Bir çox milyonçunun çox sadə geyindiyini siz də müşahidə etmisiniz. Məsələn, Mark Zukerberq və Ceff Bezos kimi zəngin kişilər minimalistik qarderobu seçirlər. Eyni tərzdə geyim – boz köynəklər və ya qara sviterlər – onların beyinlərini gündəlik qərar vermə yükündən azad edir.
Lent.az bu rəngləri təqdim edir:
Bu, psixologiyada “qərar qəbuletmə yorğunluğu” adlanır: gün ərzində nə qədər çox qərar qəbul edirik, bir o qədər tez zehni enerjimiz tükənir. Sadə geyim stili vacib olmayan seçimlərdən yayınmağa və diqqəti əsas məsələlərə yönəltməyə imkan verir. Amma sadəliklə yanaşı, varlı insanlar rənglərə də xüsusi diqqət yetirirlər. Mütəxəssislərə görə, onların şüurlu şəkildə uzaq durduğu səkkiz rəng və tərz var – səbəbləri isə konkret və əsaslıdır:
1. Neon və floresan rənglər
Bu parlaq və gözqamaşdıran rənglər varlıların qarderobunda nadir hallarda görünür. Çünki bu rənglər əksər hallarda ciddiyyətsizlik və göstərmə arzusu ilə assosiasiya olunur. Neon rənglər həddindən artıq diqqət çəkir, bu isə zəngin insanların üstünlük verdiyi “özünəinamlı təmkinliliyə” ziddir.
2. Gözü yoran naxışlar və rəngli çaplar
Parlaq, qarışıq naxışlar tez-tez qeyri-ciddi və ucuz təsiri bağışlayır. Zənginlərin stili – monoxromluq, lakoniklik və balans üzərində quruludur. Qeyri-zövqlü çaplar bu harmoniya hissini poza bilər.
3. Pastel rənglər
Açıq göy, nanə rəngi, şaftalı kimi pastel çalarlar mövsümi baxımdan populyar olsa da, çox vaxt yüngül və uşaqsayağı görünür. Varlı insanlar daha çox dərin və zəngin rəngləri üstün tuturlar – məsələn, bordo və ya tünd göy kimi tonlar güvən və ciddiyyət hissi yaradır.
4. Həddən artıq parlaq və sintetik parıltılar
Süni gümüş və qızılı kimi parlaq materiallardan hazırlanan geyimlər çox vaxt təbii görünmür və “varlıyam” mesajını çox sərt formada verir. Elit modada isə kaşemir, yun, təbii ipək, sıx pambıq kimi zadəgan teksturlar daha yüksək qiymətləndirilir.
5. Solğun və rəngi getmiş tonlar
Çirkli-boz, solğun qəhvəyi və ya solmuş göy rənglər geyimi köhnəlmiş və səliqəsiz göstərə bilər. Uğurlu insanlar isə aydın, dərin və “təmiz” rəng çalarlarına üstünlük verirlər.
6. Həddindən artıq çox qara rəng
Qara rəng universal və zərif olsa da, başdan ayağa qara geyim çox vaxt darıxdırıcı və tutqun görünə bilər. Zənginlər qara rəngi tünd göy, qrafit, zeytun yaşılı və ya fil dişi rəngi ilə kombinasiya etməyi üstün tuturlar.
7. Xarici görünüşə uyğun gəlməyən rənglər
Geyim rəngləri dəri tonu, göz və saç rəngi ilə ahəng təşkil etməlidir. Uyğun olmayan rənglər insanı solğun və cansız göstərə bilər. Uğurlu insanlar tez-tez stilistlərin köməyindən istifadə edərək özlərinə yaraşan rəngləri seçirlər.
8. Dəbdən düşmüş və köhnəlmiş rənglər
Zəngin kişilər klassikanı sevsə də, dəbi tamamilə görməzdən gəlmirlər. Sadəcə bunu incə şəkildə edirlər – ümumi obrazın içində dəbli rəng aksentləri əlavə edirlər, məsələn, qeyri-adi rəngdə pencək və ya fərqli ayaqqabı. Milyonçunun qarderobu – sadəcə geyim deyil. Bu, zövq, təmkin və heç kimə özünü sübut etməyə ehtiyac duymayan bir həyat tərzinin göstəricisidir.