Tort arzusu “Gürcü arzusu”na necə çevrildi: qalib milyarderin hekayəti
04 oktyabr 2012 14:26 (UTC +04:00)

Tort arzusu “Gürcü arzusu”na necə çevrildi: qalib milyarderin hekayəti

“Biz çox ağır vəziyyətdə yaşayırdıq. Atam və anam səhərdən axşamacan kolxozda işləyir, amma qazandıqları qəpik-quruş olurdu. Ailəmiz də böyük idi. Onları yedirtmək, geyindirmək də bu iki zəhmətkeş insanın üstünə düşürdü. Bir dəfə atam bir tort almışdı. Hərəmizə bir tikə kəsib verdi və tort qurtardı. Mən doymamışdım. Məhz həmin vaxt uşaq qəlbimdə belə bir arzu baş qaldırdı. Nə vaxtsa işləyəsi olsam, ilk maaşımın hamısına tort alacam, bacı və qardaşlarımı doyuracam”.

***

O vaxt Tiflisdən xeyli uzaq Saçxeri rayonunun Çorvila kəndində gününü quzu otarmaqla keçirən balaca Bizinin - kənddə onu belə adlandırırdılar - ən böyük arzusu doyunca tort yemək idi. Amma taleyin işinə bax, vaxt gələcək o, ən böyük arzusunu nəinki həyata keçirəcək, hətta ildə min tonlarla tort bişirən fabriklərin belə sahibi olacaq, banklar yaradacaq, metal maqnatına çevriləcək, ən bahalı rəsmlərin kolleksiyasına yiyələnəcək və…

Və “Gürcü arzusu” adlı partiya yaradaraq, milyonları ətrafına yığıb, milyonların arzusunu gerçəkləşdirmək üçün meydana atılacaqdı.

Bu hələ sonralar olacaqdı. Balaca dağ kəndindən, Çorviladan çıxan kolxozçu Qiyanın oğlunu nəyinki Gürcüstanda, bütün dünyada tanıyacaqdılar. Amma çox sonralar. Artıq “Bizi” kimi yox, milyarder, adı “Forbes”in siyahısına düşmüş Bidzina Qriqoryeviç İvanişvili kimi…

Bidzina İvanişvili 1956-cı il 18 fevralında anadan olub. Orta məktəbi də elə doğulduğu kənddə bitirib. Deyilənə görə, o qədər də yaxşı qiymətlərlə oxumayıb. Amma çalışqanlığı və ali təhsil almağa can atmaq istəyi, nəhayət, bəhrəsini verib. Bir neçə cəhddən sonra Tiflisdəki Mühəndis-İqtisad universitetinə daxil ola bilir. Evdən pul göndərilmədiyindən və aldığı tələbə təqaüdü ilə paytaxtda yaşamağın mümkünsüz olduğunu dərk edən Bidzina günlərin bir günü Mexanika zavodunun kadrlar şöbəsinin qapısını döyür. Qapıda gözləyən cavan oğlandan nə istədiyini soruşan kadrlar şöbəsinin rəisi “ağır da olsa, ən çox maaş verilən bir iş istəyirəm” cavabını eşidir. Onu, kənddən gəlmiş bu tələbənin hələ heç bir ixtisası olmadığı üçün gecə növbəsinə süpürgəçi işinə götürürlər.

Gündüzlər dərslərinə başı qarışan Bidzina dərsdən sonra yataqxanaya gəlib bir tikə buterbrodunu götürüb, zavoda qaçır. Beləcə bir il. Bir ildən sonra isə bu cavan oğlanı başqa işə keçirirlər. Fəhləliyə. Dördüncü kursun sonlarınadək zavodda fəhlə işləyir. Həmin vaxt diplom müdafiəsi ilə bağlı işdən müvəqqəti çıxan Bidzina yenə həmin zavoda qayıdacaqdı. Amma bu dəfə ali təhsilli mühəndis kimi. Qalstuklu, ütülü kostyumlu bu cavan oğlanı sexdə görən fəhlələr təəccüblənəcəkdilər: “Bu ki bizim Bizidir”.

***

Bidzina mühəndis kimi az çalışır. Onu gənc kadr kimi Moskvaya göndərirlər. İki illik təkmilləşdirmə kurslarına. Bu kursları uğurla bitirir, elmi iş götürür, Gürcüstan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda müdafiəsi isə baş tutmur. Yox, elmi işi kifayət qədər mükəmməl olur. Amma tanışlıq və hörmət imkanları olmadığından müdafiədən vaz keçir. Taleyin bir qəribə işi də sonralar baş verəcəkdi: Bidzina onun elmi işini qəbul etməyən institutu bir qəpiksiz kompüterlə təmin edəcəkdi...

Bidzina yenidən Moskvaya qayıdır. Ölkədə başlayan yenidənqurma, kooperativ hərəkatı, azca da olsa biznes imkanları üçün yaradılan şəraitdən vaxtında və uğurla bəhrələnə bilir.

***

1991-ci ildə o, gələcəyin başqa bir milyarderi Vitali Malkinlə bərabər “Aqroproqres” şirkətini yaradırlar. Cəmi altı ay sonra onlar Rusiyanın ilk özəl banklarından olan “Rossiyskiy kredit” bankını təsis edirlər. Daha sonra isə başqa bankı - “MarkPolBank” yaradan tərəfdaşlar biznes sahəsini genişləndirirlər: Uralda dağ-metallurgiya kombinatlarının aksiyalarını almağa başlayırlar. Bir il keçdikdən sonra təkcə bu aksiyalar onlara milyonlar qazandıracaqdı.

