Mir Cəfərin  kinoproyektoru, Qaydayın kamerası, Qluzskinin şahidliyi - REPORTAJ
24 fevral 2025 15:10 (UTC +04:00)

Mir Cəfərin kinoproyektoru, Qaydayın kamerası, Qluzskinin şahidliyi - REPORTAJ

“Böyük dayaq” filmini lentə alan operatorun tarixə şahid kranı

Dövlət Film Fondu “Azərbaycanfilm” kinostudiyasının həyətində yerləşir. Uzun illər Qələbə kinoteatrında acınacaqlı şəraitdə “yaşayan”, bazasında olan filmlərin məhv olma təhlükəsi ilə üz-üzə qalan fond,nəhayət, 2008-ci ildə bu yeni binaya köçürüldü. O vaxtdan yalnız Azərbaycanın mədəni xəzinəsi olan filmlərimizin deyil, həm də kino tarixi ilə bağlı müxtəlif sənədlərin, tarixi faktların, əşyaların təhlükəsizliyi təmin olundu.

Lent.az-ın “Bizim filmlər” layihəsində növbəti yazını təqdim edirik:

Qədim qara pianino

Fondda dediyim kimi, kino tarixi ilə bağlı nadir eksponatlar qorunur. Onlardan biri də hər dəfə fondun kino zalında görəndə-görəsən, bu pianino bura hardan gəlib çıxıb? -deyə düşündüyüm qara rəngli qədim pianinodur. 

Azərbaycanda kinonun tarixi bildiyimiz kimi, 1898-ci il avqustun 2-dən başlayır və həmin dövrdən də Azərbaycanda, paytaxt Bakıda müxtəlif kinoteatrlar fəaliyyət göstərib. Piron, Təyyarə adlı kinoteatrlar olub, onlardan birinin də adı Forum imiş.

Bu yaxınlarda Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyevlə söhbət əsnasında öyrəndim ki, marağımı çəkən qara pianino Fondun kino zalına gəlib çıxınca çox ağır yollardan keçib.

Cəmil Quliyevin dediyinə görə, Forum kinoteatrı indiki Bülbül prospektində yerləşib: “Hal-hazırda Niyazinin ev muzeyi fəaliyyət göstərən, vaxtı ilə Qara Qarayevin də, bütün görkəmli teatr, musiqi xadimlərinin yaşadığı o binanın yerində Forum kinoteatrı olub. O dövrdə hələ kinolar səssiz idi. Ona görə də tamaşaçılar darıxmasın deyə səhnənin bir tərəfində pianino qoyulurdu, filmin gedişatında onu ifa edirdilər”.

Sənədli kadrlarda görmüş olarsınız, səssiz filmlər pianinonun müşayiəti ilə nümayiş edilir. Bütün dünya kinosunda bu tendensiya vardı, kinoteatrlarda pianoçu ştatı olurdu.

Bu pianino da həmin Forum kinoteatrında ifa olunub. Sonra kinoteatr söküləndə onu veriblər Vətən kinoteatrına. Bir müddət Vətən kinoteatrında tarixin şahidi kimi dayanıb. Nəhayət, bir gün o vaxt Azərkinovideoda direktor müavini olan rejissor Hüseyn Mehdiyev onu gətirib öz iş yerinə və bununla da təhlükəsizliyini təmin edib.

Azərkinovideo ləğv ediləndən sonra pianino yenidən Vətən kinoteatrına qaytarılıb.

Dövlət Film Fondu kino eksponatlarını araşdırıb toplayanda həmin pianino da gəlib çıxır Film fonda. Həmin gündən pianino qorunub saxlanır, ildə bir dəfə köklənir ki, istifadəyə yararlı olsun. İndi o Film fondun zalında nümayiş olunan səsli filmlərə “baxır” və yəqin ki, o səsləri əvəz etdiyi vaxtları xatırlayır.

Cəmil Quliyevin dediyinə görə 1882-ci ilin pianinosudur, Almaniyada istehsal olunub.

Onu kimin ifa etdiyini bilən yoxdur. Danışır ki, pianino haqqında ona ilk dəfə SSRİ Xalq artisti Mixail Qluzski məlumat verib: “Qluzski 90-cı illərdə “Şərq-Qərb” kinofestivalının qonağı idi, Bakıya gəlmişdi. Mənə dedi ki, mən Bakıda yaşamışam, atalığım Forum kinoteatrında işləyirdi, onun yaxınlığındakı binada yaşayırdıq. Dedi ki, Forum kinoteatrında bir qara pianino vardı, film nümayişində ifa olunurdu. Mən onun dediklərinin izinə düşüb pianinonu tapdım”.

Leonid Qaydayın Bakıda Film fonddakı yadigarı

Pianinonun izi ilə gedib başqa nadir kino eksponatları ilə tanış olduq. Cəmil Quliyev foyedəki sərgidə şüşənin altında olan fotoaparatı göstərib – “Bizdə çox nadir kinokamera da var”-dedi, Converse. Kinoşünas Aydın Kazımzadəyə Əhmədlidə bir nəfər yaxınlaşıb deyib ki, “Sizi efirlərdən tanıyıram, kinoşünassınız, sizə bir hədiyyə etmək istəyirəm”.

Aydın müəllim soruşanda ki, nə hədiyyə? Bu kameranı göstəriblər. Məlum olub ki, Moskvada bir xanım ehtiyac içində olduğu üçün qədim kameranı satırmış. Bu uşaqların da xanıma ürəkləri yanıb kameranı pul verib alıblar ondan.  Sən demə xanım Leonid Qaydayla işləyən operatorun həyat yoldaşı olub. Həmin kamera ilə “Qafqaz əsiri”, “I əməliyyatı” filmləri lentə alınıb.

Bir unikala KPT kinoproyektordu da var Film fondda. O da çox maraqlı, tarixi olan nadir kinoprojektordur. Onu fonda görkəmli kinooperator Kamil Mirzəyev bağışlayıb. Ona da Mir Cəfər Bağırovun kinomexaniki hədiyyə edib. Bağırovun filmlərə baxdığı bu kinoproyektor 50-60-cı illərdə istifadə olunub. Fondun direktoru onu da tapıb gətirib və bərpa etdirib.

“Bunlardan başqa Xalq rəssamı Oktay Sadıqzadənin oğlu tərəfindən bizə hədiyyə edilən 3-4 fotoaparatı da Fondda qorunub saxlanır”.

Fondun həyəti də kiçik bir açıq hava altında muzeyi xatırladır. KPD-lər, DİQ-lər var. Cəmil müəllim deyir onlar film çəkilişləri üçün istifadə edilən işıqların markasıdır.  Bir çox Azərbaycan filmlərini işıqlandıran işıqlardır.  Onlarla bir cərgədə duran nəhəng kran isə “Böyük dayaq”, “Qızmar günəş altında” filmlərində istifadə olunan operator kranıdır.

Yuxarı mərtəbədə bir qədim tarımız da var dedi. Çıxıb baxdıq, bu tar isə tarzən Səməd Mərdanovun tarıdır. Onu fonda qardaşı qızı Nuranə Mərdanova bağışlayıb. O tar ki, 1936-cı ildə ilk Azərbaycan səsli filmi olan “Mavi dəniz sahilində” filmində istifadə olunub.

Bir sözlə, Dövlət Film Fondu elə “Azərbaycanfilm” kinostudiyası kimi Azərbaycan mədəniyyətinin və kinosunun özündə böyük bir xəzinə gizlədən tarixi səhifəsidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 662

Oxşar yazılar