İranla Rusiya “yol xəritəsi” imzalayıblar
15 iyul 2010 12:00 (UTC +04:00)

İranla Rusiya “yol xəritəsi” imzalayıblar

0
İranı itirməmək üçün Moskva Tehrana çeşidli sahələrdə əməkdaşlığı təklif edir. Kreml İslam Respublikasına Buşəhr Atom Elektrik Stansiyasını bu ilin sentyabrında istismara verəcəyi vədi ilə yanaşı, S-300 zenit–raket qurğusu verəcəyini də boyun olmaqdadır.

Ötən gün İranın neft naziri Məsud Mirkazımi Moskvaya səfər edib. O, Rusiyanın energetika naziri Sergey Şmitko ilə görüşüb. Səfərinin yekunu ilə bağlı keçirdiyi mətbuat konfransında deyib ki, qəbul edilmiş sanksiya Moskva ilə Tehranın əməkdaşlığına təsir göstərməyib.

Xatırladaq ki, bir müddət öncə ABŞ beynəlxalq şirkətlərə atom-nüvə proqramından imtina etmədiyi üçün İslam Respublikasının enerji ehtiyatlarına yatırım qoymamağa və bu sahədə əməkdaşlıq etməməyə çağırmışdı.

BMT Təhlükəsizlik Şurasının 4-cü qətnaməsindən iki ay öncə Rusiyanın tanınmış “Lukoyl” şirkəti isə İrana neft məhsulları verməyəcəyini bəyan etmişdi.

Moskvada enerji daşıyıcıları sahəsində Rusiya ilə İran arasında “yol xəritəsi” imzalanıb.

Lent.az-ın “İRİBnyus”-a istinadən məlumatında bildirilib ki, bu sənədə əsasən tərəflər yaxın 30 il ərzində sözügedən sahədə qarşılıqlı əməkdaşlıq edəcək və sərmayə qoyacaqlar. Bundan başqa, “yol xəritəsi”ndə neft-qaz sənayesində yeni texnologiyaların elmi-təcrübə mübadiləsi də nəzərdə tutulub.

Məlumatlara görə, Rusiya və İranda dünya neft ehtiyatının 18 faizi, təbii qazın isə 40 faizi yerləşir.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 896

Oxşar yazılar