Xamneyi ləhcəni dildən ayıra bilmir?
27 aprel 2010 14:00 (UTC +04:00)

Xamneyi ləhcəni dildən ayıra bilmir?

Son zamanlar İran İslam Respublikası rəsmiləri təhlükəsizlik məsələsi ilə bağlı narahatlıqla danışırlar. Lent.az-ın “Fars” xəbər agentliyinə istinadən məlumatında bildirilib ki, aprelin 25-də İranın ali rəhbəri ayətulla Xamneyi Daxili İşlər Nazirliyinin komandanları və məmurlarını qəbul edib. O, çıxışında silahlı qüvvələrin daha məsuliyyətli davranmasına toxunaraq, deyib: “Təhlükəsizlik qüvvələri öz güclərini göstərməklə yanaşı, xalqa qarşı çox səmimi və nəzakətli davranmalıdır. Bu, təhlükəsizlik qüvvələrimizin iki önəmli xüsusiyyətidir”.

İranın lideri polis və təhlükəsizlik işçilərinin biri-biri ilə əlaqəli şəkildə işləməsinin vacibliyini vurğulayaraq, onların fəaliyyətinin əlaqələndirilməsi və proqram çərçivəsində hərəkət etməsinin vacibliyini söyləyib. O, bu qurumların vətəndaşlara qarşı daha səmimi davranmasının zəruri olduğunu söyləyib: “Ancaq sosial, siyasi məsələlərlə və əxlaqsızlıq faktları ilə bağlı məsələlərin həllində bu qurumlar daha kəskin addım atmalıdır. Cəmiyyətin əxlaqını pozmağa cəhd göstərənlərə meydan verilməyəcək”.

Lent.az-ın İran mətbuatına istinadən verdiyi məlumata görə, Tehran hakimiyyətinin başçısı bir qrup tələbəni qəbul edərək, ölkədəki fars olmayan etnik qrupların dilinin yamsılanmasının “haram” olduğunu deyib: “Cəmiyyətdə yayılmış pis adətlərdən biri etnik qrupların ləhcəsini (!?-S.S.) yamsılamaqdır. Ləhcəsi yamsılanan bu insanlar son yüz ildə ölkə baş vermiş mühüm olaylarda xarici düşmənin qarşısında dayanıblar. Düşmənə qarşı müqavimət göstərən bölgələrdən biri Gilan, o biri Xorasan və Azərbaycan əyalətləridir. Onların ləhcəsinin yamsılanması haramdır”.

İran İslam Respublikasının ali rəhbəri “ləhcə” dedikdə nəyi nəzərdə tutur?

Əslində ayətulla Xamneyinin Azərbaycan türkcəsini “ləhcə” adlandırması fars şovinistlərinin “Azərbaycan türkcəsi fars dilinin bir ləhcəsidir” - tezisindən doğan düşüncədir. Görünür, İran İslam Respublikasının lideri 80 illik bu təbliğatdan qurtula bilməyib.

Ayətulla Xamneyi “cəmiyyətin əxlaqını pozmağa cəhd göstərənlərə meydan verilməyəcək” – fikriylə də nə demək istədiyini açıqlamayıb.

Aprelin 26-da ETTELAAT üç həmədanlı müəllimi həbs edib. Onlar Həmədan əyalətində müəllimlərin hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərdiklərinə görə öncə də təqiblərə məruz qalmışdılar. Təhlükəsizlik xidmətinin əməkdaşları üç həmədanlı müəllim - Əli Nəcəfi, Məhəmməd Xani və Səid Cahanara ETTELAAT-ın Həmədan şəhərindəki şöbəsinə aparılaraq, dindiriliblər. İki saatdan çox çəkən istintaqdan sonra adı çəkilən müəllimlərin təhlükəsizlik xidmətinin təcridxanasına köçürüldükləri bildirilir.

Xatırladaq ki, 4 gün sonra İranda müəllim günü münasibətilə bir sıra etiraz aksiyalarının keçiriləcəyi planlaşdırılır. Bir çox həmkarlar ittifaqı və müəllimlərin hüquqlarını müdafiə qurumları bəyanatlarla çıxış edərək, əhalini bu aksiyalarda fəal iştirak etməyə çağırıblar. Hakimiyyət isə önləyici tədbirlər keçirərək, son bir həftədə fəal müəllimlərə təzyiq göstərməyə başlayıb.


Başqa bir xəbərdə isə bildirilib ki, Azərbaycan türklərinin milli haqları uğrunda dinc mübarizə aparan təbrizli Səməd Mövlaqulunun məhkəməsi keçirilib. İran İnqilab Məhkəməsinin Təbrizdəki şöbəsi S.Mövlaqulunu “millətçi görüşü yaymaqda”, başqa bir azərbaycanlı Məhəmməd Yərhunla birlikdə sərhəddən qanunsuz Türkiyəyə keçərək, sonra gizli şəkildə ölkəyə qayıtmaqda günahlandırıb.

Təbriz məhkəməsindəki prosesin nəticəsi barədə hələ bir məlumat yoxdur. Hər azərbaycanlı 2 il öncə “qanunsuz aksiyalarda iştirak etməkdə” və “dövlət quruluşuna qarşı təbliğatda” günahlandırılaraq 91 gün şərti həbsə məhkum edilmişdi.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 549

Oxşar yazılar