Moskvada keçiriləcək hərbi paradın sıra ardıcıllığı bəlli oldu - SXEM
06 may 2010 17:00 (UTC +04:00)

Moskvada keçiriləcək hərbi paradın sıra ardıcıllığı bəlli oldu - SXEM

Mayın 9-da Moskva şəhərinin Qızıl Meydanında faşizm üzərində qələbənin 65 illiyi münasibəti ilə keçiriləcək hərbi paradın sxemi açıqlanıb. Lent.az-ın “Komsomolskaya Pravda” qəzetinə istinadən verdiyi məlumata görə, son hazırlıqda paradda şəxsi heyətin və hərbi texnikanın keçid ardıcıllığı dəqiqləşib.
Paradın rəsmi açılışından sonra öncə tribunanın önündən barabançılar bölüyü keçid edəcək. Barabançıların ardınca meydandan bayraq qrupu Rusiya Federasiyasının Dövlət Bayrağını, Qələbə Bayrağını və Rusiya Silahlı Qüvvələrinin bayrağını aparacaq. Bundan sonra cəbhələrin ştandartları, daha sonra bayraqdarlar bölüyü, bunun ardınca Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin Fəxri Qarovulları keçəcəklər.
Tribunanın önündən daha sonra bölük Böyük Vətən Müharibəsi dövrünün piyadalarından, 1941-1945-ci illərin Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin bölükləri addımlayacaq.
Ardıcıllığa əsasən MDB iştirakçı dövlətlərinin hərbçilərindən ibarət bölüklər müharibə dövrünə aid bölüklərdən sonra keçid etməlidirlər. MDB dövlətlərinin hərbçiləri hər bir dövlətin bayrağı altında əlifba ardıcıllığı ilə tribuna önündən addımlayacaq. MDB qüvvələrini Azərbaycan hərbçiləri “çəkəcək”. Öncə tribunanın önündən Azərbaycanın beynəlxalq sülhyaratma əməliyyatlarında iştirak edən sülhməramlı taborun 75 nəfərlik bölüyü keçəcək. Azərbaycan bayrağını daşıyan hərbçilərin ardınca meydana Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan və Ukrayna hərbçiləri daxil olacaq.
Keçmiş SSRİ-nin qələbə qazanmasında mühüm rol oynamış bu dövlətlərin ardınca antihitler koalisiyasına daxil olmuş Polşa, Böyük Britaniya, ABŞ və Fransa qüvvələri meydana daxil olacaq. Bu qüvvələrin ardınca, SSRİ-nin süqutundan sonra özünü neytral dövlət elan etmiş Türkmənistanın atlı bölüyü keçid edəcək.
Paradın növbəti mərhələsində qüvvələr aşağıdakı ardıcıllıqla keçid edəcəklər. Prezident alayının Fəxri kavaler eskortu, Rusiya SQ-nin Ümumqoşun Akademiyası, Rusiya MN-in Hərbi Universiteti, N.Jukovski və Y.Qaqarin adına Hərbi Hava Akademiyası, Yaroslavl Ali Zenit-Raket Məktəbi, F.Uşakov adına Baltik Hərbi Dəniz İnstitutu, Sahil Mühafizəsinin piyada taboru, Böyük Pyotr adına Strateji Təyinatlı Raket Qoşunları Hərbi Akademiyası, Strateji Təyinatlı Raket Qoşunlarının Serpuxovski Hərbi İnstitutu, A.Mojayski adına Hərbi Kosmik Akademiya, Moskva Hərbi Radiotexnika İnstitutu, Ryazan Ali Hava Desant Komandanları Məktəbi, Hava Desant Qoşunlarının 331-ci parad bölməsi, Moskva Sərhəd Qoşunları İnstitutu, Rusiya Daxili Qoşunlarının taboru, Rusiya Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Akademiyası, Rusiya Xüsusi Tikinti Hərbi-Texniki Universiteti, Moskva Hərbi Dairəsinin 5-ci və 27-ci motoatıcı briqadası, Moskva Ali Hərbi Komandanlıq Məktəbi. Paradın sonunda isə hərbi orkestrin müharibə dövrünə aid hərbi mahnıların ifası ilə nümunəvi keçidi baş tutacaq.
Bundan sonra isə Rusiya Quru Qoşunlarına məxsus hərbi texnikaların, zenit-raket komplekslərinin, ən sonda isə hərbi aviasiya nümunəvi keçidlə paradı bağlayacaq.

Hesablamalara görə, piyadalar “qutu”ların dağılmaması üçün dəqiqədə 120 addım atmalıdırlar. Artıq hazırlıq zamanı tədbirə qatılan bütün qüvvələrdə paradın sıra nizamını təşkil edən düzgün addımlamanı təmin etməyə nail olunub.
Rəşad Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 748

Oxşar yazılar