İran savaşa hazırlaşır
24 iyun 2010 16:00 (UTC +04:00)

İran savaşa hazırlaşır

Başqalarını da buna təhrik edir
BMT Təhlükəsizlik Şurası, Avropa Birliyi atom – nüvə proqramı ilə bağlı İslam Respublikasına qarşı sanksiya qəbul etdikdən sonra əsas məsələ həmin yasaqların icrasıdır.

Qeyd edək ki, hadisələrin inkişafı üç qətnamənin icrasında ciddi problemlərin olduğunu sübut edir. Əks halda 4-cüyə ehtiyac duyulmazdı.

Bu baxımdan sonucu qətnamədə prezident Mahmud Əhmədinejadın dediyi kimi «İran üçün kağız parçası» olsa, o zaman, 5-ci və s. qətnamə qəbul ediləcək. Beynəlxalq ictimaiyyətin bu sayaq davranışı isə perspektivdə İranın atom-nüvə silahı və ya ona yaxın bir mövqe əldə etməsi ilə yekunlaşa bilər.

Amerikalılar 4-cü qətnamənin qəbulu olunması faktını belə uğur sayırlar. Onlara görə, bir çoxu bu sənədin qəbulunda problemlərin olacağını, habelə sanksiyanın yetərincə sərt olmayacağını bildirirdi.

ABŞ maliyyə nazirinin müavini Stüart Levi deyib ki, sonuncu sanksiya özəl sektorun İran hakimiyyətindən ayrılmasını tələb edir :«Belə fəaliyyət İran üçün çox önəmlidir. Odur ki, Tehrana qarşı kəskin tədbirlər daha çox hakimiyyətdən asılı olacaq» .

İrana qarşı «maliyyə boykotunun» «arxitektoru» sayılan Levi senatın xarici işlər komissiyasında bildirib ki, özəl sektora banklarda qoşulacaq və onlar İranla bütün təmasları kəsəcək : «Əslində əsas maliyyə qurumları ya İranla bütünlükdə əlaqələrini kəsib, ya da İslam Respublikası ilə əhəmiyyətli dərəcədə əlaqələrini məhdudlaşdırıb».

Onun sözlərinə görə, bir sıra müəssisələr, o cümlədən sığorta, energetika və sənaye istehsal şirkətləri Tehranla əlaqə saxlamaqdan ehtiyatlanır, öz nüfuzunu qorumağa çalışır.

BMT Təhlükəsizlik Şurası qətnaməsinin icrası ilə bağlı bir sıra dövlətlər qərar qəbul edib. Avropa Birliyi, ABŞ-ın ardınca Kanada hökuməti də İran hakimiyyətinə qarşı tədbirlərin sərtləşdirilməsi haqda sanksiya paketini təsdiqləyib.
İslam Respublikasının rəhbərliyi isə beynəlxalq ictimaiyyətlə danışıqlara başlamaqdan, qarşıdan onları gözləyən problemləri aradan qaldırmaqdansa, daha çox savaş və hədə dilində danışır.

Hər kəsə bəllidir ki, atom-nüvə texnologiyasını əldə edərək, Tehran hakimiyyəti Yaxın və Orta Şərqdə öz hegemonluğunu təmin etmək niyyətindədir. (Müqayisə qüsurlu olsa da ABŞ-la SSRİ arasında bu yöndə gedən sürətlə silahlanmanı da xatırlamaq kifayət edər).
Ötən gün İranın ali rəhbəri ayətulla Xamneyi ali təhsil müəssisəlindəki bəsiclərin (İnqilab Keşikçiləri Qvardiyasının (sipahın) əsas kadr bazası, yarımhərbi, könüllü sayılan dəstələr) bir qrupu ilə görüşü zamanı «hegemonluğu islam hərəkatının qarşısında problemlərin əsas amili» adlandırıb.

Lent.az-ın «Haqqyolu»-na istinadən məlumatına görə, o, deyib: «Hegemonluq sisteminin həssas Yaxın Şərq məntəqəsi daxil olmaqla dünya məsələlərinin ətrafına çəkdiyi qurşaq dağılıb. Onların qədim təbliğat üsullarından bir çoxu dünya xalqları üçün aşkarlanıb».

Ayətulla Xamneyi dünya səviyyəsində ABŞ və « sionist rejim»ə qarşı «nifrət dalğasının genişlənməsindən» danışaraq, bildirib :«Bu gün hətta Amerika cəmiyyətində də sionist lobbisinin güclü iştirakı əleyhinə dərin nifrət genişlənir…».

