800 milyard dolların sahibi insan itkin düşüb
29 mart 2010 15:00 (UTC +04:00)

800 milyard dolların sahibi insan itkin düşüb

Əl-Nahyan ailəsinin başında bir “təyyarə lənəti” dolaşır

Birləşmiş Ərəb Əmirliklərinin baş naziri və Əbu-Dabi əmiri Şeyx Xəlifə bin Zayed əl-Nahayanın qardaşı, dünyanın ən varlı 27-ci adamı, 42 yaşlı Şeyx Əhməd bin Zayed əl-Nahyan Mərakeşdə təyyarə qəzasında itkin düşüb.

Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, 800 milyard dollar kapitala malik Əbu Dabi Sərmayə Qrupuna rəhbərlik edən Şeyx Əhməd bin Zayed əl-Nahyanın təyyarəsi cümə axşamı Mərakeşin paytaxtı Rabatdan 30 kilometr uzaqlıqda yerləşən bir gölə düşüb.

Təyyarənin ispaniyalı pilotu yaralı halda xilas edilib, ancaq hələ də milyarderdən xəbər-ətər yoxdur.
Qeyd edək ki, onun böyük qardaşı, 1967-ci ildə anadan olmuş Şeyx Nasser bin Zayed əl-Nahyan da 2008-ci ilin yayında oxşar şəkildə bir vertolyot qəzasında həyatını itirib. Dövlət naziri olan Şeyx Nasser bin Zayed əl-Nahyanın vertolyotu Fars körfəzinə düşüb. İndidən dünyada əl-Nahyan ailəsinin başında bir “təyyarə lənəti” olduğu söylənilir.


Xatırladaq ki, Şeyx Əhməd bin Zayed əl-Nahyan həm də BƏƏ-in Maliyyə və Sənaye Nazirliyinin baş katibi olub. O, 2008-ci ildə ABŞ-ın bank sektorunun nəhənglərindən olan “Citibank”ın səhmlərinin 4,9 faizini 7.5 milyard dollara satın alıb. Bu səbəbdən də o, qlobal böhranın təsirini azaldan cəsur iş adamlarından biri sayılır. Şeyx Əhməd bin Zayed əl-Nahyanın rəhbərlik etdiyi Əbu Dabi Sərmayə Qrupu isə dünyanın ən böyük sərmayə qrupu sayılır. Bu qrup əsasən Şimali Amerika və Avropada sərmayə qoyuluşlarında iştirak edib. 40 yaşlı qardaşı Şeyx Mansour bin Zayed bin Sultan əl-Nahyan isə BƏƏ-in Nazirlər Kabinetinin işinə məsul nazir postunu tutur, eyni zamanda “Manchester City” futbol klubunun prezidentidir.


Məlumat üçün bildirək ki, əl-Nahyan ailəsi Dubayı quran və idarə edən ailədir. BƏƏ-in qurucusu Seyx Zayed bin Sultan əl-Nahyanın (1918-2004) övladlarının sərvəti dünyanın bir çox ölkənin milli gəlirini üstələyir.
# 573

Oxşar yazılar