Dəyişiklik İranın qapısını döyür - ŞƏRH
02 may 2011 13:31 (UTC +04:00)

Dəyişiklik İranın qapısını döyür - ŞƏRH

«Göstərən saətdə dövrani-fələk bir inqilab,
Həm özü fani olar, həm leşkəri, həm keşvəri…»

Orta Şərqdə baş verənlərdən belə görünür ki, bu dövlətləri idarə edənlər, yaxud bu taleyi yaşayacaq rejim başçıları hələ də bu gerçəkliyi anlamaq istəmir.

Bir neçə il öncə Qərbə dov gələn İraq lideri Səddam Hüseynin inadlı və hikkəli davranışı ucbatından həm özü fani oldu, həm ailəsi, həm də dövləti. Misir avtoriteti Hüsnü Mübarək son anda ailəsini fiziki ölümdən qurtarmağa nail olsa da, mühakimədən canını qurtara bilmədi.

Liviya lideri Müəmmər Qəddafi isə soydaşı Səddam Hüseynin taleni yaşamaqdadır.

Ötən gün onun 7 oğlundan biri, 29 yaşlı Seyfəl-Ərəb və 3 nəvəsi NATO Hərbi Hava Qüvvələrinin hücumu zamanı həlak olub.

Seyfəl-Ərəb sonucu oğul olmaqla yanaşı, ölkənin siyasi həyatında heç bir rol oynamayıb. Almaniyada təhsil alan Seyfəl-Ərəb təhsilini yarımçıq qoyaraq, atasını dəstəkləmək üçün Tripoliyə gəlibmiş. Hələ bu il fevralın sonunda onun müxalifət düşərgəsinə keçdiyi haqda xəbərlər də yayılmışdı. Ancaq sonradan bu xəbərə təsdiq edilmədi. Bu ilin martında isə müxalifət mənbələri, Liviya liderinin oğlu 32 yaşlı Xamis Qəddafinin həlak olduğuna dair məlumat yaymışdılar, bu da öz təsdiqini tapmadı.

Soydaşları sayılan ərəb dövlətlərində baş verənlər Suriya lideri Bəşər Əsədə, deyəsən, hələ çatmır. Bu rejimin başçısına hələ də etirazçıları tankla qarşılayır. Bundan başqa bölgədəki terrorçularla əməkdaşlıq edir. «MIGnews»-un məlumatına görə, HƏMAS-ın Dəməşqdə yerləşən siyasi rəhbərliyi ölkəni tərk edərək, Qətərə köçüb.

Londonda ərəb dilində çıxan «əl-Həyat» qəzeti bildirib ki, Qətər hakimiyyəti qurumun Siyasi Bürosu Mərkəzi Komitəsinin başçısı Xalid Məşəli və təşkilatın başqa liderlərini qəbul etməyə razılıq versə də, yaraqlıları öz torpaqlarında görməkdən qəti imtina edib.

HƏMAS-ın Fələstindəki rəsmiləri bildirib ki, İordaniya və Misir təşkilatın uyğun istəyini rədd etdikdən sonra onlar Qətərə müraciət ediblər.

Qeyd edək ki, HƏMAS siyasi bürosunun 15 üzvü 1999-cu ildən Dəməşqdədir.

Başqa bir məlumata görə, HƏMAS-ın hərbi rəhbərliyi yaxın zamanlarda Dəməşqdən Qəzza zolağına köçürüləcək.

Qurumun yaxınlarda Qahirədə daimi ofisinin açılacağı da planlaşdırılıb. Ona Xalid Məşəlin müavini Mussa Əbu-Marzuk rəhbərlik edəcək.

On ildən artıq bir ölkədə özünə «yuva» qurmuş terrorçu bir təşkilatın Suriyanı tərk etməsi bu ölkədə vəziyyətin daha da ağırlaşacağının göstəricisi sayıla bilər. Bu baxımdan, yaxın zamanlarda Tehran hakimiyyətinin də müttəfiqi Bəşər Əsəddən imtina edəcəyi istisna deyil.

Orta Şərqdəki terrorçu təşkilatları dəstəklədiyini bəyan edən İran rejimi indi geri çəkilməkdədir. Ötən həftənin sonunda ABŞ-ın BMT-dəki təmsilçisi Süzan Rays bildirmişdi: «Suriya hakimiyyətinin dinc etirazçılara güc tətbiq etməsinə İranında yardım etməsi haqda əlimizdə sübutlar var. Bu, bizi rahatsız edir».

İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bu ittihamı təkzib edərək, deyib: «Bu ittihamlar ABŞ-a diqqəti baş verən hadisələrdən yayındırmaqla region xalqlarına informasiya və mənəvi təzyiq göstərmək üçün lazımdır».

Tunis, Misir və Liviyadakı müxalifəti dəstəkləyən Tehran hakimiyyəti Suriyadakı Əsəd rejiminə münasibətdə susmağa üstünlük verməkdədir.

BMT İnsan Haqları Şurası Suriyadakı rejimə qarşı qətnamə qəbul edib. Sənəddə dinc nümayişçilərə güc tətbiq olunması və odlu silahdan atəş açılması pislənir və buna görə Bəşər Əsəd hakimiyyəti mühakimə edilir.

«İTAR-TAAS»ın məlumatına əsasən, Avropa Birliyinə üzv dövlətlər Suriyaya silah satışına embarqo qoyulması haqda razılıq əldə ediblər.

ABŞ isə Suriya hakimiyyətinə, güc qurumlarına artıq sanksiya qoyub. «Qara siyahıya» düşənlər arasında general Mahir Əsəd, ölkə kəşfiyyatının başçısı Əli Məmlük, Suriya ictimai təhlükəsizlik xidmətinin Dara əyalətindəki keçmiş başçısı Atif Nəcib də var. Bundan başqa, sanksiya bu ölkə ərazisində fəaliyyət göstərən İran İnqilab Keşikçiləri Qvardiyasının taqımlarına da tətbiq edilib.

Suriyada baş verənlər İran İslam Respublikasının rəhbərliyi üçün ciddi xəbərdarlıq da sayıla bilər. Onsuz da İran cəmiyyəti hakimiyyətə qarşı kinlidir. Bu kinin dərinləşməməsi üçün hakimiyyətin dinc yolla, silahlar işə düşməmiş getməsi vacibdir. Başqa sözlə, dəyişiklik İran hakimiyyətini n qapısını döyməkdədir…

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 582

Oxşar yazılar