Avropa Birliyinin sanksiyasından sonra İran liderinin ilk çıxışında baş verənlərdən çıxış yolu göstərilmir, beynəlxalq ictimaiyyətlə danışığa işarə belə edilmir, əksinə mahiyyəti əvvəlkilərdən fərqlənməyən, daha çox hərbə üstünlük verən bəyanat səslənib.

ABŞ-ın müdafiə naziri Robert Geyts bu günlərdə bildirmişdi ki, İran hakimiyyəti «hərbi diktaturaya meyllənir». «İlyarım yaxın müddət ərzində biz Tehran hakimiyyətinin təbiətində buna meylli dəyişiklik görürük. İndi İranı daha dar yönlü hakimiyyət idarə edir. Din xadimləri hakimiyyətdən uzaqlaşdırılır».
Xatırladaq ki, 2005-ci il prezident seçkisindən sonra hərbçiləri təmsilçisi Mahmud Əhmədinejad hökumət başına gətirildi. O, dövlət aparatına istefada olan qvardiya zabitlərini yerləşdirdi. Ötən illərdə bu hərbi quruluş İrana, hətta atom-nüvə proqramının icrasına da tam nəzarət edir.

Son aylar Tehran hakimiyyətinin ardıcıl olaraq, keçirdiyi hərbi manevrlər, qonşu dövlətlərlə sərhəddə hərbi qüvvələri cəmləşdirməsi İslam Respublikasının danışıqlardan çox savaşa hazırlaşdığını sübuta yetirir.

İranın Cənub rayonlarındakı Hava Hücumundan Müdafiə hissələrinin komandanı Qənbərəli Salahianı bildirib ki, Tehran körfəzdə öz istehsalı olan radar sisteminin quraşdırıb.

Baş verənlərə əsasən, belə ehtimal etmək olar ki, İslam Respublikası atom-nüvə proqramını və daxildəki siyasi, ictimai və iqtisadi problemləri həll etmək üçün savaş variantına üstünlük verir. Bu məqsədlə o, bölgədəki rəqiblərinin, «düşmənlərinin» də bu addımı atmağa hazırlaşdığı barədə xəbərlər yayır.

Lent.az-ın «Fars» Xəbər Agentliyinə istinadən məlumatında bildirilir ki, İsrailinin Hərbi Hava qüvvələri Səudiyyə Ərəbistanın Tabuk şəhərindəki hərbi bazaya yerləşdirilir. Məlumata görə, ora məlum olmayan hərbi avadanlıq gətirilib. Mənbə bildirib ki, bu, İslam Respublikasına hücum hazırlığı çərçivəsində gerçəkləşdirilir.

Agentlik yazır ki, Tabuk İsrail Hərbi Hava Qüvvələrinin İrandakı atom obyektlərini bombalamaq üçün başlıca məntəqəsidir. Məlumatda bildirilib ki, şahzadə Fəhd bin-Sultan da İsrail hərbi təyyarələrinin bazaya gəlişini müşahidə edib.

Bu əməliyyat yerinə yetirilən zaman Tabuka uçan bütün mülki hava uçuşları təxirə salınıb. Bu xəbər başqa informasiya qaynaqları tərəfindən təsdiqlənməyib. Səudiyyə Ərəbistanı isə bir neçə dəfə İrana hücum üçün İsrailə hava dəhlizi verdiyi haqda yayılmış xəbərləri təkzib edib. İsrail də belə bir anlaşmanın olmadığını bildirib.

Bir sıra mütəxəssislər hesab edir ki, İranı bombalamaq üçün Səudiyyə Ərəbistanının yardımına İsrailin ehtiyacı yoxdur. Çünki İsrailin ballistik raketlər təchiz olunmuş, İranın sərhədlərinə yaxınlaşıb, nüvə obyektlərini vura biləcək «Delfin» adlı üç sualtı qayığı var. Bundan başqa İsrail Qırmızı dəniz üzərindən uçaraq, havada yanacaq doldura bilən və radarlardan yayınan təyyarələrə malikdir.

«Fars»ın başqa bir yazısında isə İran ərazisinə İsrailin Gürcüstandan hücuma keçəcəyi bildirilir. Agentlik xatırladıb ki, Təl-Əvivlə Tbilisi dostdur və Kremlə qarşı müqavimət göstərməsində İsrail Gürcüstan hakimiyyətini dəstəkləyir, onların ordusunu çağdaş silahlarla təchiz edir.
Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 621

Oxşar yazılar