt» mövcud idi».

Türkiyədə radar sisteminin qurulması məsələsi də İranla ABŞ-ın da münasibətlərinə təsir edəcək amillərdəndir. «Hürriyət» qəzetinin yazdığına görə, rəsmi Ankara BMT Baş Assambleyasının sessiyası başa çatanadək öz ərazisində bu sistemin qurumasına icazə verməyəcək. Bu məsələyə Türkiyənin baş naziri Rəcəb Taib Ərdoğanın ABŞ prezidenti Barak Obama və İran prezidenti Mahmud Əhmədinejadla görüşlərdən sonra yekun vurulacaq. Bir sıra məsələlər bağlı qapılar arasında müzakirə edildiyindən bu yöndə daha çox ehtimallar irəli sürülə bilər.

Radarın Türkiyədə qurulması, habelə M.Əhmədinejadın ABŞ-a səfəri zamanı «qaynar xətt»lə bağlı xəbərin yayılması Vaşinqton-Tehran danışıqlarının hərbi yöndə başlaması ehtimalını artırır. Habelə onu da ehtimal etmək olar ki, açıqlanmasa belə R.T.Ərdoğan B.Obama ilə yalnız Afrikanın şimalındakı, Suriyadakı durumu deyil, eyni zamanda İranla bağlı məsələni də müzakirə edib. Çünki bölgədə əsas güc olmaq istəyənlərdən biri İran İslam Respublikasıdır. Bu baxımdan Türkiyə baş nazirinin İrana planlaşdırılan görüşündə də bəzi xəbərlərin sızacağı ehtimalı az deyil. Düzdür, bu səfərin əsasən terrorçuluğa, özəlliklə PKK və PJAK-a qarşı mübarizəyə həsr olunacağı haqda öncədə xəbərlər yayılıb.

Ancaq İran informasiya vasitələrinin yaydığı xəbərə əsasən, İnqilab Keşikçiləri Qvardiyası Quru Qoşunları «Həmzə Seyid-üş Şühəda» qərargahının komandanı general Asanlu bildirib ki, ölkənin Sərdəşt kimi bölgələrində düzənlənən əməliyyatlar nəticəsində terrorçu PKK və PJAK-a məxsus qüvvələr «ağır itki verərək, bölgəni tərk etməyə məcbur olublar». Generalın da dediklərindən göründüyü kimi son zamanlar İran İnqilab Keşikçiləri Qvardiyası terrorçu PJAK və PKK-nın mövqelərinə zərbələrini sürəkləndirdiklərini bəyan edirlər. İranın informasiya mənbələri bunu hətta «ölkədə terrorçu PKK və PJAK-ın qalmadığı» haqda məlumatlar yayır.

Ancaq burada şübhəli məqamlar da az deyil. Tehran hakimiyyəti bununla həm bölgədə güc nümayiş etdirir, həm də beynəlxalq ictimaiyyətin gözündə özünü terrorçuluğa qarşı mübarizə aparan əsas güc kimi göstərməyə çalışır (məs,«Türkiyənin 20 ilə susdura bilmədiyi terrorçuları biz bir neçə ay ölkədən qovub çıxardıq» kimi). Ancaq heç kimə sirr deyil ki, bölgədəki kürd terrorçularını uzun illər Tehran hakimiyyəti bəsləyib.

İslam Respublikasını rahatsız edən məsələlərdən biri ABŞ donanmasının qəfil hücumudur. «Qaynar xətt» məsələsinin gerçəkləşməsi isə Tehranı bu yöndən də müəyyən mənada arxayın sala bilər.

Beləliklə, bir halda ki İran hakimiyyəti terrorçu kürdləri ölkədən qovub, çıxardığını bəyan edir, o zaman Türkiyə baş naziri ilə görüşdə də yeni mövzuların müzakirə ediləcəyi istisna edilmir-məsələn, ABŞ-İran münasibətləri…

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 301

Oxşar yazılar