Hindular torpaq davasına çıxıblar
06 yanvar 2010 14:15 (UTC +04:00)

Hindular torpaq davasına çıxıblar

ABŞ-dan sonra növbə Kanadaya çatdı

İnsan Hüquqları üzrə Beynəlxalq Amerika Komissiyası Vankuver adasındakı torpaqlarını geri istəyən kanadalı hinduların iddiası üzrə ilk dinləməni keçirib.

Lent.az-ın “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, məhkəmədə cavabdeh qismində Kanada hökuməti çıxış edir.
Hinduların Xalkamin tayfası hesab edir ki, 19-cu əsrin əvvəlində başlayan işğal və sonradan aparılan özəlləşmə prosesində bu tayfanın Vankuver adasında 300 hektar torpaq üzərindəki mülkiyyət hüququ tapdanıb. Əvvəlcə hinduların torpaqları ərazidə dəmiryolu tikilməsi bəhanəsi ilə onlardan alınıb. Ancaq indi həmin torpaqların böyük hissəsi ağac tədarükü ilə məşğul olan bir Kanada şirkətinin mülkiyyətindədir.

İnsan Hüquqları üzrə Beynəlxalq Amerika Komissiyası bu qənaətə gəlib ki, Kanadada yerli hinduların hüquqlarını qoruyan effektiv mexanizm olmayıb. İddiaya mahiyyəti üzrə 2010-cu ilin payızında baxılacaq.

Hinduların hüquqlarını qoruyan vəkil Robert Morales deyib ki, insan hüquqlarının qorunması sahəsində öz nailiyyətləri ilə öyünən kanadalılar kimin hinduların tarixi torpaqlarında, kimin bu torpaqlardan kənarda yaşadıqlarına baxmırlar: “Federal hökuməti yerli xalqın hüquqlarını qoruyan zəruri vasitə tapmağa məcbur etmək lazımdır”.

Qeyd edək ki, İnsan Hüquqları üzrə Beynəlxalq Amerika Komissiyası nadir hallarda hinduların iddiasına baxmağa razılaşır. Bir dəfə hindular bu məhkəmə proseslərində qələbə də qazanıblar. 2009-cu ilin dekabrında 100 illik mübahisəyə son qoyulub və ABŞ hökumətinin yerli hindulara 3,4 milyard dollar ödəməsi barədə qərar çıxarılıb. Bu pulun 2 milyard dolları hinduların özlərininki saydıqları torpaqların alınması üçün xərclənəcək. 1,5 milyard dollar isə hindu tayfalarına kompensasiya şəklində veriləcək. Beləliklə, ABŞ-da yaşayan 300 min hindunun hər birinə təxminən 1,5 min dollar çatacaq.
# 837

Oxşar yazılar