İran da Qəzzaya “karvan” göndərir
04 iyun 2010 13:15 (UTC +04:00)

İran da Qəzzaya “karvan” göndərir

“Press TV”-nin müxbiri sərbəst buraxılıb

İsraillə Türkiyə arasında baş verən məlum hadisə çeşidli şəkildə dəyərləndirilməkdədir. ABŞ hökumətinin Yaxın və Orta Şərq üzrə xüsusi nümayəndəsi Corc Mitçell ötən gün İsrailin baş naziri Benyamin Netanyahu, müdafiə naziri Ehud Barak və Fələstin Muxtariyyatının sədri Mahmud Abbasla görüşüb. Müzakirələrdən sonra o, qeyd edib ki, gəminin girov götürülüməsi “sülh danışıqlarında tərəqqiyə nail olmağın vacibliyini bir daha meydana çıxardı”. O, baş vermiş olayı “faciə” adlandırıb.

Dənizdəki hadisədən sonra İsrailin xarici siyasət və müdafiə komissiyasının iclası keçirilib. Toplantıda MOSSAD-ın rəhbəri Meir Daqan çıxış edərək, bildirib: “Avropa Birliyi və Avropanın bir sıra dövlətlərinin yanlış siyasəti nəticəsində Türkiyə hökuməti Suriya və İranla yaxınlaşmağa can atır”.

MOSSAD-ın başçısı İranı da tənqid edib: “İran hakimiyyəti xaricdə və daxildə öz müxalifətinə qarşı terrora əl atmasına baxmayaraq, İsraili terrorçuluqda günahlandıraraq, Türkiyə-İsrail arasında yaranmış problemdən maksimum yararlanmağa çalışır”.

İsrail rəsmisi baş verənlərdən İslam Respublikasının əli olduğunu iddia edib.

Xatırladaq ki, İsrail desantları tərəfindən tutulanlar arasında İranın rəsmi dövlət kanalı “Press TV”-nin müxbiri Həsən Qəni də olub.

Türkiyə ilə İsrail arasında gərginlik aradan qalxmamış, İran da bir neçə həftədən sonra öz “azadlıq karvanı”nı Qəzza zolağına göndərməyi planlaşdırır. Lent.az-ın “islamnews”-a istinadən məlumatında bildirilib ki, 6 gəmidən ibarət olacaq bu “karvan”da getmək istəyən İslam Respublikası vətəndaşlarının qeydiyyatı başlayıb.

Bu kampaniyaya İran məclisinin 4 üzvünün qatılacağı gözlənilir.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 576

Oxşar yazılar