Nəhəng ilanların, anakondaların “istilası”na məruz qalan şəhər
02 noyabr 2009 13:00 (UTC +04:00)

Nəhəng ilanların, anakondaların “istilası”na məruz qalan şəhər

Piton ilanların uzunluğu 6 metri keçir, yaşıl anakondanın çəkisi 90 kiloqramdan çox olur...


Boa ve Afrika pitonu kimi təhlükəli bir çox nəhəng ilan növləri ABŞ-ın cənub-qərbində yerləşən Florida ştatını “istila” edib. Artıq ştatın mərkəzi Mayamidə də bu ilanlara rast gəlinir.


Lent.az-ın verdiyi məlumata görə, Amerika Coğrafiya İnstitutunun yaydığı açıqlamada bu böyük ilanların hər cür şəraitə uyğunlaşdıqları, şəhər mühitində belə yaşamağı bacardıqları qeyd olunub.


Başqa bir ciddi problem bu ilanların rəngləri sayəsində asanlıqla gizlənə bilmələridir. Bu səbəbdən də artıq dövlət qurumları bütün səylərini müvafiq tədbirlərin görülməsinə və təhlükənin önlənməsinə yönəldir.


Amerika Coğrafiya İnstitutunun bununla bağlı apardığı araşdırmada qeyd olunur ki, bu nəhəng ilanlar müəyyən müddətdən sonra ekosistemdə təbii müxtəlifliyi pozacaq. Çünki bu ilanlar çox sürətlə böyüyür, çoxlu sayda yumurta qoyur, böyük məsafələr qət edərək hər cür heyvanlarla qidalanır. Bu ilanların mədəsindən yarasa, sincab, kərtənkələ, iquana, hətta timsah parçaları belə tapılıb. Qurbanlarını boğaraq öldürən bu ilanların əlindən hər hansı canlının qaçması faktiki mümkünsüzdür.


Amerika Coğrafiya İnstitutunun araşdırmasında bildirilir ki, piton ilanların uzunluğu 6 metri keçə bilir, yaşıl anakondanın çəkisi 90 kiloqramdan çox olur. Araşıdramada vurğulanır ki, bu vaxta qədər insanların bu ilanların hücumuna məruz qalmasına nadir hallarda rast gəlinsə də, gələcəkdə belə hücumların sayı arta bilər.


Qeyd edək ki, bu ilin iyun ayında Floridanın mərkəzində 2 yaşlı qızı 3 metr uzunluğundakı Burma pitonu boğaraq öldürüb.
İsti iqlimi və təbii şəraiti səbəbindən Floridada 10 minlərlə Burma pitonu yaşayır. Bu pitonlar Amerika mənşəli deyil, bir zaman müəyyən həvəskar insanlar tərəfindən başqa ölkələrdən gətirilib, sonra təbiətə buraxılıb. 1992-ci il Anlrev qasırğası və 2005-ci il Mayaminin şimalını vuran Katrina qasırğası nəticəsində zooparklardan da bu nəhəng ilanların müxtəlif növləri qaçıb.

Amerika Coğrafiya İnstitutu böyük bataqlıqlarda bu ilanların daha çox məskən saldıqlarını və bu böyük bataqlıqların yanında yerləşən şəhər və qəsəbələr uçun təhlükənin miqyasının böyüdüyünü vurğulayıb.
# 3597

Oxşar yazılar