İranın casus şəbəkəsi məhkəmə qarşısında
05 avqust 2010 12:00 (UTC +04:00)

İranın casus şəbəkəsi məhkəmə qarşısında

İki ay öncə İran İslam Respublikası ilə ərəb dövlətləri arasında casus məsələsi ilə bağlı qalmaqal yaşandı.

Lent.az-ın “mignews”-a istinadən məlumatına görə, İrana casusluqda şübhəli bilinən Küveyt hərbçilərindən ibarət şəbəkənin məhkəməsi başlayıb.

Suçlu olmadıqlarını iddia edən müttəhimlərdən üçü iranlı, bir suriyalı, ikisi isə fələstinlidir. Onların vəkili isə bildirib ki, müvəkkillərinə istintaq zamanı işgəncə verilib və onlar fiziki təzyiq nəticəsində etiraf ediblər.

Xatırladaq ki, Küveytdə çıxan “əl-Qəbəs” qəzeti ölkə xüsusi xidmət orqanları tərəfindən İran İslam İnqilab Keşikçiləri Qvardiyasına aid casus şəbəkəsinin aşkarlanması barədə məlumat yaymışdı. Həmin xəbərə əsasən 7 nəfər tutulub. Onlar Küveytin Daxili İşlər və Müdafiə nazirliklərində çalışırmış. Onların 6-sı eyni casus şəbəkəsinin üzvü olub. Küveytin Sələbiyyə şəhərindəki şəbəkə liderinin mənzilində dövlət əhəmiyyətli obyektlərin fotosu, hərbi xəritə, mürəkkəb quruluşlu rabitə aparatı, habelə 250 min ABŞ dolları aşkarlanıb.

“əl-Qəbəs”-in yazdığına görə, bu şəbəkənin maliyyələşdirilməsi, əlaqələndirilməsində rolu olmuş iki livanlı da axtarışdadır. Məlumatda bildirilib ki, bu sayaq əməliyyatların keçirilməsində mütəxəssis sayılan qvardiyaçı “əlaqələndirici zabit” kimi fəaliyyət göstərib. Qəzet yazıb ki, onlar İranın İsfahan və Şiraz şəhərlərində SEPAH-ın yüksək rütbəli zabitləri ilə dəfələrlə görüşüb, təlimatlar alıb.

İran hakimiyyəti isə ittihamları rədd edib. İslam Respublikası Xarici İşlər Nazirliyi mətbuat xidmətinin katibi Ramin Mehmanpərəst bunu İrana qarşı təbliğatın tərkibi sayıb.

Küveytin təhlükəsizlik qurumundan isə bildirilib ki, casus şəbəkəsi ölkə və ABŞ hərbi bazalarının, önəmli obyektlərin fotosunu çəkməklə yanaşı, Amerika ordusunun Küveyt ərazisində keçirdiyi hərbi təlimlərin yeri və tarixi barədə məlumatlar toplayırmış.

Küveyt hökumətinin sözçüsü Məhəmməd əl-Bəsiri isə məsələyə dair araşdırmanın davam etdiyini, bu proses başa çatdıqdan sonra istintaq materiallarının prokurorluğa göndəriləcəyini söyləyib.

Küveytdə çıxan “əl-Siyassah” qəzeti isə yazmışdı ki, həbs olunanların arasında üç iranlı və bir yəmənli də var imiş. Onlar İranın Küveytdəki səfirliyinin hərbi bölməsindən aldıqları maliyyə vəsaitini casuslara verirmiş. Şəbəkə iranlı bir qadının yuxarıda bəhs etdiyimiz məsələlərə dair xəbərlər əldə etmək üçün Küveyt xüsusi xidmət orqanının əməkdaşına pul təklif etməsi ilə aşkarlanıb.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 466

Oxşar yazılar