İran: rejimiçi çevrilişin qarşısı alınıb? - ŞƏRH
04 may 2011 11:05 (UTC +04:00)

İran: rejimiçi çevrilişin qarşısı alınıb? - ŞƏRH

«Qeybdən» sonra üzə çıxan hökumət başçısı yaxın həftələrdə Türkiyəyə səfər etməyi planlaşdırır.

İran informasiya vasitələrinin yaydığı xəbərə görə, xarici işlər naziri Ələkbər Salehi məsələ ilə bağlı jurnalistlərə açıqlamasında bildirib ki, bu yaxınlarda Türkiyədə az inkişaf etmiş dövlətlərin başçılarının zirvə toplantısı keçiriləcək və M.Əhmədinejad bu tədbirə qatılmağa razılıq verib.

Bununla Tehran hakimiyyəti iqtidar komandası daxilində problemin olmadığın, habelə prezidenti əvvəlki qaydada işlədiyini göstərməyə çalışır. Amma Türkiyə səfəri üzərində çox dayanmadan əlüstü qeyd edək ki, iki ay öncə Türkiyə prezidenti Abdulla Gül Tehrana səfər etmişdi. O, İranda hakimiyyəti dolayısı yolla islahatlar aparmağa çağırmışdı. Bu baxımdan, M.Əhmədinejadın islahatla bağlı məsləhətləşmələr aparacağını da ehtimal etmək olar.

Ötən həftə ölkə prezidentinin qəfil yoxa çıxması bir sıra ciddi ehtimalların irəli sürülməsinə əsas verdi.

Prezidenti isə baş verənlərə aydınlıq gətirməkdənsə, çeşidli biri-birindən fərqli bəyanatlar verməkdədir.

«Tehran times»-in yazdığına görə, Əhmədinejad bildirib: «Düşmənlər nahaq yerə
hakimiyyətin iki yerə parçalanacağını ümid edirdilər».

O, vilayəti-fəqih (ayətullah Xamneyinin daşıdığı vəzifə) sisteminin prinsiplərinə tabe olduğunu deyib: «İran vətəndaşlarının hamısı və 10-cu hökumət rəhbərə (ali rəhbər ayətullah Xamneyini nəzərdə tutur - S.S.) sadiqdilər. Düşmənlər bilməlidir ki, onların hakimiyyət daxilində parçalama yaratmaq cəhdi məğlubiyyətə uğrayıb».

Fasilədən sonra M.Əhmədinejadın başçılığı ilə keçirilən toplantıya istefa ərizəsini qəbul etdiyi ETTELAAT naziri Heydər Müslehi qatılmayıb.

Hökumətin iclasında çıxış edən M.Əhmədinejad ayətullah Xamneyi ilə arasında ixtilaf yaranması xəbərini yayanları «riyakar və hiyləgər» adlandıraraq, deyib: «Bir neçə gün evdə oturmağımın müəyyən səbəbləri var. Bu səbəbləri ürəyimdə saxlayacağam. Çünki bir çox sözlər insanın ürəyində qalmalıdır.

İş yerimdə olmadığım bir neçə gündə xaricdə bir qrup riyakar və hiyləgər, ölkə daxilində isə bir qrup cahil və qərəzli şəxs toy-bayram etməyə çalışdılar. Mənim onlara cavab vermək fikrim yoxdur. Son 5 il yarımda prezident postunda olduğum müddətdə gecə-gündüz eşq və imanla xalqa xidmət göstərmiş, bütün vücudumla vilayəti-fəqihin prinsipləri istiqamətində hərəkət etmişəm.

Hesab edirəm ki, prezident güclü olmalıdır. Güclü prezident həm rəhbərin, həm də xalqın başını uca edə, hər bir təzyiq qarısında dayanıb ölkəni təhlükədən müdafiə edə bilər».

Əhmədinejadın evdə oturmağının səbəbini öz seçicilərindən gizli saxlaması özü-özlüyündə riyakarlıqdır. Onun “hesab edirəm ki, prezident güclü olmalıdır” deməsindən belə anlamaq olar ki, Əhmədinejad İranın ali rəhbəri ayətullah Xamneyiyə öz gücünü nümayiş etdirir, yaxud hakimiyyətiçi qüvvələri Xamneyi ilə birlikdə sınaqdan keçirir. Belə hal isə rejimiçi qrupların biri-birinə etibarının azlığını və ya etimad etməməsini düşünməyə əsas verir.