Az sonra “Metalloinvest” holdinqini də yaradan Malkin və İvanişvili artıq Rusiyanın elitar biznes dairələrində tanınmış və etibarlı tərəfdaş kimi ad çıxarırlar. Burda bir maraqlı məqamdan da yan keçmək olmur. Danışırlar ki, Bidzina başqa bir şirkətini “Unikor”u təsis etdikdən sonra Rusiya Əmanət Bankından külli-miqdarda kredit götürmək istəyir. Amma ona inanmırlar, baxmayaraq ki, özünün də bankı, şirkətləri vardı. Təxminən 500 milyon dollar krediti almaq üçün çabalar göstərən Bidzina tamam başqa varianta əl atır. “Sotbi” hərracından dəyəri 25 milyondan çox olan bir rəsm alır. Bu xəbəri isə telekanallara və qəzetlərə ötürür. Rusiyaya belə qiymətli rəsm əsərinin gətirildiyi barədə kübar dairələrdə hamı xəbər tutur. Əsərə baxmaq istəyənlər onun evinə təşrif buyururlar. Onların arasında…Hə, məhz həmin o şəxs, Əmanət Bankının direktorlar şurasının üzvü olan və kreditin verilməsi üçün əngəl olan həmin şəxs də həyat yoldaşı ilə Bidzinaya qonaq gəlir. Və təbii ki, səhəri gün kredit problemi həll olunur...
***

Bidzinanın uğurlu biznes fəaliyyəti tezliklə ona milyardlar gətirməyə başlayır. Onun duyma qabiliyyəti barədə əfsanələr gəzir. Məsələn, metal sənayesinin yaxın iki-üç ilə çökəcəyini hiss edib, öz aktivlərini 2 milyard yarıma Əlişir Usmanova satır. Bankların təmərküzləşməsini hiss edən kimi banklarını “Raiffeisen International” qrupuna satır və bundan yarmı milyard qabağa düşür. Pulun bir hissəsinə isə bütün Rusiya ərazisində fəaliyyət göstərəcək “Doktor Stoletov” apteklər şəbəkəsinin yaradılmasına sərf edir.

Bax, belə. Deyilənə görə, onun böyük analitik qrupu işləyir. Özü isə günün ən azı 6 saatını “Bloomberg”i izləməklə məşğuldur; görəsən dünya biznesində nə baş verir.

forbesrussia.ru-nun məlumatına görə, 2009-cu ildə onun varidatının həcmi 6 milyard 700 milyonu ötmüşdü.

***

Bidzina Gürcüstanda da biznes qurur. Vətəndə “Karta bank”ı yaradır. Qısa zamanda Gürcüstanın ən uğurlu banklarından birinə çevrilə bilir. Uşaqlığın tort nisgili yadına düşür nədi, bir neçə qənnadı fabrikini alır. Amma əsas kapitalının böyük hissəsini Avropaya köçürür. Burda kübar dairələrdə qiymətli rəsm əsərlərinin kolleksiyaçısı kimi də tanınır. Məsələn, iki il əvvəl o, Pablo Pikassonun “Dora Maar pişiklə” tablosunu 95 milyon avroya alır və özündən söz etdirir.

***

Bidzina çox gec, 35 yaşında evlənib, Yekaterina Xvedelidze ilə. Onların üç oğlu, bir qızı var. Maraqlıdır ki, oğlanlarının ikisi albinosdur.

Gürcülər onun haqqında təbii ki, çoxdan eşitmişdilər. Amma maraqlı bir fakt. Bidzina İavanişvili ömründə ilk televiziya müsahibəsini 2011-ci ildə verib; “Gürcü arzusu” partiyasını təsis edəndə. Məhz həmin müsahibə ilə o, siyasətə gəldiyini və 2012-ci ildə keçiriləcək seçkilərdə iştirak edəcəyini bildirmişdi. Həmin vaxt Gürcüstanın ən mağmın siyasi partiyaları belə onu ciddiyə almamışdı. Amma bu bəstəboy milyarder bir il ərzində Gürcüstanı qarış-qarış gəzdi, insanlarla görüşdü “Gürcü arzusu”nun onların arzularını həyata keçirmək üçün yaratdığını inandıra bildi.

Və… nəticəsini gördü.

Seçkiyə girdi, qalib gəldi. İndi İvanişvili Gürcüstanın baş naziri ola bilər. Onun siyasi mövqeyi isə konkretdir: Saakaşvili kimi Gürcüstanın NATO-ya və Avropa İttifaqına üzvlüyünü dəstəkləyir, amma eyni zamanda Rusiya ilə də münasibətləri düzəlməlidir. Çox maraqlıdır ki, Saakaşvili ilə münasibətlərin gərginləşməsinə qədər İvanişvili Gürcüstan ordusunun təchiz edilməsi üçün külli miqdarda vəsait ayırıb. Hətta bəzilərindən fərqli olaraq, 2008-ci il müharibəsinə görə onu qınamayıb, əksinə, dəstəkləyib, dayaq olub. Amma məşhur deyimdə deyildiyi kimi, siyasətdə dünən dünəndir, bu gün bu gün. Bu gün isə vaxtı ilə Çorvilada ən böyük arzusu doyunca tort yemək olan balaca bir uşaq bütün Gürcüstanın arzusunu reallaşdırmaq arzusundadır.

Səbuhi Məmmədli
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3333

Oxşar yazılar