BMT İranda azərbaycanlıların haqlarının məhdudlaşdırılmasından narahatdır
28 avqust 2010 12:55 (UTC +04:00)

BMT İranda azərbaycanlıların haqlarının məhdudlaşdırılmasından narahatdır

Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, İrqi Ayrıseçkiliyə Qarşı Mübarizə Komitəsi İranın ölkədə yaşayan azərbaycanlı, ərəb, kürd və bəllucları qorumaq üçün daha çox səy göstərməsini zəruri sayır.

Hesabatda qeyd olunur ki, 2007-ci ildə ölkədə əhali yenidən sayılsa da, etnik azlıqların sayı ilə bağlı yetərincə məlumat verilməyib. Sənəddə vurğulanır ki, İrqi Ayrıseçkiliyə Qarşı Mübarizə Komitəsi İranda azərbaycanlı, ərəb, bəlluc və kürdlərin siyasi, iqtisadi, sosial və mədəni haqlarının məhdudlaşdırılmasından narahatlıq keçirir.

Komitənin üzvü Dilip Lahiri İran hökumətinin bəhai dininə mənsub insanlara qarşı dözümsüz münasibətini də qəbuledilməz saydıqlarını söyləyib. Bu ölkədə qadınların hüquqlarının qorunması istiqamətində ciddi işlər görülməli olduğunu söyləyən Dilip Lahiri son vaxtlar ölkədə qadınların təhsili və peşə sahibi olmaları istiqamətində irəliləyişlərə rast gəlindiyini də qeyd edib.

Komitənin hesabatında yazılır ki, İranda insanlar dövlət məmuru kimi işə götürülərkən onla İslam Cümhuriyyətinə və islam dininə bağlılıqlarını göstərən bir prosedurdan keçirlər: “Bu prosedur etnik və dini azlıqların nümayəndələrinin dövlət məmuru olmaq şansını azaldır. Bu məsələ ilə bağlı şikayətin olmaması ölkədə irqi ayrıseçkiliyin olmaması anlamına gəlmir, yəqin ki, qurbanlar polis və məhkəməyə güvənmirlər”.

İrqi Ayrıseçkiliyə Qarşı Mübarizə Komitəsi İrandan müstəqil insan haqları institutu qurmasını və 2003-cü ildən başlayaraq beynəlxalq təşkilatların tövsiyə və narahatlıqları ilə bağlı hesabat verməsini də istəyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 659

Oxşar yazılar