İranlı deputatlar: “Rusiya İslam Respublikasının heç vaxt dostu olmayıb”
09 iyun 2010 16:00 (UTC +04:00)

İranlı deputatlar: “Rusiya İslam Respublikasının heç vaxt dostu olmayıb”

Rusiya ilə İran rəsmiləri arasında diplomatik söz güləşdirməsi davam edir. Prezident Mahmud Əhmədinijat Moskvaya xəbərdarlıq edərək, rusları İranla “düşmənçilik etməkdən çəkinməyə” çağırıb.

İslam Respublikası Məclisinin bir sıra üzvləri yeni sanksiyanın qəbulu məsələsində Rusiyanın tutduğu anti-İran mövqeyini pisləyərək, ən kəskin ifadələr işlədiblər: “1979-cu il inqilabından bəri Moskva heç zaman İranın dostu olmayıb”.

Parlamentin milli təhlükəsizlik və beynəlxalq siyasət üzrə komitəsinin üzvü Əvəz Heydərpurun sözlərinə görə, Rusiyanın İran qarşısında götürdüyü öhdəlikdən çəkildiyinə İranın bütün rəsmiləri əmindir.

Lent.az.ın İranda çıxan “Tehran Times”-a istinadən məlumatına görə, komitə üzvü “Rusiya heç vaxt İslam Respublikasına dost olmayıb” - söyləyib.

Məclisin başqa bir üzvü Həsən Qafurifərd qeyd edib ki, Rusiya islam inqilabının prinsiplərini təqdir etməyib, bu baxımdan, ondan “dostluq gözləməyinə dəyməz”. “Şəxsən mən nə inqilabdan əvvəl, nə də ondan sonra keçmiş sovetlər birliyinə inanmamışam. İslam inqilabının qələbəsindən sonra da onlar inqilabı dəstəkləmədiklərini göstərdilər” - deyə, deputat bildirib.

Heydərpur onu da vurğulayıb ki, Qərbin İrana qarşı mövqeyi dəyişmədiyindən, nüvə proqramı ilə bağlı fəaliyyət əvvəlki siyasət üzrə davam etməlidir.

Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatında isə bildirilir ki, Tehranın nüvə proqramı dünyanı qayğılandırdığından Rusiyanın baş naziri Vladimir Putin Mahmud Əhmədinijatı beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlığa çağırıb: “Prezident Əhmədinijat yaxşı bilir ki, Buşəhr Atom Elektrik Stansiyasındakı işlərimizi başa çatdırıb, avqustda onu istismara verəcəyik. Bununla yanaşı, biz hesab edirik ki, İran nüvə proqrammı ilə bağlı narahatlığı aradan qaldırmalıdır. Biri-birimizin maraqları nəzərə alınarsa, zaman gələcəyə nikbin baxa bilərik”.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 431

Oxşar yazılar