Tehranın “blef”i üzə çıxdı
16 fevral 2010 13:00 (UTC +04:00)

Tehranın “blef”i üzə çıxdı

İranın atom-nüvə proqramı ilə bağlı yaranmış böhranın həlli gecikdikcə, yayılan şayiələr beynəlxalq ictimaiyyətin rəyində müəyyən anlaşılmazlıqlara yol açır.

Lent.az-ın İran KİV-nə istinadən məlumatına görə, İran İslam Respublikasının atom enerjisi üzrə təşkilatının sədri Əliəkbər Salehi fevralın 15-də bəyan edib ki, rəsmi Tehran aşağı səviyyədə zənginləşdirilmiş uranın qarşılığında nüvə yanacağı mübadiləsi ilə bağlı ABŞ, Fransa və Rusiyanın təklifini öyrənir. Onun sözlərinə görə, ölkəsinin prezidenti Mahmud Əhmədinijatın uranın 20 faiz zənginləşdirilməsi ilə bağlı bəyanatından sonra ABŞ, Fransa və Rusiya aşağı səviyyədə zənginləşdirilmiş uran yanacağı ilə işləyən tibbi reaktor yanacağının mübadiləsinə dair İslam Respublikasına yeni təklif veriblər. Ə.Salehi Tehran tərəfindən bu təklifin də dəyərləndirildiyini söyləyib. O, qeyd edib ki, İslam Respublikasının tələbləri yerinə yetirildikdən sonra onlar uranın 20 faiz zənginləşdirilməsini dayandıracaqlar. Təşkilat sədri ABŞ, Rusiya və Fransanın irəli sürdüyü yeni təkliflər haqda məlumat verməyib.

Ötən gün Fransanın xarici işlər naziri Bernar Kuşner keçirdiyi mətbuat konfransında bu məsələyə münasibət bildirib. O, deyib: “İranın atom enerjisi nazirinin nəzərinə çatdırıram ki, tərəfimizdən (“altılıq”, Rusiya, ABŞ, Britaniya, Çin, Almaniya və Fransanı nəzərdə tutur – S.S.) irəli sürülən sonuncu təklif 2009-cu ilin oktyabrında Atom Enerjisi üzrə Beynəlxalq Agentlik vasitəsilə İrana çatdırılıb. Bunun da cavabını hələ almamışıq”.

Qətərdə səfərdə olan ABŞ-ın dövlət katibi Hillari Klinton isə İranın atom-nüvə proqramı ilə bağlı deyib ki, Barak Obama hakimiyyəti bu məsələnin dinc yolla həllinə inanır, ancaq Amerikanın da “dözümünün həddi var”. O, İslam Respublikasını “oyanmağa” və nüvə sahəsində “təhlükəli siyasi qərarlarına” yenidən baxmağa çağırıb: “Biz bölgədəki və beynəlxalq aləmdəki tərəfdaşlarımızla birlikdə İranın kursunu dəyişmək üçün yeni tədbirləri gerçəkləşdirməyi planlaşdırırıq”.

Ağ Evin mətbuat katibi Mayk Hammer qeyd edib ki, Vaşinqton İrana zəif zənginləşdirilmiş uran mübadiləsinə dair yeni təklif irəli sürməyib. O da həmin təklifin ötən ilin oktyabrında edildiyini vurğulayıb.

Qvatemalada səfərdə olan Rusiyanı xarici işlər naziri Sergey Lavrov da oxşar bəyanatla çıxış edərək, İslam Respublikasına yeni təklif təqdim olunmadığını söyləyib.

Yeri gəlmişkən, ABŞ silahlı qüvvələri qərargah rəisləri komitəsinin sədri, admiral Maykl Mallen Qüdsdə çıxışında İranın atom-nüvə proqramı məsələsinə toxunaraq, bildirib ki, bu məsələnin hərbi yolla həllinin vaxtı çatmayıb. Onun sözlərinə görə, məsələnin hərbi yolla həlli Yaxın Şərq üçün “arzuolunmaz nəticələr” verə bilər: “Əlbəttə, hər şeyin bir həddi var, bütün variantlar masanın üstündədir və biz hələ o nöqtəyə gəlməmişik”.

Elə isə Tehran rəsmisinin yalan bəyanatını necə dəyərləndirmək mümkündür? Fikrimizcə, bu, İranın “mənə bir də təklif edin” istəyi də ola bilər. Xatırladaq ki, M.Əhmədinijat uranın 20 faiz zənginləşdirilməsi ilə bağlı bəyanatından sonra rəsmi Vaşinqton bunu “siyasi spekulyasiya” adlandırmışdı. Ona görə də Tehranın bu istiqamətdə yalanları davam etdirdiyi qənaətinə gəlmək mümkündür. Bundan başqa, “20 faizlik uran” məsələsindən sonra beynəlxalq ictimaiyyətin mövqeyindən dönmədiyini görən, “blef”in alınmadığını başa düşən rəsmi Tehran Ə. Salehinin uydurma bəyanatı ilə vəziyyətdən çıxmağa çalışır. Tehran hakimiyyətinin bu çıxışdan ölkə içində nüfuzunu qoruyub saxlamaq üçün də yararlanmaq niyyətində olduğu istisna edilmir. Çünki inqilabın 31 illiyi ilə bağlı təntənəli tədbirdə M.Əhmədinijat qüdrətli olduqlarını, 20 faizli uranı zənginləşdirdiklərini söyləmişdi. Bunun ardınca Ağ Ev Tehranın uydurmasını faş etdi. Beləliklə, ölkə daxilində sabitliyi qoruyub saxlamaqdan ötrü İslam Respublikasının hələ bu sayaq “blef”lərdən çox istifadə edəcəyi istisna olunmur.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 728

Oxşar yazılar