“Zərifə xanım məni xoşbəxt edib” – Heydər Əliyevin XATİRƏLƏRİ
28 aprel 2023 13:30 (UTC +04:00)

“Zərifə xanım məni xoşbəxt edib” – Heydər Əliyevin XATİRƏLƏRİ

Lap qədimlərdən sevdiklərimizə “gözümün nuru” demişik.  O insanlara göz nuru bəxş edən qadın idi.

Bu gün oftalmoloq alim, akademik Zərifə Əliyevanın dünyaya gəlişindən 100 il ötür. Ömrünü, bütün yaradıcılığını insanlara xidmətə həsr etmiş dəyərli insan  Azərbaycan, eləcə də dünya tibb tarixində iz buraxmağı bacardı. 

Onun çiyninə çox ağır yük düşmüşdü. Heydər Əliyev kimi görkəmli bir şəxsiyyətin ömür - gün yoldaşı olaraq onunla çiyin - çiyinə addımlamaq, qayğılarına ortaq olmaq, onun ocağını isitmək və Azərbaycanın taleyində önəmli rol oynayacaq övladlar yetişdirmək kimi bir missiyanı da şərəflə yerinə yetirmişdi. Zərifə xanımın taleyinə Azərbaycanın üçüncü prezidentinin xanımı, dördüncü prezidentinin anası olmaq yazılmışdı. Bəlkə də çoxlarının həsəd aparacağı bu ömür əslində çox böyük məsuliyyətlər yüklənmiş bir həyat idi. Lakin o, həm alim, həm xanım, həm ana kimi bütün vəzifələrinin öhdəsindən uğurla gəlir, əl uzatdığı hər işə sevgiylə yanaşırdı. Akademik N.Puçkovskayanın təbiri ilə desək, "Xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi".

Zərifə Əliyeva 28 aprel 1923-cü ildə həkim və görkəmli ictimai xadim Əziz Əliyev və Leyla Əliyevanın ailəsində dünyaya göz açmışdı. 1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu  bitirmiş, 1948-ci ildə Moskva Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya ixtisası üzrə kurs keçmiş, 1960-cı ildən tibb elmləri namizədi, 1977-ci ildə Tibb elmləri doktoru adını almışdı.

Zərifə xanım 1954-cü ildə Heydər Əliyev ilə ailə qurub, 1955-ci il 18 oktyabrda Sevil Əliyeva, 1961-ci il 24 dekabrda İlham Əliyev dünyaya gəlib.

Zərifə Əliyevanın oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. Ötən əsrin 30-40-cı illərindən etibarən Azərbaycanda yayılan və 50-ci illərdə də davam edən traxoma xəstəliyinin qarşısının alınması məhz onun adı ilə bağlıdır.

Zərifə xanım kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəllifidir. Dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə Əliyeva yazmışdı.

Onun yazdığı 12 monoqrafiya, oftalmologiyaya dair dərs vəsaitləri, 150-yə yaxın elmi iş, 1 ixtira tibb tariximizə verilən ərməğandır. Moskva oftalmoloji məktəbi Zərifə xanımı "oftalmologiyanın mirvarisi" adlandırırdı.

Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım novator alim idi. O, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılmasına xüsusi diqqət yetirirdi. Bu gün Azərbaycanın göz həkimlərinin bir çoxu onun açdığı cığırlarla gedərək, dünya şöhrəti qazanıb. 

Zərifə xanım Əliyeva 1983-cü ildə alınan nəticələrin səhiyyə praktikasında geniş tətbiqinə görə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilib. O, Azərbaycan oftalmoloqları arasında Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş ilk oftalmoloqdur.

 Zərifə Əliyeva SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini,  respublika "Bilik" Cəmiyyəti İdarə Heyətinin, keçmiş SSRİ-nin Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin, həmçinin Moskvada çıxan "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin üzvü vəzifələrini də layiqincə daşıyıb.

“Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib.

Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər. Onlar bu əhval-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar. Ona görə də bu gün bizim üçün müqəddəs gündür...
Bu gün xoşbəxt gündür. Çünki bu gün Zərifə xanım kimi böyük bir insan Yer üzünə gəlib, mənim həyatımı xoşbəxt edib, mənə gözəl övladlar bəxş edib”.

Bu fikirləri mərhum Prezidentimiz Heydər Əliyev 1995-ci ildə aprelin 28-də çıxışı zamanı söyləmişdi. 

Zərifə xanımın həyatını və yaradıcılığını ən dəqiq Heydər Əliyev qiymətləndirə bilərdi və onun ömür yoldaşına verdiyi qiymət çox yüksək idi.

Zərifə Əliyeva 1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edib. 

İnsanlara nur paylayan bu gözəl insanın, əziz ananın xatirəsi hər bir azərbaycanlı üçün əzizdir. Ondan geriyə qalan çox şey var, saysız – hesabsız elmi işlər, dərdlərinə dərman olduğu minlərlə insanın xeyir – duası, bitməz - tükənməz sevgi və nur seli.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16314
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar