Bir həftəyə 12 nəfər edam olunub, 1 nəfərin əl-ayağı kəsilib
15 aprel 2010 15:30 (UTC +04:00)

Bir həftəyə 12 nəfər edam olunub, 1 nəfərin əl-ayağı kəsilib

31 ildir Tehran hakimiyyəti ölkə vətəndaşlarının haqlı tələbələrini zora arxalanaraq qarşılayır. Lent.az-ın “Bab-xəbər”-ə istinadən məlumatına görə, İranda edamlar, insanların əl və ayaqlarını kəsməklə cəzalandırılması davam edir. İnsan haqları ilə bağlı xəbərlər yayan “Harana” xəbər agentliyi bildirib ki, ittihamların çoxu narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar olsa da, edam edilənlərin bir hissəsinin siyasi fəallar olduğu da bəllidir.

Ötən bir həftə ərzində İranda azı 12 adam edam olunub, bir nəfərin bir əli və bir ayağı kəsilib. Məlumata əsasən, Tehranda çıxan “İran” qəzeti yazıb ki, Xuzistanın Mahşəhr şəhərində məhkəmə 28 yaşlı bir ərəbi “müharibə aparmaq”, “Allahın əleyhinə fəaliyyət göstərmək” və “silahlı oğruluq” ittihamları ilə edam edib.

İranda “müharibə aparmaq” ittihamının əsl mənası dinə qarşı fəaliyyət sayılsa da, hakimiyyətin əleyhinə fəaliyyət göstərən siyasi müxaliflərə qarşı da arabir bu ittiham irəli sürülür.

Həmin gün eyni şəhərdə, başqa birini oğruluq ittihamı ilə cəzalandırıblar. Məhkəmənin qərarına əsasən, onun bir əlini və bir ayağını kəsiblər. İranın mövcud cinayət prosessual qanunvericiliyində belə bir hökm olsa da, məhkəmələr bu qərarı nadir hallarda qəbul edir.

Aprelin 8-də İranın Xuzistan əyalətinin başqa iki şəhərində edama məhkum olunmuş adamı şəhərin mərkəzindəki meydanlardan birində, xalqın gözü qabağında dar ağacından asıblar. Məhkəmə onlar haqqında edam qərarını narkotik maddələrin qaçaqmalçılığı ittihamı ilə çıxarsa da, onların “siyasi fəal olduqları” güman edilir.
# 523

Oxşar yazılar