Oxşar duyğular və vacib məsələlərlə bağlı fikirlər uzunmüddətli münasibətlərdə cəlbedici görünüş və yüksək intellektdən daha vacibdir.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, psixoloqlar Jofiya Çaybok və Piter Yonason apardıqları araşdırmadan sonra belə qənaətə gəliblər.
274 nəfərin iştirak etdiyi sorğu nəticəsində alimlər müəyyən ediblər ki, gələcək arvad və ya ər seçərkən ən çox tələb olunan parametrlər həyat tərzi, mühüm məsələlərlə bağlı fikirlər, emosiyalar, romantika, mənşə, əxlaq, ailə və yemək olub.
Görünüş və iş kimi aspektlər 15 və 16 yerdədir, yumor hissi 19-dadır, zəka isə 22-ci ən populyar cavab olub.
Çaybok aydınlaşdırıb ki, iştirakçılardan yanlarında hansı partnyor görmək istədikləri soruşulmayıb, əksinə cütlük üçün uyğunluq və rahat həyat üçün zəruri olan keyfiyyətlərin adını çəkmələri istənilib. O, bildirib ki, kişilər daha çox onlara oxşar duyğu və hərəkətlərə malik olan yoldaşları qiymətləndirirlər, qadınlar isə onların fikirləri, əxlaqi dəyərləri, görünüşü və həyat tərzi ilə razılaşanları daha çox seçirlər.
“Çox güman ki, ətrafınızda uyğun insanla tanış ola bilərsiniz. Bu, uzunmüddətli nəticələr baxımından sərfəli strategiyadır, çünki oxşar maraqlarla siz bəyənmədiyiniz işlə məşğul olmayacaqsınız”, - Çaybok bildirib.
Uyğun münasibətlər axtarmaq üçün o, hobbi tapmağı və həqiqətən maraqlı olduğu yerləri daha tez-tez ziyarət etməyi tövsiyə edib.