Jirinovskidən ağlasığmaz istəklər
11 iyun 2010 13:30 (UTC +04:00)

Jirinovskidən ağlasığmaz istəklər

“Türkiyə Bizans kilsələrini Rusiyaya versin, ölkədə rusca ikinci ana dili olsun, İstanbul Konstantinapol adlandırılsın...”


Rusiya Liberal Demokrat Partiyasının sədri, Dumanın vitse-spikeri Vladimir Jirinovski yenə populizmi ilə yadda qalıb.


Lent.az-ın haberturk.com saytına istinadən verdiyi məlumata görə, Vladimir Jirinovski Türkiyə hökumətinə yazılı müraciət edib və Türkiyə hökumətini Bizans İmperiyasından qalan və hazırda məscid kimi istifadə edilən kilsələri Rus Ortodoksal Kilsəsinin idarəçiliyinə verilməsinə, rus dilinin Türkiyədə ikinci rəsmi dil elan edilməsinə və İstanbulun adının dəyişdirilərək Konstantinapol adlandırılmasına çağırıb.


O, bu təkliflərin həyata keçiriləcəyi təqdirdə bunun iki ölkə arasında mənəvi yaxınlaşmaya böyük fayda verəcəyini söyləyib. Vladimir Jirinovski Türkiyənin illərdir ki, Avropa Birliyinə üzvlüyünü gözləməkdən yorulduğunu və bu durumun onu təhqir etdiyini bildirib: “Avropa Birliyinə üzvlüyü gözləməyə ehtiyac yoxdur, Avropa Birliyinin gələcəyi də yoxdur, Almaniya oradan çıxsa, bu qurum çökəcək. Ən yaxşı yol Türkiyənin üzünü şimala çevirməsidir. Zatən Türkiyə-Rusiya əlaqələri çox yaxşı durumdadır, enerji, ticarət və enerji sahələrində sıx əməkdaşlıq edilir. Hər il milyonlarla rus Türkiyəni ziyarət edir, çoxlu sayda türk də Rusiyaya gəlir. Buna görə də Türkiyədə rus dilinin ikinci rəsmi dil olması çox yaxşı olar”.


Vladimir Jirinovski onu da əlavə edib ki, əgər Türkiyə Avropa Birliyinə qəbul edilməməsinə etiraz olaraq NATO-dan çıxarsa, Rusiya və İranla birgə Cənub NATO-su qura bilər: “Ancaq bu yeni güc mərkəzini qurmazdan əvvəl Türkiyədəki 500 kilsəni Rusiyaya vermək lazımdır. İstanbul, Ankara, İzmir, İskenderun və digər şəhərlərin küçələrində rus dilində danışılmalıdır. Ayasofya Bizansın simvolu idi. Ayasofyanı təkrar Rus Ortodoksal Kilsəsinin ən önəmli məbədlərindən biri halına gətirmək istəyirik. Belə olarsa, tək Rusiyadan deyil, Bolqarıstan, Yunanıstan, Rumıniya və Serbiya kimi ortodoksal ölkələrdən Türkiyəyə axın olacaq. İstanbulun da adını geri qaytarın. Zatən biz Rusiyada bolşeviklərin dəyişdirdikləri köhnə adları yerinə qaytarırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 465

Oxşar yazılar