Keçmiş prezident Haşimi-Rəfsəncaninin başçılıq etdiyi Məsləhət Şurasının üzvü Mürtəza Nəbəvinin jurnalistlərə açıqlaması bunu bir daha təsdiqləyir. O, M.Əhmədinejadın və başçılıq etdiyi hökuməti suçlayaraq, bildirib: «Əhmədinejad və komandası ruhanisiz bir islamın ardınca gedir. Bu cərəyan mühafizəkarların içindən çıxsa da, zaman keçdikcə onun ruhanilər, başqa din xadimləri, nəhayətdə isə vilayəti-fəqihlə probleminin olduğu üzə çıxdı. Bu cərəyan əqidədəki azğınlıqdan başqa siyasi, inqilabi və iqtisadi tendensiyalarına görə də öz yolundan azmış bir cərəyandır, insanların dini inanclarından sui-istifadə edir, “Quran” ayələrinə istinad etməklə insanlara təsir göstərməyə çalışır. Belə görünür ki, Əhmədinejada yaxın adamlar və onun komandası özlərinin bir sıra hədəflərinə çatmaq üçün cinlərə əl atır, bir sıra şeytani məsələlərdən faydalanırlar».

İman məsələsinə keçmiş prezident Məhəmməd Xatməi də müəllimlərlə görüşündə toxunub: «İman yalnız azadlıq bostanında cücərə bilən güldür. Elə buna görə də imanı zor gücü ilə başqalarına qəbul etdirmək mümkün deyil. Yalnız azad bir atmosferdə insan sərbəst şəkildə öz ağlından faydalanaraq, nəyəsə iman gətirə bilər. Təəssübkeşlikdən yaranmış imanın heç bir dəyəri yoxdur.

Bu gün tələb edir ki, hakimiyyət xalq qarşısında cavabdehlik daşısın, xalqın nəyi və ya kimisə tənqid etmək, yaxud ona etiraz bildirmək hüququnu tanınsın. Hakimiyyət və hökumət müqəddəs bir şey kimi qələmə verilməməli, hər kəsin onu sorğu-suala tutmaq və ona etiraz etmək imkanı olmalıdır».

ETTELAAT nazirinin istefa ərizəsini Əhmədinejadın tez-tələsik qəbul etməsinin də üstü, deyəsən, açılır. Demə, o, bu yerə prezident yanında Mədəniyyət Şurasının başçısı Abbas Əmirifəri təsdiqlətdirmək niyyətində imiş.

«Mignyus»-un məlumatına əsasən, ötən gün o, ölkə prokurorluğuna çağırılıb. A.Əmirifər prokurorluğun çağırışına rədd cavabı verdiyindən səhəri gün onu İnqilab Keşikçiləri Qvardiyası həbs edib. O, Ruhanilərin Özəl Məhkəməsində mühakimə ediləcək. Buna səbəb «Yaxınlaşan zühur» sənədli filmidir. Filmin rejissoru Əlisəyyar Seyxanidir. Bu ekran əsəri 12-ci imamın zühurun yaxınlaşmasına həsr olunub. Filmdə dünyanın axırının çatdığı da vurğulanıb. «Yaxınlaşan zühur» ultramühafizəkar şiə qrupları arasında pulsuz paylanıb. Prokurorluq isə filmin çəkiliş şəraitini araşdırmaqla yanaşı, A.Əmirifəri «ictimai rəyi oyatmaqda» ittiham edir.

Məlumatlara əsasən, şura rəhbəri Əhmədinejadın qohumu, prezident aparatının keçmiş başçısı Rəhim Məşainin yaxınlarından biri sayılır. Qeyd edək ki, parlament və din xadimləri ilə R.Məşai arasında da siyasi-ideoloji məsələyə görə bir müddət öncə ciddi ixtilaf yaranmışdı. Din xadimləri və məclis üzvləri Əhmədinejaddan onu istefaya göndərməyi tələb edirdilər. Ötən ay prezident qohumunu tutduğu vəzifələrdən birindən prezident aparatının başçılığından azad etdi.

Beləliklə, baş verənlərdən belə qənaətə gəlmək olar ki, İran prezidenti ayətullah Xamneyinin başının üstündən özü üçün yeni komanda formalaşdırmaq niyyətindədir. Onun bu «oyunun» üstünü yenə hakimiyyət özü ifşa edib. Sadəcə, olaraq, rejimiçi ixtilafın olduğunu ört-basdır etmək üçün Əhmədinejadı təntənəli şəkildə yenidən hökumətin iclasına gətiriblər. Bu hadisəni hakimiyyəti devirməyə cəhd kimi də dəyərləndirmək olar. Çünki dəyişikliyin tez olması indiki rejimdə təmsil olanların da nəfinədir…

Sədrəddin Soltan


"
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 480

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35