Dubay İranla ticarəti məhdudlaşdırdı
02 aprel 2010 14:15 (UTC +04:00)

Dubay İranla ticarəti məhdudlaşdırdı

Martın sonundan başlayaraq, İranın atom-nüvə proqramı ilə bağlı beynəlxalq ictimaiyyətin, özəlliklə ABŞ, Almaniya, Britaniya, Fransa, Çin və Rusiya rəsmilərinin fəallığı artıb. Bu günlərdə Vaşinqtonla Moskva arasında uzun müddətdən bəri nəzər yetirilməyən məsələ ilə bağlı danışıqlara başlanılması barədə razılıq əldə olunub. Belə ki, kütləvi qırğın silahının ixtisarına dair ABŞ prezidenti Barak Obamanın rusiyalı həmkarı Dmitri Medvedevlə aprelin 8-9-da Praqada görüşü gözlənilir. Mütəxəssislər bunu İran hakimiyyəti üçün xəbərdarlıq və ya ismarıc kimi dəyərləndirirlər.
Bu həftə ərzində Kanadada “Böyük Səkkizliyə” daxil olan ölkələrin xarici işlər nazirlərinin görüşü, Fransa prezidenti Nikolya Sarkozinin amerikalı həmkarı Barak Obama ilə Vaşinqtonda müzakirələri, Almaniya kansleri Angela Merkelin Çinin hökumət başçısı Ven Tsyabao ilə “məhsuldar” telefon danışığı, İslam Respublikasının atom-nüvə proqramına qarşı sanksiyanın dəstəkləyəcəyi barədə bəyanatı olub.
“Wall Street Journal”ın yaydığı xəbərdə isə bildirilib ki, BMT Təhlükəsizlik Şurasında RF və Çinin dəstəyini qazanmaq üçün ABŞ İrana qarşı yeni sanksiyanın yumşaldılmasına razılıq verib. Mənbənin məlumatına görə, Amerika qətnamə layihəsində İrana qarşı tətbiq edilən beynəlxalq bank xidməti, eləcə də İslam Respublikasının hava və dənizlə yük daşımalarına qoyulmuş qadağaların aradan qalxacağı nəzərdə tutulub. Bundan başqa, İran İnqilab Keşikçiləri Qvardiyasına qarşı tətbiq olunan sanksiyaların yumşaldılması da gözlənilir.
ABŞ kəşfiyyatı bildirib ki, nüvə silahı hazırlamaqla bağlı İslam Respublikası hələ qərar qəbul etməyib.

ABŞ Milli Kəşfiyyatı analitik bölməsinin direktoru Metyu Berrouz etiraf edib ki, Tehran tərəfindən belə bir qərarın nə zaman qəbul olunacağı Vaşinqtona hələ bəlli deyil. Bununla belə, qurum təmsilçisi İranın ballistik raket hazırlamaq istiqamətində fəaliyyətini davam etdirdiyini də xatırladıb. Kəşfiyyat idarəsinin bölmə direktoru İranın bölgədə təsir gücünün artdığını təsdiqləyib.

Lent.az-ın İran KİV-nə istinadən məlumatına görə, İslam Respublikasının xarici işlər naziri Mənuçehr Müttəki bildirir ki, BMT Təhlükəsizlik Şurasının qəbul edəcəyi yeni sanksiya səmərəsiz olacaq və onların “dinc məqsədli nüvə proqramını gerçəkləşdirməsini əngəlləyə bilməyəcək”. O, uranın üçüncü dövlət ərazisində zənginləşdirilməsi ilə bağlı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin irəli sürdüyü təklifi təmsil etdiyi hakimiyyətin müzakirə etməyə hazır olduğunu bildirib.

İran İslam Respublikasına qarşı indiyə kimi BMT TŞ 3 qətnamə qəbul edib. Ancaq ötən illər ərzində tətbiq edilmiş yasaqları elə onu təsdiqləyən və ya bu sənədi alqışlayan dövlətlərdəki şirkətlər pozub.

Xatırladaq ki, “The New York Times” ABŞ hökumətinə istinadən yazmışdı ki, ötən 10 il ərzində Ağ ev İranla əməkdaşlıq edən Amerika və xarici şirkətlərə qrant və başqa adla 107 milyard dollar maliyyə vəsaiti xərcləyib. ABŞ-ın mükafatlandırdığı şirkətlərin çoxu İran iqtisadiyyatını həyati vacib elementlərlə təmin edib. 107 milyard dolların 2/3 –si İranın energetika sənayesi ilə əməkdaşlıq edən xarici şirkətlərin hesabına köçürülüb.
Onların arasında “Mazda” (ABŞ-dan 2,4 milyard dollar qrant alıb), “Mitsubishi” (337,7 milyon), İsrailin “Osem” firmasında sanballı paya malik “Nestle” şirkəti (1,2 milyard), “Samsung” (476,4 milyon), “Sony” (103 milyon), “Fiat” (227,3 milyon) da var.

Bundan başqa, illər uzunu İranın neft-qaz bölməsində çalışmış şirkətlərə isə ABŞ-ın sahil suları yaxınlığında uyğun sahə ilə bağlı quyu qazılmasına icazə verilib.
Həm ABŞ, həm də İranla əməkdaşlıq edən 74 şirkətin 49-u bu yöndə fəaliyyətini davam etdirməkdədir. Onların arasında “Shell”, “Petrobras”, “Honeywell” və “Daelim” kimi şirkətlərin də adları çəkilir.
“Mignews”-un yaydığı xəbərdə bildirilib ki, Dubay Əmirliyi İranla ticarət əlaqələrini məhdudlaşdırır. Çünki BMT TŞ tərəfindən qəbul edilmiş sanksiyada “qara siyahı”ya düşmüş “ikili təyinatlı məhsullar” (başqa sözlə, həm də İranın atom-nüvə proqramında istifadə olunan) İslam Respublikasına bu əmirliyin bazarından ötürülürdü. 2009-cu ildə İranla Dubay Əmirliyi arasında 12 milyard dollardan artıq ticarət dövriyyəsi olub. Məlumatlara əsasən, Avropada istehsal olunan bütün məhsullar demək olar ki, bu bazardan İrana ötürülür. Məlumatlara görə, əmirlikdə iranlıların 8 min şirkəti və sahibkar fəaliyyət göstərir. Bunu əmirlik əhalisinin önəmli bir hissəsinin İran mənşəli olması ilə də əlaqələndirirlər. Birləşmiş Ərəb Əmirliyinin başqa bir əyaləti – Əbu Dəbidən də İrana Qərb istehsalı olan mallar ötürülürdü, amma beynəlxalq yasaq bu yolun bağlanması ilə nəticələndi. Ərəb təhlilçiləri hesab edir ki, Dubay qonşu əmirlikdən nümunə götürərək, İran İslam Respublikası ilə ticarət əlaqələrini azaltmaq məcburiyyətində qala bilər.
Beləliklə, İranın atom-nüvə proqramını dayandırması və ya uranı başqa bir dövlətin ərazisində zənginləşdirməyə razılıq verməsində beynəlxalq ictimaiyyətin çətinliyi heç də sanksiyaların qəbul deyil. Əsas məsələ bu qadağaların icrasıdır...
Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 855

Oxşar yazılar