Türkiyə və İsrail arasında gizli görüş
01 iyul 2010 12:18 (UTC +04:00)

Türkiyə və İsrail arasında gizli görüş

İsrail siyasi elitasında münasibətlər pozulub


Türkiyə və İsrail münasibətlərinin qaydaya salınması üçün gizli görüşlərin başladığı üzə çıxıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Brüsseldə İsrailin ticarət naziri Ben-Elizerlə gizli görüş keçirib.


Dünən Türkiyə vaxtı ilə saat 12.30-da başlayan görüş 2,5 saat davam edib. Görüşdə İsrail hərbçilərinin Qəzza sektoruna humanitar yardım aparan “Mavi Marmara” gəmisinə hücumundan sonra iki ölkə arasında gərginləşən münasibətlərin necə yoluna qoyula biləcəyi müzakirə olunub.


Əhməd Davudoğlu və Ben-Elezir ikinci görüş üçün gizli bir yer və tarix müəyyənləşdiriblər. İkinci görüşə qədər birinci görüşdəki müzakirələr və əldə olunan nəticələr Türkiyə və İsrailin baş nazirlərinə çatdırılacaq.


Görüşə Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Feridun Sinirlioğlu və Türkiyənin Avropa Birliyindəki daimi təmsilçisi Selim Kuneralp də qatılıb. Brüsseldə olan Türkiyənin kənd təsərrüfatı naziri Mehdi Eker və dövlət naziri Egemen Bağışın görüşdən xəbəri olmadığı iddia edilir.


İsrail mətbuatı bu görüş istəyinin Türkiyə tərəfdən gəldiyini yazıb. İsrail baş naziri Benyamin Netenyahu və müdafiə naziri Ehud Barakın dəstək verdiyi görüşdən İsrailin xarici işlər naziri, Türkiyəyə münasibətdə radikallığı ilə seçilən Lieberman xəbərdar edilməyib. İsrail mətbuatı yazıb ki, görüşün xarici işlər nazirinin xəbəri olmadan keçirilməsi Libermana həqarət, baş nazirlə xarici işlər naziri arasındakı etimada böyük zərbədir. Libermanın bu görüşlə bağlı hirsləndiyi də yazılıb.

O da qeyd olunur ki, Türkiyə tərəfi Ben-Elizerə Strasburq, Lüksemburq, ya da Türkiyənin Avropa Birliyindəki daimi təmsilçiliyində görüş keçirməyi təklif edib. Ancaq İsrailin ticarət naziri bununla razılaşmayıb. Görüşün gizli qalması üçün Brüsseldə bir oteldə başqa bir şəxsin adına nömrə sifariş verilib.

Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr isə mətbuata bu görüşün İsrailin istəyi ilə keçirildiyini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 575

Oxşar yazılar