İran Gürcüstanın könlünü almağa çalışır
24 may 2010 16:00 (UTC +04:00)

İran Gürcüstanın könlünü almağa çalışır

ABŞ diplomatı bu əlaqələrə laqeyd deyil

Ötən ilin avqustunda Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra İran İslam Respublikasının rəhbərliyi Moskvanın Abxaziya və Cənubi Osetiyaya yönəlik siyasətini təqdir etdi.

Son zamanlar Moskvanın bir qədər məsafəli davranışını görən Tehran rəsmi Tbilisi ilə münasibətləri qaydasına salmağa çalışır.

İyunda isə İranın xarici işlər naziri Mənuçehr Müttəkinin Gürcüstana səfər edəcəyi gözlənilir. İslam Respublikası Xarici İşlər Nazirliyi mətbuat xidmətinin katibi Ramin Mehmanpərəstin sözlərinə görə, bir qrup iranlı jurnalist Tbilisiyə gedib. O, bildirib ki, Gürcüstanın baş nazirinin İrana gələcəyini gözləyirlər.

R.Mehmanpərəst jurnalistlərin iştirakı ilə Tehranda keçirilən Dəyirmi masada bildirib ki, üç aydan sonra Gürcüstan və İran viza rejimini ləğv edəcək: “Bu istiqamətdə danışıqlar artıq başlayıb və üç aya başa çatacağı gözlənilir. Bu isə o deməkdir ki, İranla Gürcüstan arasında vizasız rejim olacaq”.

İran KİV-in yazdığına görə, Mənuçehr Müttəkinin Tbilisiyə səfəri zamanı vizasız rejimlə bağlı tərəflər arasında uyğun sənəd imzalanacaq.

İranın Gürcüstana təyin olunmuş yeni səfiri Məcid Səmədzadə Sabiri qəbul edən Gürcüstan prezidenti Mixail Saakaşvili İslam Respublikasının hökumət başçısı Mahmud Əhmədinijatı ölkəsinə dəvət edib.

İranlı səfir Gürcüstan paytaxtında keçirdiyi mətbuat konfransında deyib ki, energetika sahəsində ikitərəfli əməkdaşlıq üçün çox böyük imkanlar var. Onun sözlərinə görə, İran Gürcüstanda Su Elektrik Stansiyasının tikməyi də planlaşdırır.

Gürcüstan-ABŞ münasibətlərinə toxunan səfir 2006-cı ilin yanvarında (Şimali Qafqazda iki təbii qaz kəməri partladılarkən – S.S.) Gürcüstanda yaşanan məlum böhranı xatırladaraq, deyib ki, onda İslam Respublikası “sizə təbii qazla yardım etməyə hazır olduğunu bildirmişdi. Ancaq onda ABŞ sizə yardım etmədi. Halbuki buna sizin daha çox ehtiyacınız var idi”.

M.Səmədzadə Batumidə İranın konsulluğunun açılacağını da mətbuat təmsilçilərinə söyləyib.

ABŞ-ın Gürcüstandakı səfiri Con Bass bu gün bildirib ki, ölkəsi nəzərdə tutulan bu səfərə laqeyd deyil. Lent.az-ın yerli “Rezonansi” qəzetinə istinadən məlumatına görə, səfir deyib: “Fikrimcə, İran prezidenti Gürcüstana gəlirsə, həmin səfər zamanı daha çox təhlükəsizlikdən danışılacağına biz əmin olmalıyıq”.

Onun sözlərinə görə, bu məsələ “iki qonşu (!?-S.S.) dövlət arasında çox vacibdir”.
Amerikalı diplomat yeri gəlmişkən Vaşinqton-Tehran münasibətləri barədə də danışıb: “Amerikanın yeni rəhbərliyi İran hakimiyyəti ilə danışıqlara başlamağa cəhd göstərir. Ancaq bu səylər hələ də istənilən nəticə verməyib”.

Sədrəddin Soltan
# 369

Oxşar yazılar