Smolensk səmasından Krakov məzarlığına - REPORTAJ
15 aprel 2010 18:00 (UTC +04:00)

Smolensk səmasından Krakov məzarlığına - REPORTAJ

Polşa lex Kaçinskiyə “əlvida” deyir

Bu, bir müharibə idi: baş verdi və bitdi!

Asan deyil, artıq 5-ci gündür Polşa qlobal müstəvidə şahsız oynayır...

Polşada əksər maşın və evlərin damında qara lent bağlanmış dövlət bayraqları asılıb. İnsanların ziyarət etdiyi prezident rezidensiyasının qarşısı, o cümlədən strateji əhəmiyyətli binaların, mərkəzi küçələrin hamısında yüksək təhlükəsizlik tədbirləri görülüb. Paytaxt Varşava da daxil olmaqla, ölkənin bütün əyalətlərində əyləncə mərkəzləri fəaliyyətini dondurub. Yazılı və elektron mətbuat mərhumun xatirəsinə həsr edilmiş, onun həyat və fəaliyyətini əks etdirən xüsusi buraxılışlar ərsəyə gətirir. Küçələr onun xatirəsini yad edən plakatlarla “bəzədilib”. Əyalətlərdən minlərlə insan paytaxta, mərhum prezident Kaçinski ilə vidalaşmağa axışır. Buraya insanlar təkcə faciəvi şəkildə itirdikləri dövlət başçıları ilə vidalaşmağa deyil, həm də mənzil başına “300 metr” daha tez çatmağın bədəli ilə barışmağa toplaşıb. Saya gəlməz bir kütlə var qarşımızda! Bu axını şərtləndirən ən ötə amil milliyyətçilik, milli birlikdir!

...Aprelin 13-də doğmaları və dostlarının Kaçinski ilə rəsmi vida mərasimindən sonra prezident rezidensiyasının qapıları sadə vətəndaşların üzünə açıldı. Hazırda minlərlə insan prezident rezidensiyasına daxil olub, mərhum Kaçinskinin tabutu ətrafında dövrə vurmaq üçün usanmadan sırasını gözləyir. Bizdə belə deyirlər: iynə atsan, yerə düşməzdi! İstənilən halda, bu acını qanmaq üçün mütləq deyil polyak olmaq, aramızda böyük hərflərlə tarixi bir uyğunluq hökm sürür.

Yaxası medallarla dolu qocaman bir kişi dedi bunu: bu dəhşətdir, sanki bu da bir müharibə idi, baş verdi və bitdi!

Onu da qeyd edək ki, əvvəlcə Polşanın mərhum prezidenti Lex Kaçinskinin və xanımı mərhum Mariya Kaçinskanın aprelin 17-də dəfn ediləcəyi gözlənilsə də, ayın 13-də yerli xəbər agentlikləri dəfn mərasiminin aprelin 18-nə keçirildiyini bildirdilər. Mərhumlar Krakov şəhərində yanaşı dəfn ediləcəklər. Dəfn mərasimində müxtəlif ölkələrin dövlət və hökumət başçılarının iştirakı gözlənilir.

Polşalı həmkarlarımdan biri deyir ki, mərhum Kaçinski bəzən siyasi məhdudiyyətlərin mümkün etdiyindən artıq ədalətli bir insan olub! Onun fikrincə, Kaçinskiyə müxalif olmaq asan deyilmiş: “səbəb sadədir, Kaçinski insanların ona qarşı olması üçün ciddi bir əsas verməməyə çalışırdı”.

Kaçinski ölkəsinə mümkün imkanlardan istifadə etməklə müxtəlif sferaların inkişafı üçün investorların axınına nail ola bilmişdi. Sıravi vətəndaşlar hesab edirlər ki, insanlar onun rəhbərliyi dövründə şəxsi təsərrüfatlarını yarada, bu sahədə əngəlsiz kredit əldə edə, fabriklər inşa edə bildilər. Bu arada söhbət məhz azərbaycanlılardan da gedir və qeyd etməliyəm ki, Polşanın meyvə təsərrüfatlarında aktiv fəaliyyət göstərən azərbaycanlılar kifayət qədərdir. Şəxsi bizneslərinin qurulmasında, meyvə məhsullarının dünya bazarlarına çıxarılmasında bu müddətdə həmyerlilərimiz kimi daha çox dövlət də maraqlı olub.
İndi Polşada işsizlik bir problem kimi mövcudiyyətini itirməkdədir və bütün bu kimi inkişaf meyllərinin hamısı məhz mərhum Kaçinskinin ayağına yazılır. Başqa sözlə, onun və digərlərinin faciəvi şəkildə həlak olması təkcə Polşa xalqı üçün deyil, buradakı qeyri-millətlər, o cümlədən azərbaycanlılar üçün də üzücüdür.

Bu qəzadan Allahın xəbəri yoxdur! (?)

