Tehran iki adamını bir fransız xanıma dəyişdi
20 may 2010 13:15 (UTC +04:00)

Tehran iki adamını bir fransız xanıma dəyişdi

İranla Fransa arasında “casusların” dəyişdirilməsi ilə bağlı təhlükəsizlik qurumları arasında sövdələşməyə dair xəbərlər yayılmaqdadır.


Ötən gün Fransada həbsdə olan Əli Vəkilirad azad edilib. Ondan bir neçə gün öncə isə İrandakı keçirilmiş prezident seçkisini və sonrakı etiraz aksiyalarını müşahidə etmiş fransız jurnalist Klotild Reys sərbəst buraxıldı.


Lent.az-ın İLNA-ya istinadən məlumatında bildirilib ki, ETTELAAT-ın başçısı Heydər Məhsuli bu hallar arasında heç bir əlaqə olmadığını deyib. Onun sözlərinə görə, İran tərəfi Ə.Vəkiliradın Fransa həbsxanasında saxlanıldığı zaman hüquqlarının pozulması məsələsini araşdırır.

Xatırladaq ki, Əli Vəkilirad şah devrildikdən sonra ölkəyə baş nazirlik etmiş Şahpur Bəxtiyarı qətlə yetirməkdə ittiham olunaraq, 19 il Fransa həbsxanasında saxlanılıb. Ölkə məhkəməsi suçuna görə onu ömürlük azadlıqdan məhrum etmişdi.

O, Parisdən Tehrana qayıdarkən dövlət səviyyəsində “qəhrəman” kimi qarşılanıb. Onu parlamentin xarici siyasət və təhlükəsizlik komissiyasının üzvü Kazım Cəlali və Xarici İşlər Nazirliyinin rəsmisi Həsən Qaşqavi qarşılayıb.

Fransa məhkəməsi iddia edirdi ki, Əli Vəkili və ETTELAAT-ın daha iki məmuru - Firudin Buyurəhmədi və Məhəmməd Azadi ilə birlikdə 1991-ci ildə Şahpur Bəxtiyarın Paris yaxınlığındakı evinə soxularaq, onu və köməkçisi Suruş Kətibənin başını bıçaqla kəsiblər. Onu da qeyd etmək lazımdır ki, B.Şahpurun yaşadığı mənzili 13 fransız polis qoruyurmuş.

1994-cü ildə Paris məhkəməsində verdiyi ifadədə Ə.Vəkilirad İslam Respublikası kəşfiyyat orqanın məmuru olduğunu və o biri həmkarları ilə birlikdə Şahpur Bəxtiyarı öldürməyə göndərildiklərini etiraf etmişdi.

Fransa məhkəməsi bu günlərdə İran İslam Respublikasına başqa bir müttəhim təhvil verib. Paris məhkəməsi iranlı mühəndis Məcid Kakavəndi ABŞ təhvil verməkdən imtina etmişdi. O, Amerika tərəfindən elektron avadanlığının qanunsuz istifadəsində, İslam Respublikasına qarşı tətbiq olunun embarqonu pozmaqda ittiham olunur.

Amerikanın hüquq mühafizə orqanlarının iddiasına əsasən, Kakavənd ABŞ istehsalı olan yüksək səviyyəli 1,2 milyon dollarlıq elektron texnologiyasını internet vasitəsi ilə əldə edərək, Malayziyadan İrana aparıb.

5 ay Fransa həbsxanasında saxlanılmış Məcid Kakavənd, əməllərində qanun pozuntusu aşkarlanmadığı üçün məhkəmədən sərbəst buraxılıb.

Beləliklə, Paris və Tehran rəsmiləri “müttəhim alveri” barədə səslənən ehtimalları ört-basdır etməyə çalışsalar da, baş verənlər bunun əksini sübut etməyə imkan verir. İranda ETTELAAT tərəfindən tutulmuş 24 yaşlı fransız müəlliməni çeşidli cinayətlərdə ittiham olunan iki İran vətəndaşına dəyişərkən də Fransa məhkəməsi müttəfiqlərinin rəyini belə nəzərə almadı. Odur ki, onda müəllimə Klotild Reysin də adi fransız olmadığı qənaətinə gəlmək olar. Ondan ötrü Fransa İrana 300 min dollar ödəməklə yanaşı, iki nəfəri də sanki peşkəş edir...

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 710

Oxşar yazılar