“Dünya miqyasında koronavirusa yoluxma hallarının təxminən yarısı Avropa qitəsində baş verir”.
APA-nın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə direktoru Hans Henri Kluqe mətbuat konfransında deyib.
O bildirib ki, koronavirusun ən çox təsirinə məruz qalan ilk on ölkənin 7-si Avropadadır: “Qitədə yeni təsdiqlənmiş yoluxma faktları artmağa davam edir. Avropada bu səhərədək təsdiqlənmiş yoluxmaların ümumi sayı 687 236-ya çatıb, o cümlədən bu günədək virusdan 52 824 nəfər vəfat edib”.
Hans Henri Kluqenin sözlərinə görə, həm İspaniyada, həm də İtaliyada gündəlik ölüm sayının azalması müşahidə olunur: “Geniş ictimai səhiyyə və sosial tədbirlərin həyata keçirilməsi nəticəsində Almaniyada da yoluxmalar azalmağa başlayıb. Ölkədə ölüm halları və təsdiqlənmiş halların orta yaş həddi başqa ölkələrdəki orta səviyyədən aşağıdır. Bu həm demoqrafiya amili, həm də genişmiqyaslı testlərin aparılması ilə əlaqələndirilir. Avstriya, Niderland və İsveçrədə də irəliləyiş müşahidə olunur”.
ÜST rəsmisi qeyd edib ki, yoluxmalara hər yaş kateqoriyasında rast gəlinir, lakin 15 yaşadək uşaqlarda daha az yoluxma müşahidə olunub: “Xəstəlik yaşlı insanlarda, xüsusən də kişilərdə və sağlamlığında digər problemləri olanlarda daha şiddətli olur. Baxmayaraq ki, əksər hallarda simptomlar yüngül olur, lakin demək olar ki, yoluxanların 40%-i xəstəxanaya yerləşdirilməyə, 5%-i isə intensiv müalicəyə ehtiyac duyur. Həyatını itirənlərin üçdə ikisi kişilərdir və vəfat edənlərin 95%-i 60 yaşdan yuxarı insanlardır. Vəfat edən şəxslərin əksəriyyətində bir və ya bir neçə sağlamlıq problemi olub. Ölənlərin 66%-də ürək-damar, 29%-də diabet, 21%-də böyrək xəstəlikləri olub”.
ÜST-ün Avropa regionu üzrə direktoru vurğulayıb ki, qadağaları yumşaltmağın vaxtı deyil, kollektiv səylər ikiqat və üçqat artırılmalıdır: “Marafonda hələ uzun bir yolumuz var və virusla mübarizədə bu günə qədər əldə etdiyimiz irəliləyiş son dərəcə kövrəkdir. Son nöqtəyə yaxınlaşdığımızı düşünmək, təhlükəli nəticə verə bilər. Virus səhv və ya özündənrazılığı bağışlamır. Cavab strategiyamızdakı hər hansı bir dəyişiklik – karantinin ləğvi və ya fiziki uzaqlaşdırma tədbirlərinin yumşaldılması çox diqqətli düşünməyi tələb edir”.