Polşa xalqı katolik dini asılılıqlarıyla tanınır və kifayət qədər dindar millət hesab edilirlər. Vida mərasiminə kimi (Fransa mətbuatında kütləyə təsir edən versiyalar dərc olunanadək - red) onlar təxminən belə düşünürdülər: xeyirlisini Allah bilir, əslində heç kim ölməyib, əksinə, onların hamısı əbədiyyət qazanıblar! Aprelin 12-də isə Fransa mətbuatı baş vermiş qəzanın təsadüfi olmadığına eyham etdi və bu xəbərlər hazırda Polşa xalqı arasında sürəkli müzakirə olunmaqdadır. Deməliyəm ki, məlum xəbərlər sıradan avropalının nəzərlərində Rusiyanı vahiməli bir ölkəyə çevirib! Daha çox dini kontekstdə insanlar baş verənləri təsadüf saymır. Saya, həm də ikrah dolu müzakirələr sürür: bu qəzadan Allahın xəbəri yoxdur!
Bir daha qeyd edək ki, Prezident Kaçinskinin məqsədi Polşa nümayəndə heyəti ilə birgə Rusiyada Xatın qətliamının 70 illiyinə həsr edilmiş mərasimdə iştirak etmək idi. İkinci Dünya Müharibəsi dövründə Xatında iyirmi mindən çox polşalı zabit Sovetlərin məxfi milisi tərəfindən qətlə yetirilmişdi. Qəribə də olsa, məramı qətliamı qəlbən və dövlət səviyyəsində anmaq olan polyak xalqı məcazi olsa da növbəti bir qətliamı sinirmək zorundadır. Analoqu olmayan bu hadisə aşağı-yuxarı bir neçə il sürən müharibənin sonuclarına bərabər ölçülür...

Yiyəsi ölmüş ölkə...

...yiyəsiz də deyil! Sarsılan Polşa xalqı baş vermiş bu tarixi faciəyə, ağlasığmaz təmkin nümayiş etdirir. İnanılmazdır, bu günlərdə onlar öhdələrinə düşən vəzifənin dünənkindən iki dəfə çox çalışmaq, işləmək olduğunu söyləyirlər... Onların arşınında istənilən panika, xaos cəmi 7 gün yaşaya bilər və polyak psixologiyasına görə bircə saat belə bu nimdaş sindromlara aman verməməklə ölənlərin ruhunu şad etmək mütləqdir! Onu da xüsusilə qeyd edim ki, hadisə baş verən gün bəndəniz Varşavada yerləşən Şopen adına hava limanında idi və bu ölkənin məcazi olaraq yiyəsiz olduğu fəaliyyətdə deyil, yalnız ara-sıra nəzərlərdə hiss olunurdu...
Polşada populyar teleaparıcılardan olan Veronika Pozura hadisələri yaxından izlədiyini, baş vermiş hadisənin qəza olduğuna əmin olduğunu söyləyir. Onun sözlərinə görə, əgər təyyarə 4 dəfə havada dövrə vura bilirsə, demək hava şəraitinin pis olduğu faktdır və bu üzdən inad etmədən, təklif olunan digər bir hava limanına enə bilərdi. “Burada qəsddən söhbət gedə bilməz. Əgər kimsə rusları günahlandırırsa, bəyəm qəsdi elə startdaca etmək olmazdımı? Pilot cavan olub. Onun yerinə qocaman bir pilot olsaydı, prezidentin təkidinə belə məhəl qoymaz, sonradan çırpılacağı ağacı belə görə bilmədiyi bir dumanda riskə getməz, alternativ variant seçərdi”...
Ruslar belə deyir: Три вещи нельзя скрыть: любовь, беременность и езду на верблюде (самолете-red)...
...Mərhum Kaçinskinin haqqında yazılı və ya şifahi hər şey nə yazıq ki, indi keçmiş zamana əsaslanır! Nə qədər acı olsa da onun qurmaq istədiyi gələcəyi ilkin ehtimala görə sıradan bir pilot ÖZÜylə birlikdə keçmişə gömdü! Kim inanar: sən demə, Polşa kimi əzəmət üçün tər tökən bir ölkənin anasını ağlatmağa cəmi bir pilot yetərmiş! Yaxşı, bəs doğrudanmı hər şey pilotun səhvi üzündən baş verib? Bəs xalq arasında gəzişən dedi-qodu necə, sonradan həqiqət ola bilərmi?
1. Hadisə baş verən gün Rusiya tərəfi iddia etdi ki, qəza pilotun rus dilini bilməməsi və ona edilən xəbərdarlıqları anlamaması üzündən baş verib.
- Qarşı tərəf isə pilotun xüsusi olaraq rus dili təhsili aldığını və bundan başqa onun daha bir neçə dildə sərbəst danışmaq qabiliyyətinin olduğunu xatırlatdı!
2. Maraqlıdır ki, Kaçinski Rusiyaya - Xatına öz şəxsi təşəbbüsü ilə, başqa sözlə, dəvətsiz gedibmiş. Söyləyirlər ki, bununla Polşa tərəfinin növbəti dəfə Rusiyanın iradəsinə qarşı çıxması, üstəgəl ən yüksək səviyyədə ikincinin ərazisində qətliam qurbanlarının xatirəsini təntənəli şəkildə anmaq planı “ev yiyəsi”ni “məyus” edib! (?)
3. Kaçinskinin həyatını itirdiyi təyyarə qəzadan bir neçə gün əvvəl Samaradakı məxsusi zavodda texniki baxışdan keçib. Rusiyanı günahlandırmaq istəyənlər bu xüsusda daha bir maraqlı iddiada bulunurlar: təyyarə texniki baxışda olarkən “qurdalanıb”. Əks halda, 1-ci klass pilot üçün təhlükəli hündürlükdə uçduqlarını yəqin etmək çətin olmazdı! (?)
Onu da qeyd edək ki, prezident təyyarəsindən qabaq şəxsi heyətə daxil olan digər təyyarə hava şəraitinin pis olmasına baxmayaraq, uğurlu eniş etmişdi.
- Bu yandan həmin zavodun direktoru Rusiyanın RTR kanalına dərhal açıqlama verərək təyyarənin texniki baxışdan keçdiyini təsdiqlədi və bildirdi ki, pilot özü hər şeydən razı qalıb və təyyarəni təhvil götürüb.
Təbii ki, bütün bu kimi söylənənlər fərziyyədir, heç bir rəsmi təsdiq tapmayıb və bir tərəf kimi bu fikirləri bölüşmürük.

