Təbriz tacirləri tətil edib
16 iyul 2010 15:00 (UTC +04:00)

Təbriz tacirləri tətil edib

Vergilərin artırılması, işsizlik, inflyasiya Tehran hakimiyyətini təntidir

Havaların isti keçməsi ilə əlaqədar İran hakimiyyəti ölkənin 20-yə yaxın əyalətində dövlət müəssisələrində iki sutkalığa işi dayandıranda yerli mütəxəssislər bildirdi ki, bu addım tətil aksiyalarının qarşısını alınmasına yönəlib.

Bu günlərdə Təbriz bazarının iş adamları tətil keçirib.

Lent.az-ın “canaz.tv”-yə istinadən məlumatında bildirilib ki, iş adamları gəlir vergisinin 70 faiz artırılmasına, İnqilab Keşikçiləri Qvardiyasının əsas kadr bazası sayılan yarımhərbi dəstə, bəsiclər tərəfindən Elnaz Babazadənin faciəli şəkildə öldürülməsinə, Güney Azərbaycan türklərinin milli haqlarını tələb edənlərin tutulmasına etiraz aksiyası keçiriblər.

Dinc etiraz aksiya zamanı Təbriz bazarında iş yerləri, ticarət mərkəzləri, dükanları açılmayıb. Şəhərin küçə divarlarında “Vergi artımı dayandırılsın!”, “Azərbaycan türklərinə qarşı qətllərə son qoyulsun!”, “Siyasi məhbuslara azadlıq!”, “Türk dilində mədrəsə olmalıdır, hər kəsə!”, “Türk milləti çəkməz belə zilləti!” və s. şüarlar yazılıb.

Mənbənin bildirdiyinə görə, polis hadisə yerini bütövlükdə mühasirəyə alıb.

Xatırladaq ki, İran hakimiyyəti “ictimai təhlükəsizlik” kampaniyası adı altında ölkə vətəndaşlarının hüquqlarını tapdayır, bir sıra hallarda onların “aradan götürülməsində” də suçlandırılır. Ötən həftənin sonunda Təbrizin “Vəli-əsr” məhəlləsində 26 yaşlı Elnaz Babazadə adlı gənc qız başını “islam qaydalarına” uyğun örtmədiyinə görə, hakimiyyətin məmurları tərəfindən öldürülüb.

Vergi məsələsinə gəldikdə isə hakimiyyət keçən illə müqayisədə gəlir vergisini 2,5 dəfə artırmaq niyyətində idi. Ancaq Tehran bazarının tacirləri verginin bu səviyyədə artırılacağına qarşı tətil edəcəkləri ilə bağlı xəbərdarlıq etdi. Hətta Tehranda bir gün dükan və bazar etiraz niyyəti ilə qapadıldı. Tacirlərin bu addımından narahat olan hökumət bir az geri çəkilərək, vergini 70 faiz artırdığını bildirdi.

Yeri gəlmişkən, belə tətillər İranda nadir hallarda keçirilir. 2008-ci ildə Tehran bazarının keçirdiyi tətil bir həftə sürmüşdü. Onda da hökumət əlavə dəyər vergisini artırmaq istəyirdi. Tətildən sonra hakimiyyət bu niyyətindən əl çəkdi.

Hakimiyyət vergini “ölkə iqtisadiyyatının dirçəldilməsi məqsədi” ilə artırmaq istədiyini bildirir. Ancaq inflyasiyanın və işsizliyin artması cəmiyyətin ciddi narazılığına səbəb olur.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 739

Oxşar yazılar