İran və Çinin mətbuat “sevgisi” eynidir
03 may 2010 15:00 (UTC +04:00)

İran və Çinin mətbuat “sevgisi” eynidir

Bu gün Beynəlxalq Mətbuat günüdür. Bir sıra qurumlar apardıqları çeşidli araşdırma və monitorinqlərin nəticəsində söz və mətbuat azadlığına düşmən kəsilən rejimlər barədə məlumat yayıb.

Almaniyanın Jurnalistlər Birliyi İran İslam Respublikası və Çin Xalq Respublikasını “mətbuat azadlığının düşməni” adlandırıb. Lent.az-ın məlumatına görə, qurum təmsilçiləri bildirib ki, Tehran və Pekin müasir informasiya-kommunikasiya texnologiyasından istifadə etsələr də, insan haqlarının pozulması və mətbuata təzyiqlərlə bağlı informasiyanın ölkə sərhədlərindən xaricə ötürülməsinə imkan verilmir.

Almaniyanın “Deutsce Well” radiosunun baş direktoru Erik Betermanın sözlərinə görə, Pekin və Tehran hakimiyyətləri dünyada söz və mətbuat azadlığı ilə bağlı mövcud qaydalara qarşı çıxır, ölkə daxilində bu istiqamətdə yasaqlar tətbiq edirlər.

Baş direktor bildirib ki, hər iki ölkə peyk vasitəsi ilə yayımlanan xarici teleradio şirkətləri verilişlərinin daxildə yayımlanmasının qarşısını almaq məqsəd ilə çeşidli “süzgəc”lərdən yararlanır. Saytlar və başqa bu sayaq informasiya vasitələri də bu dövlətlərdə problemlə üzləşir, onların yayımına məhdudiyyətlər qoyulur və s.

Almaniya Jurnalistlər Birliyinin sədri Mixail Konke baş direktorun bəyanatını dəstəkləyərək, əlavə edib: “Bütün maneələrə baxmayaraq, Tehran və Pekin kimi diktatura rejimləri ölkə vətəndaşlarını “kar” və “kor” saxlamaq iqtidarında deyillər. İnformasiya texnologiyaları günü-gündən inkişaf etdiyindən, bu hal mürtəce rejimləri məyus edəcək”.

Bu günlə bağlı Sərhədsiz Reportyorlar Birliyi yeni kitab-albom nəşr edib. Kitaba dünyada mətbuat sahəsində ən çox təzyiqlərə məruz qalmış 14 ölkə barəsində materiallar daxil olunub. Ötən ilin yayında prezident seçkisinin rəsmi nəticələrinə etiraz zamanı İranın silahlı qüvvələri tərəfindən öldürüldüyü iddia edilən, Neda Ağasoltanın da şəkli kitab-albomda verilib. Birlik təmsilçisinin dediyinə görə, “Neda dünyada diktaturaya müqavimət simvoluna çevrilib”.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 751

Oxşar yazılar