Sən rus olsan...

Hönkür-hönkür ağlayan hirsli bir qadın vida törənində onu sakitləşdirməyə cəhd edən çəkiliş qrupumuzun üzvlərini ağzını açmağa peşman elədi. El dilində belə də deyirlər, qadın “bir qanlıq” söhbət elədi:
- Allahın işidir, lütfən, özünüzü ələ almağa çalışın...
- Xeyr! Allahın işi deyil!
- Qəzadır, hamımız üzgünük, barışmalıyıq...
- Sən rus olsan, Xatında baş verənləri həmişə siyasi platformasında prioritet hesab edən və həmişə Xatın faciəsinin üstünə gedən, ölkəsində Amerikanın raket əleyhinə qurğularını yerləşdirmək istəyi ilə Rusiyanın sinirləri ilə oynayan hakim bir siyasi komandanı elə bir uçaqdaca tarixə gömməzdinmi?
- Mən rus deyiləm...
- O zaman get işinlə məşğul ol! Rus deyil, amma rus dilində danışır...

Haqq üçünə, görünən odur ki, Rusiya hökumətinin rəhbəri Vladimir Putin faciə ilə bağlı araşdırmaların şəffaf aparılması üçün əlindən gələni edir. Təkcə Polşa tərəfindən birgə yaradılmış komissiyada 80-dən artıq rəhbər şəxslərin fasiləsiz çalışdığı bildirilir. Ötən gün Rusiya kanalları xəbər yaydılar ki, qarşı tərəfin araşdırmaları dərinləşdirməsi üçün cənab Putinin mümkün olandan artıq dəstək verir. Bildirildi ki, əldə olunan bütün dəlillər hər iki ölkə yetkililərinin möhürü və imzası ilə xüsusi saxlanca yerləşdirilir. Araşdırmaların daha neçə gün sürəcəyi bəlli deyil. Bu arada, onu da qeyd edək ki, hadisədə həyatını itirən ən azı dörd nəfərin cəsədi müəyyən edilməyib və bunun üçün də hər iki tərəf fövqəladə rejimdə çalışır.

Son olaraq...

...Allahın işinə qarışıb sinoptiklərə istinadən deməliyəm ki, aprelin 18-də Lex Kaçinskinin və xanımı mərhum Mariya Kaçinskanın dəfn olunacağı Krakov şəhərində hava dumansız olacaq. Çox güman ki, indi dəfnə təşrif buyuracaq dövlət və hökumət başçılarını ilk olaraq daha çox bu amil düşündürür...

...Getdiyi yerin hava şəraitini nəzərə almayan və bütün fəaliyyəti boyu Xatın qətliamını yaddaşlarda əbədiləşdirməyə çalışdığı söylənilən Kaçinski, belə demək mümkünsə, sonunda buna ölümü bahasına olsa belə nail ola bildi! İndi bəzi ölkələr üçün arzuolunmaz hesab edilən Xatın qətliamı barədə dəfələrlə çox danışılır. Artıq qlobal çərçivədə hamının təkcə yaxın 6 gün öncə deyil, uzaq 70 il bundan əvvəl Xatında baş verənlərdən xəbəri var!

Bizə bunu demək qalır: Ölənlə ölünməz! Keçmiş olsun!

P.S. Sonda hazırladığımız süjetin çəkilişlərində gün boyu kaprizlərimizə dözən yerli həmkarımız Kajetan Straka xüsusi minnətdarlığımızı bildiririk.

Lent.az üçün xüsusi olaraq Varşavadan
Şövqi VAQİFOĞLU
# 506

Oxşar yazılar